Modern.az

“Banklar haqqında” qanun dəyişir: Palata sədri təfərrüatları AÇIQLADI

“Banklar haqqında” qanun dəyişir: Palata sədri təfərrüatları AÇIQLADI

İqtisadiyyat

30 Mart 2017, 12:21

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Banklar haqqında”qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirə olunub.

 

Modern.az xəbər verir ki, iclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, qanunun mahiyyəti ödəmə qabiliyyətini itrmiş bankların problemlərinin həll edilməsi üçün qanuni bazanın yaradılmasıdır.

Onun sözlərinə görə, problemlərin həlli yolları qanunda müəyyən edilməlidir.

“Hazırda cəmi iki qayda var. Bunlardan birincisi, səhmdarların əlavə vəsait qoymasıdır. İkincisi isə, sistem əhəmiyyətli banklara dövlət tərəfindən dəstəyin verilməsidir. Lakin burada da kifayət qədər məqbul alətlər yox idi. Ona görə yeni alətlər təklif etmişik. Birincisi, bankın öhdəliklərini könüllü restrukturizasiyasıdır.

Bu, bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların məcmusudur.

 

Bundan başqa, qanun layihəsi bankların geniş rezolyusiyasını nəzərdə tutur. Rezolyusiya ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, təxirə salınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə bu qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılmasıdır.

 

Həmçinin  digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülüməsi, körpü bankın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktiv və öhdəliklərini körpü banka köçürülməsi və körpü bankın investora satılması üzrə həyatakeçririlən tədbirlər, habelə ödəmə qabiliyyətini itirmiş bankın ləğv edilməsidir”.

 

Rüfət Aslanlı qeyd edib ki, qanun layihəsinin üzərində 1 il iş gedib. O, rezolyusiya haqqında məlumat verib.

“Rezolyusiya müəyyən məsələyə yeni həll tapmaq deməkdir. Rezolyusiya artıq könüllü deyil, icbari sağlamlaşdırmanı nəzərdə tutur. Bunun üçün bir neçə vasitəsi var. Bank səhmdarlarının, idarə edilməsində iştirak etmiş inzibatçıların, rəhbərlərin depozitlərinin icbari qaydada kapitala tranformasiya edilməsi, səhmlərin icbari satılması bazardan kənardan əlavə kapitalın cəlb olunması və aktiv, öhdəliklərin birlikdə yaxud ayrılıqda digər investorlara satılmaqla banka əlavə maliyyə tapılması nəzərdə tutulur. Bütövlükdə digər banka satılması kimi alətlər var.

 

Körpü bankı vasitəsilə aktiv və öhdəliklərini tənzimlənməsi vasitələri var. Körpü bankı tənzimləyici tərəfindən qısa müddətə yaradılır. Əlavə kapital səhmdar tələbi yoxdur. Palata körpü bankın təsiçisi və yeganə səhmdarı hesab olunur. Bundan başqa, sistem əhəmiyyətli bankların sağlamlaşdırılması prosedurlarının yeni təkliflərlə təkmilləşdirilməsini daha təfərrüatla təklif etmişik. Dəyişiklik sistem əhəmiyyətli bankların sağlamlaşdırılması tədbirləri üçün daha geniş alətlər nəzərdə tutur. Bu gün nəzərdə tutulub ki, aktiv və öhdəlikləri birlikdə satılmalıdır. Bu isə bəzən lazımsız olur. Dünyada təbiq olunan yeni alətlər təkliflərdə əks olunub”.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi