Modern.az

Tillersonun Türkiyə səfəri – Ankara Vaşinqtonla dil tapa biləcəkmi?

Tillersonun Türkiyə səfəri – Ankara Vaşinqtonla dil tapa biləcəkmi?

29 Mart 2017, 18:07

Martın 30-da ABŞ Dövlət katibi Reks Tillerson Türkiyəyə rəsmi səfər edəcək. Çoxdan planlaşdırılan səfər zamanı ikitərəfli münasibətlərlə yanaşı, regionda baş verən hadisələrin, xüsusən, Suriya münaqişəsinin müzakirə olunması gözlənilir. Martın 30-da Ankarada prezident Rəcəb Tayyip Ərdoğanla görüşəcək Tillerson ayın 31-də Brüsselə səfər edərək NATO-nun mənzil qərargahında danışıqlar aparacaq.

 

Dövlət Departamenti Tillersonun səfəri ilə bağlı verdiyi rəsmi açıqlamada əsas müzakirələrin Suriyadakı atəşkəs rejimi ilə bağlı olduğunu dilə gətirmişdi.

 

“Biz Ankaranın Moskva ilə Astanada müzakirə etdiyi atəşkəs rejiminin qorunması mexanizmini gözdən keçirməyə hazırlaşırıq. Türkiyənin regional stabillik üçün önəmli oyunçu olduğunu qəbul edərək İŞİD-ə qarşı İraq və Suriyada kampaniyamızın irəliləməsi yollarını müzakirə etmişik”.

 

Şübhəsiz ki, Rəcəb Tayyip Ərdoğan ABŞ rəsmilərindən Rakkanın alınması əməliyyatına cəlb olunmuş və əsasını kürd döyüşçüləri təşkil edən Demokratik Qüvvələrin fəaliyyəti barədə məlumat istəyəcək. Sirr deyil ki, Ankara Suriyada kürd amilinin güclənməsini və YPG daxil olmaqla silahlı dəstələrin İŞİD-dən azad edilmiş ərazilərdə kürdlərin nüfuzunun artmasından narahatdır. ABŞ-ın kürdlərə tam dəstək verməsi və onları silahlandırması, təlim keçməsi həmişə Rəcəb Tayyip Ərdoğan hökumətinin narazılığı ilə müşahidə olunurdu.

 

ABŞ isə Suriya məsələsində Rusiya-Türkiyə yaxınlaşmasını qısqanclıqla izləyir və Tillersonun səfəri bu baxımdan çox önəmlidir.

 

“Biz Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla birgə çalışmalıyıq. Türkiyə NATO-da bizim köhnə dostlarımızdan biridir. Onlar regionda bizim yoxluğumuzdan narahatdır və üzlərini buna görə Rusiyaya çeviriblər. Rusiyanın daimi müttəfiq olmadığını göstərməliyik. ABŞ Türkiyənin müttəfiqidir”.

Reks Tillerson bu sözləri yanvarda Konqresdə çıxışı zamanı demişdi. Bu çıxış Tramp administrasiyasının Türkiyə və digər region ölkələri ilə münasibətdə daha aktiv rol oynamağa və Suriya münaqişəsində üstünlüyü Rusiyaya verməmək niyyətlərini ortaya qoyur.

 

 

Vüqar İSMAYILOV

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır