Modern.az

Atalar və oğullar - Fərman Kərimzadənin övladı: "Atama Brejnevin qızı kömək etdi"

Atalar və oğullar - Fərman Kərimzadənin övladı: "Atama Brejnevin qızı kömək etdi"

30 Mart 2017, 13:29

Yeganə Kərimzadə: "Anama demişdi ki, məni tutsalar, özümü öldürəcəyəm”


Modern.az
 saytının “Atalar və oğullar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Həmçinin, dünyasını dəyişən məşhur atalar barəsində də övladları danışır, onların portretini gözümüz önündə canlandırır.

Bu dəfə çağdaş Azərbaycan nəsrinin ən parlaq simalarından olan, tarixi romanlar ustası Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə atası haqqında xatirələrini danışıb, ürək sözlərini sizinlə bölüşəcək. Yeri gəlmişkən, layihəmizin adı “Atalar və oğullar” olsa da, bu, ümumi övladları ehtiva edir. Yəni qızlar da bu layihədə ataları haqqında danışa bilərlər. Yeganə xanım kimi. Gəlin, onu dinləyək:

 

Vətən həsrətli gözlər

-Dünyanı, atamı tanıyalı onun söhbətlərində, nağıllarında bir həsrət, nisgil gördüm. Sonra o həsrəti gözlərində tapdım. Atam başdan-ayağa Vətən həsrətiylə yaşayan biriydi, güləndə belə, gözlərində kədər olardı. Bunu hiss etmək nə qədər ağır idi.

Vaxtsız yağan qar

-O, 12 yaşında didərginlik həyatı yaşamışdı. Elindən-obasından güclə qoparılmış minlərlə insanlardan biri idi. Danışırdı ki, bizi eşalonlara doldurub, harasa yola saldılar, getdiyimiz yeri bilmirdik, yalnız yaşlıların təxminləri vardı. Arada eşalonları saxlayıb, ordakı ölüləri çıxarırdılar. O vaxt atam deyirdi, tanımadığı yerlərə diqqətlə baxıb, yaddaşına yazırmış həmin məkanları. Yiyəsiz-sahibsiz çöllüklərə atılan yurddaşlarımızın meyitləri qəbirlərə həsrət qaldı… Stalin siyasəti, 1948-53-cü ildəki köçürmələr atamın saçlarına vaxtından əvvəl dən salmışdı.

“Axırıncı aşırım”ın Xəlili - atamın dayısı

 

-Anası Qəmər xanım daim dilinin altında bayatılar deyərdi. Hətta bir dəfə atama dedim:

-Nənəm sakit mahnı oxuyur?

Atam:-Yox, qardaşı Xəlilə bayatılar deyir.

Xəlil Abbasqulu bəy Şadlinskinin yaxın dostu, silahdaşıydı."Axırıncı aşırım" filmindən bu surəti yaxşı tanıyırıq.

 

Qəbirləri Qərbi Azərbaycanda qalmışdı. Atamın “Sarı dolama” şeiri də o yurdda qalan əzizlərinə ithaf olunmuşdu:


Hanı qəbirlərin, Sarı dolama?

Onlar ki, əbədi yatmalıydılar.

İgid yuxumuzda minib atlara,

İqlimdən-iqlimə çapmalıydılar...

 

Həsrət, dərd dolu şeirdi. Hərdən mənə elə gəlir ki, atam özü həsrətdən yoğrulmuşdu. Əbədiləşdirmişdi gözündə, üzündə yurd həsrətini…

 

Atam yaddaşıma nə vaxt yazıldı, onu nə vaxt tanıdım?



Atamın dostları

-İndiki Beyləqan o vaxtkı Jdanov rayonu… Atam qəzetdə, anam Xalidə xanım xəstəxanada işləyirdi… Evin böyük uşağı mən, məndən iki yaş kiçik - daim ağlayan bacım Sevinc, doğulacaq qardaşım Əzizə hamilə olan anam, daim yazan atam… Bir də ucaboylu ağsaçlı çox nurani simalı babam İsmayıl Şeyx Əli oğlu… Radioda İslam Rzayev "Əziz dostum"u oxuyur… Babam arada başını yelləyir, atam əlində qələm harasa məchul nöqtəyə baxır… Nədənsə Sevinc ağlamır… Anam yaylığını qarnının üstünə çəkib, otaqdan çıxır… Bu an danışmaq xatirinə danışıram, bəlkə də sümüklərimizə qədər işləyən musiqinin təsirində uşaq ağlımla qaçmaq istəyirəm:

-Ata, o pəncərədəki quşun adı nədi?

-Sərçə.

-Rəngi nədi?

-Boz.

-Ata...

-Qızım, bilirsən dost nə deməkdir?

Başımı yırğalayıram… Əllərimə baxıram və onları göstərirəm:

-Bunlar?

O vaxt uşaq ağlımla məhz insanın dostunun yalnız əlləri ola biləcəyini düşünürdüm. İndiki ağlımla da bu qənaətdəyəm. Atamın əlləri, zəkası, bizi böyütdü, təhsil verdi.

-Qulaq as qızım...

Hələ də o mahnını eşidəndə ağlayıram. O mənzərə əbədi gözlərim önündədi.

-Dost bilirsən nədi?

Atam üçün dost qardaşdan, sirdaşdan öncə gəlirdi. Dost can idi, nəfəs idi. Dost dost idi...

 

 …Və saysız-hesabsız evləri

 

-O Azərbaycanı qarış-qarış gəzərdi. Hər eldə-obada dost-tanışı vardı. Hara getsək, onu məcburən süfrələrinin başına çəkər, evlərində qalması üçün dil tökərdilər. Hər yer onun evi idi.

 

Bu insan heç kimdən küsməz, qeybət bilməz, baxdığı televiziya verilişi “Zaman” xəbərlər proqramı olardı. Bizi - 4 övladını da baxmağa məcbur edərdi. Yazmadığı vaxtlarda kitablar oxuyardı. Salnamələri sevərdi. Dünya kitabxanalarından sifarişlər edərdi. Ona qalaq-qalaq kitablar göndərərdilər. Hərdən günlərlə yağlı boya ilə şəkil çəkərdi.

“Paralel dünyada” olarkən

 

-Əsərlərini yazanda isə onu tanımaq olmurdu. Əgər əsər Yaradıcılıq Evində yox, evdə yazılırdısa, ev sükuta qərq olurdu. Buna alışmışdıq. Əslində o zamanlar o, bu dünyada olmurdu. Biz övladları bir an da olsa, onu öz dünyasından ayırmazdıq. Anam tez tez-çayını ayaqlarının ucunda yazı otağına aparar, çox vaxt çaylar soyuyub buza dönmüş vəziyyətdə geri qayıdardı. Biz bacılar növbəylə içməsə belə, çayı yenidən təzələyib yanına qoyardıq. İçilən çay görəndə sevincimizdən uçardıq.


Göz nuru çörəyi, sevgi yeməyi


-"Xudafərin körpüsü" romanını yazırdı. Artıq üç gün olardı yatmırdı. Səhər tezdən işə gedirdim. Astaca otağına çay, qəlyanaltı gətirdim. Övladıydım, ürəyim dözmədi:

-Ata, bunlara da bax da arada,- dedim.

Atam bir anlıq gözlərini qaldırıb, üzümə baxdı. Gözləri qan rəngindəydi. O məni eşitməmişdi. Sadəcə, harasa baxmışdı. Otağından ağlaya-ağlaya çıxdım. O bizi gözünün nuruyla böyütmüşdü.

 

Heç yadımdan çıxmaz. Bir dəfə ona dəqiq bilmirəm, hansı rayondasa "Bağır beyni" deyilən çox qədim Azərbaycan yeməyi bişirmişdilər. Həmin yeməkdən əsərində də yazıb. Şah yeməyi imiş. Qoyunun beyni, ciyəri, qoz və quyruqdan hazırlanır. O yeməyi onun yoluna qoymuşdular. Yeməyib, bizə gətirmişdi. Onun gətirdiyi qoyun cəmdəyi, mer-meyvə yox, məhz balaca şüşə qabdakı yemək hər yadıma düşəndə göz yaşlarımı saxlaya bilmirəm...

Yaddaş ağrıları üçün “Yasin”

-Bilirsiniz, onun qəribə adəti vardı. Yol kənarlarında tanımadığı yerlərdə Yasin oxutdurardı. Əvvəldə də demişdim, yeri-yurdu məlum olmayan, qəbrə həsrət yurddaşları üçün.

 

Brejnevin qızı

 

-"Axırıncı aşırım" filminini Moskvaya təsdiqə aparanda məni də özüylə aparmışdı. Saatlarla “Ostonkino”nun qarşısında atamı gözləyirdim. O, gah gülə-gülə gəlir, gah əsəbi olurdu. Nəhayət, Brejnevin qızı Qalina işə qarışandan sonra film təsdiq olundu. Qalina özü atama qonaqlıq verdi. Hamı yeyib-içirdi. Mənə isə süd verib, öz yatağına uzatdı Qalina Brejneva. “Mı do utra budem pit, a tı yeşyo rebyonok spi”, deyib, bir “mışka” şokaladı da verib, məni yatırtdı.

Rəhmətlik anama danışmamışdım bu detalları. Çox qısqanc idi.

Amma səhərisi….

 

-Səhərisi atamla qaldığımız mehmanxanaya gəldik. Atam o vaxta kimi içən deyildi. Təzyiqi qalxdı. Mən körpə uşaq, dördüncü sinifdə oxuyurdum. Özümü itirmədim və onda ilk dəfə atama görə dua etdim ki, ona bir şey olmasın. Bir də rus dilini ana dilim kimi bildiyimə görə kimə minnətdar olacağımı bilmədən mehmanxananın vestübülünə düşüb, atama həkim çağırmaqlarını xahiş etdim.

Onda da indi də rusların bizi sevmədiyinin şahidi oldum. Mənə uzaqdan görünən nəməlum səmti göstərib, “vot poliklinika”, dedilər. Ağlaya-ağlaya poliklinikanı axtarırdım. Birdən özümü iri çobanyastıqlarıyla əhatələnmiş talada gördüm. Güllər məndən ucaydı.. Qorxdum...
“Alisa möcüzələr diyarında” əsərini yeni oxumuşdum və mənə elə gəldi həmin diyara düşmüşəm. Arxama baxmadan qaçıb, axır ki, poliklinikanı tapdım, ağsaçlı yaşlı həkimə olanları danışdım. O, əlimdən tutub məni yenidən mehmanxanaya qaytardı. Təcili yardım çağırdı. Saatlarla mənimlə birgə atamın yanında oturdu. Axır ki, atam ayıldı. Gözü məni axtardı. Bu dəfə həsrətlə və onu itirmək qorxusuyla  atama baxdım. Yaşlı həkim olanları atama danışdı. Atam gülümsədi.

-Məni sən qurtardın?

 


Vətən səmasındakı qartal

-Qızlarına “anam”, “bacım” deyərdi, oğluna “atam”. Balalarıyla, Vətəniylə, Vətənsizliyi ilə bütöv idi atam.

Son əsəri "Qoca qartalın ölümü" əsərində belə bir cümlə var. "Kim qoca qartalın ölümünü görüb? Məncə, heç kim, çünki qoca qartal ölümün yaxınlaşdığını biləndə hündür zirvəyə qalxıb, ordan üzü aşağıya şığıyır, bu vaxt cavan qartallar onu havadaca parçalayırlar...".

Atam qoca qartal deyildi, qartaldı mənim üçün daim Vətəninin üzərindən süzüb, onu qoruyan qartal...

 

Həyata keçməyən arzular

 

-Həyata keçməyən çox arzuları yarımçıq qaldı. Birinci nakam arzusu Jdanov rayonuna Beyləqan adının verilməsi idi. Bunun üçün çox zəhmət çəkdi. O, rəhmətə gedəndən bir gün, ya bir neçə gün sonra Jdanov Beyləqan oldu.

Ən böyük arzusu yeganə oğlu Əzizin toyunda dəvətnamə paylamaq yox, el-el gəzib toya hər eldən bir sənətkar gətirmək, bir də dostlarını başına, el şənliyinə yığmaq idi. Olmadı. Əziz də atamdan sonra evlənmək haqqında düşünmək belə, istəmədi. Axır ki, mən bacısı məcburi, atamın arsusu kimi adi-sadə bir ailənin gözəl balasını seçdim - atamın qohumlarından idilər. İnanıram, özü sağ olsaydı, bunu çox bəyənərdi. İndi Fərman Kərimzadənin adını daşıyan nəvəsi var. O da kiçik hekayələr yazır. Maraqlı oğlandı.

 

Bir də ən əsası Vətən dərdi. O da dərd olaraq hələ də qalır.

 

Yaddan çıxmayan öyüd

 

-Mənə yazdığı "Xudafərin körpüsü" romanına avtoqrafı -  ən böyük öyüd odur mənim üçün:


"Gözəl qızım Yeganə, bu əsəri oxu. Ordakı əxlaqı qoruyub, saxlamağa çalış. Nə qədər bu kitabdakı ata öyüd-nəsihətinə əməl etdinsə, onda mən atan Fərman, bir də Azərbaycan var sənin üçün"...

 

Ömrün son günləri

 

-Son günlərində çox dalğın, eyni zamanda hərəkətdəydi. Evdə tapılmırdı. Günlərlə bölgələrdə olurdu. Moskvaya bir qrup ziyalı, əmək veteranı, 1988-ci il hadisələrinin şahidlərini aparmışdı. Moskvada yuxarı təbəqələrdə səsimizi eşitdirməyə çalışmışdı. Kremldə ona “usatıy pisatel” (bığlı yazıçı) adı vermişdilər.

 

Vediyə gedib, camaatın köçürülməsində yaxından köməklik edirdi. Onların qayda-qanunla yerləşdirilməsinə nəzarət edirdi. Özləri zamanında başıpozuqluqdan əzizlərini itirmişdilər. Düz qırx il sonra əmisi qızlarını Naxçıvandan tapmışdı. İstəmirdi ki, indi  başqaları həmin aqibəti yaşasın.

 

“Amma onu təqib edirdilər”

 

-Bütün bunlara baxmayaraq, onu təqib edirdilər. Cəbrayıl rayonunda milislər evdən çıxarmağa cəhd eləsələr də, ev sahibi onu maşınıyla milislərin əlindən alıb qaçırmışdı.

Evdə anama demişdi ki, “məni tutsalar qorxma balalarıma başıaşağılıq gətirməməmk üçün özümü öldürəcəm. Sən möhkəm dayan”.

Çox ağrılı günlər yaşayırdıq. Evdən pal-paltar, yorğan-döşək yığıb, camaata aparırdı. Dost-tanışa da demişdik, hamı didərginlərə yardım edirdi. Qardaşımla mən maşınlarla atam  dediyi ünvanlara ərzaq, paltar göndərirdik. Pul yollayırdıq.

O, son tikəsini bölən adam idi.

 

Epiloq, yaxud, “Gerçəkləşən son arzu”

 

-Bir söz vardı dilində onu çox deyərdi: "El içində, öl içində". O, arzusuna çatdı. Yalnız o arzusu ürəyində qalmadı.

Bir vaxt atamla Vedidə olanda ordan daşlar yığmışdım Vedi çayının sahilindən. O daşları qəbrinin ayaq tərəfinə basdırdım.

 

E.Nazimoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir