Modern.az

Ermənistan 4 tərəfdən hücuma keçdi, Surət qoşunu Gəncəyə qaytardı, Rəhim oyun oynadı, Kəlbəcər işğal edildi - ŞAHİD DANIŞIR

Ermənistan 4 tərəfdən hücuma keçdi, Surət qoşunu Gəncəyə qaytardı, Rəhim oyun oynadı, Kəlbəcər işğal edildi - ŞAHİD DANIŞIR

30 Mart 2017, 09:30

Aprelin 2-də Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunmasının 24-cü ili tamam olacaq.

1993-cü ilaprelin 2-də Kəlbəcər, 1936 kvadratkilometr ərazisi olan bir rayon düşmən tərəfindən işğal olundu. 

70 minə yaxın əhalisi məcburi köçkün olaraq Azərbaycanın 59 rayonuna səpələnib. 

Kəlbəcərin işğalı zamanı 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb, girov götürülüb, Azərbaycana 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. 

Ermənistan hərbi birləşmələrinin  Rusiyanın köməyi ilə 993-cü il martın 27-də həm Ermənistan, həm də işğal olunmuş Ağdərə rayonu istiqamətindən başlayan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb.

 

Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-ə yaxın kənd, minlərlə tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevirilib.

Kəlbəcərin itirilməsi Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla da, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.


Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib.

Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Modern.az saytı Kəlbəcərin növbəti işğal ildönümü ilə bağlı silsilə yazılar təqdim edir.

İşğal ərəfəsi günlərdə rayonda ictimai, siyasi, sosial, psixoloji, hərbi vəziyyət necə idi?..

Budəfəki müsahibimiz Kəlbəcərin müdafiəsində iştirak etmiş təqaüddə olan zabit Akif Kamalovdur.  O, 1993-cü ilin 30 martını ürək ağrısı ilə xatırlayır. 

 

Kəlbəcərin müdafiəsi üçün səfərbər olmuşduq

 

- 1993-cü ilin 30 martına qədər artıq ermənilər Kəlbəcərdə kiçik hücuma başlamışdılar. Amma, bu hücumlar birtərəfli deyildi.  Həm Ağdərə, həm Laçın, həm Qarabağ, həm də Ermənistan tərəfdən hücum edirdilər. Yeganə olaraq Kəlbəcər üçün Murovdağ silsiləsi  boş qalmışdı. Murovdağ silsiləsi  də dağ yolu olduğundan demək olar ki, gediş-gəliş yox idi.  

Ermənilər Ağdərə tərəfdən Kəlbəcərin kəndlərinə hücum edərək, həmin əraziləri ələ keçirmişdilər. Üstəlik Laçın tərəfdən də hərbi hissələrimizə qarşı hücumlara başlamışdılar.

Təbii ki, gücümüz və imkanımız daxilində Kəlbəcərin müdafiəsi üçün səfərbər olaraq mövqelərimizi gücləndirmişdik. 

 

“2-3 topumuz və minaatanımız qalmışdı”

 

Keçmiş döyüşçü deyir ki, ağır silahlarla təchiz olunan Ermənistanın qarşısında heç nə edə bilməyiblər. 

- Həmin vaxt 705 saylı hərbi hissənin bölük komandiri idim. Yuxarı komandanlıqdan bizə mövqelərimizi möhkəmləndirmək tapşırılırdı. Mülki əhali arasında qorxu və təhlükə yaranmışdı. Çünki Ermənistan qoşunları hücumlarını 4 tərəfdən həyata keçirirdi. Təxminən 400-450 nəfərlik tabor olaraq Ermənistanla sərhəd əraziləri qorumaq iqtidarında deyildik.

Çünki ermənilərlə nisbətdə döyüş texnikamız yox səviyyəsində idi. 2-3 topumuz, 2-3 minaatanımız və kiçik çaplı silahlarımız qalmışdı. Ruh yüksəkliyi ilə hərbçi yoldaşlarla birgə döyüşləri təşkil etsək də, ağır silahlarla təchiz olunan Ermənistanın qarşısında heç nə edə bilmədik.

 

Surət Hüseynovun rəhbərlik etdiyi ordu niyə geri çəkildi?

 

Akif Kamalovun sözlərinə görə, ordu hissələrinin Ağdərədən geri çəkilməsi Kəlbəcərin işğalını sürətləndirdi. 

- Kəlbəcərin itirilməsi qəfil baş verən işğal prosesi deyildi. Bildiyiniz kimi, 1992-ci ilin 8 aprelində Ağdaban hadisələri baş vermişdi. 1992-ci ildə Kəlbəcərin müdafiəsi qismində xeyli uğurlu əməliyyatlar aparmışdıq. Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlanan ərazinin yarısı bizdə idi. Daha sonra isə Surət Hüseynovun komandanlığı altında olan hərbi hissələr Ağdərə ərazisindən geri çəkildilər. Ermənilər 3 gün ərzində döyüş zolağı olan Ağdərəni yenidən işğal etdilər. Bu zaman demək olar ki, Kəlbəcərin Azərbaycanla əlaqəsi tam kəsildi. Bircə Murovdağ silsiləsi qalmışdı. Qışda isə Murovdan keçmək mümkünsüz idi.

Bununla da ermənilər yavaş-yavaş Kəlbəcərə tərəf istiqamət aldılar. Döyüş briqadalarının, döyüş aparan hərbi hissələrin Ağdərədən geri çəkilməsi Kəlbəcəri çətin duruma saldı. O zaman Laçın rayonunun bəzi kəndləri işğaldan azad edilmişdi.

Kəlbəcərin işğal olunmasının əsas səbəbi ermənilərin və onlara havadarlıq edən rus qoşunlarının qarşısında gücümüzün istənilən səviyyədə olmaması ilə bağlı idi. Surət Hüseynovun komandanlığı altında olan böyük hərbi ordu Ağdərəni tərk edib Gəncədə məskən saldı. Bununla da Ağdərə döyüşsüz ermənilərə verildi.

 

General Nəcməddin Sadıqovun Kəlbəcərə uğursuz səfərinin detalları

 

Keçmiş döyüşçü bildirir ki, o zamankı müdafiə naziri “adı var, özü yox” təsiri bağışlayırdı. Xüsusilə Rəhim Qazıyev rayonların işğal edilməsində Sürət Hüseynovla əlbir idi.

 

- Kəlbəcərin işğalı zamanı müdafiə naziri general Dadaş Rzayev idi. Dadaş Rzayev müdafiə naziri olmasına baxmayaraq, Kəlbəcərin işğalı ərəfəsində kəlbəcərlilərlə heç bir görüş həyata keçirməmişdi.

O zaman hərbi hissənin komandiri Zaur Rzayev bir neçə dəfə Kəlbəcərə gəldi. O da bizə birbaşa komanda vermək səlahiyyətində deyildi.

Kəlbəcərin işğalı ərəfəsində general Nəcməddin Sadıqov da martın 30-u rayona gəlmişdi. O da hərbi hissələrin komandirlərini bir yerə toplamaq əvəzinə, sıravi əsgərlə serjant kimi rəftar edirdi.

Serjantın vəzifəsi üzünü əsgərə tutub “haydı, döyüşə gedirik” deməkdir. General Nəcməddin Sadıqov isə gəlib tağım komandirinin, serjantın işini həyata keçirirdi. Hər halda, general kimi komanda verməli idi.

Döyüş aparan ordu heç zaman nizami ordu sırasında olmur. Döyüş aparan ordunun itkiləri və çatışmayan halları çox olur.  Baxmayaraq ki, mövqelərimiz bir-bir əldən gedirdi, amma biz sonuna qədər döyüşürdük. Texnikamız məhdud sayda olsa da, gücümüzü əsirgəmirdik. Ermənilər arasında da xeyli itkilər olurdu. Kəlbəcərin işğalı zamanı ermənilər çoxlu sayda itki verib. Axırıncı gün 15 nəfər hərbçi ilə Kəlbəcər şəhərini biz tərk etmişik. Mülki əhalinin çıxarılmasında yaxından iştirak etmişik. 2000-ə yaxın adam vardı ki, onları hava limanına qədər apardıq. Guya vertolyot gəlməli idi. Təəssüf ki, o da gəlmədi. Həmin döyüşlər zamanı 4 şəhid verdik.

 

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?