Modern.az

Qanun layihəsi Milli Məclisdə etiraza səbəb oldu: “Bu, bir il haradan götürüldü?”

Qanun layihəsi Milli Məclisdə etiraza səbəb oldu: “Bu, bir il haradan götürüldü?”

30 Mart 2017, 12:28

““Banklar haqqında” qanuna edilən dəyişiklik çox böyük dəyişiklikdir. Çox təəssüflər olsun ki, yenə də biz bu qanunu tələm-tələsik müzakirəyə çıxarmışıq. Şöbə bu məsələ ilə bağlı bizə məlumat verməliydi və biz analiz aparmalıydıq. Amma indi biz məcbur olub, internetdə bununla,bağlı məlumatlar əldə etmişik”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

 

Komitə üzvü bildirib ki, “Banklar haqqında” qanun müasir tələblərə cavab verən bir qanundur.

 

“Amma indi cənab prezidentin qeyd etdiyi kimi 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən çox ziyanı banklar vurub. Bu hazırda da davam edir”. Deputat deyib ki, komitənin bugünkü iclasında bir sıra məsələlər var ki, müəyyən suallar doğurur.

 

“Birincisi Mülki Məcəlləyə dəyişiklik zamanı audit komissiyasının yaradılmasını təklif edirik. Azərbaycanda Audit və Auditlər Palatası var. Banklara əlavə bu yükün verilməsi nə ilə əlaqədardır? Biz İnzibati Prosessual Məcəllədə dəyişiklik edirik. 92.1-ci maddədə göstəririk ki, məhkəmə bu qərarları ləğv edə bilməz. Niyə? Məhkəmədən yuxarı instansiya yoxdur. Belə çıxır ki, əgər məhkəmə bu qərarı ləğv edə bilməzsə, demək Maliyyə Bazarlarına Nəzarət Palatasının statusu məhkəmədən böyükdür. Bu nə qədər qanuna uyğundur? Buna aydınlıq gətirmək lazımdır. Bir də müvəqqəti inzibatçı ilə məsələdə fikirlərimi bildirmək istəyirəm.

 

Biz inzibatçıya 1 ilə yaxın vaxt veririk. Əvvəl 9 ay, əgər bu vaxt çatmasa Maliyyə Bazarlarına Nəzarət Palatası bu müddəti 3 ay artıra bilər. Bir il çox böyük müddətdir. Yəni banklarda 1 il müddətində müəyyən əməluyyatlar aparmaq üçün bu, çox böyük müddətdir. Niyə 1 il? Bu bir il haradan götürülüb?"

 

Deputat onu da bildirib ki, körpü bankların yaradılması müəyyən qədər sual doğuran məsələdir.

 

“Məgər körpü banklar yaradılmasaydı, o banklarda restuviksassiya aparmaq mümkün deyildi? “Banklar haqqında” qanunda həmin o maddələr var. O maddələrə baxa bilərsiniz. Körpü banklar yaradılmadan da bu işləri aparmaq mümkündür”.

 

Deputat qedy edib ki, körpü bankların yaradılması əlavə bir səlahiyyətin mənimsənilməsidir.

“Buna aydınlıqlar gətirmək lazımdır. Bu gün “Banklar haqqında” qanun mane olur ki, banklar öhdəliklərini restuviksassiya etsinlər. Banklar istənilən vaxt restuviksassiya edə bilərlər.

 

Alıcılarının və satıcılarının bütün müqavilələrinə baxa bilərlər. Burada heç bir problem yoxdur. Ümumi götürdükdə isə deyə bilərəm ki, “Banklar haqqında” qanunu müsbət qiymətləndirirəm. Bunu bankların sağlamlaşdırılması üçün atılan addımlardan biridir. Mən fikir verirəm bu qanun beynəlxalq maliyyə qurumları ilə işlənmiş qanundur. Ona görə də bunu qəbul etmək olar”. 

 

Mirmahmud Kazımoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...