28 aprel 2017, Cümə
Ana Səhifə - MEDİA - Ölkə.az-ın baş redaktoru: “Xəbərçiliyimizin keyfiyyəti aşağı düşüb” - MÜSAHİBƏ
Ölkə.az-ın baş redaktoru: “Xəbərçiliyimizin keyfiyyəti aşağı düşüb” - MÜSAHİBƏ
30.03.2017, 15:24

Məmməd Gülməmmədov - gənc media rəhbərlərindəndir.  2014-cü ilin ortalarında yaratdığı Ölkə.az saytı fəaliyyət göstərdiyi qısa müddətdə media bazarında tanınmağı bacarıb. Sözsüz ki, qazanılan bu uğurda baş redaktorun xüsusi payı var.

Modern.az saytı Ölkə.az-ın baş redaktoru Məmməd Gülməmmədovla müsahibəni təqdim edir.
 

-Məmməd bəy, bir KİV rəhbəri olaraq internet mediasının fəaliyyətini necə dəyərləndirirsiniz?
 

-Azərbaycanda internet mediası heç inkişaf etmir desəm, bir az haqsızlıq etmiş olaram. Lakin mediamız dünyanın inkişaf tendensiyası ilə müqayisədə ciddi şəkildə geri qalır. Düzdür, Azərbaycanda onlayn media qurumlarının sayı hər gün artır. 10-15 il bundan öncə ilə bugünkü durum arasında kəmiyyət baxımından bir xeyli fərq olsa da, keyfiyyət baxımından təsviri rakursla baxası olsaq, bu görüntü bizə xoş heç nə vəd etmir. İnformasiya texnologiyalarının inkişafı bizə daha çevik, operativ olmaq imkanı yaradıb, ancaq bununla xəbərçiliyimizin keyfiyyəti aşağı düşüb. Mən yerli məkanda çoxsaylı internet saytlarının yaradılmasını alqışlayanlardanam. Bu, əslində pis hal deyil. Çünki bu minvalla xəbərçiliyin genişlənməsi, bu sahənin tərəqqisi mümkündür. Çoxsaylı xəbər resursları olmadan onlayn media sektoru inkişaf edə bilməz. Ancaq hazırkı vəziyyətdə onlayn saytlar bir çox hallarda bu sahəni başqa məqsədlər üçün meydan hesab edir, jurnalistika sahəsini çirkləndirirlər. Yəni kəmiyyətlə keyfiyyət eyni xətt üzrə artmır. Bunun da əsas səbəblərindən biri Azərbaycanda internet medianın fəaliyyəti haqqında qanunun qəbul edilməməsidir.

-Mediadakı çatışmazlıqları nələrdə görürsünüz?

-Modern dünyada mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi hesab edilir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə, hökumətə inamı, eyni zamanda sosial fəallığı formalaşdırmaqla bərabər, həm də onları istiqamətləndirir. Məhz buna görə KİV dünyada dördüncü hakimiyyət kimi qəbul olunur. Mediamızın çatışmazlığında, bu sahənin inkişafına maneə olan amillər var. İlk olaraq mən Azərbaycan jurnalistikasının maddi təminat və karyera baxımından perspektivli görünməməsini qeyd etmək istərdim. Bununla yanaşı, hazırda peşəkar jurnalist çatışmazlığı, reklam bazarının zəifliyi, hətta deyərdim ki, reklam bazarının inhisarda olması, maliyyə özgürlüyünün olmaması, obyektiv şəkildə reytinqlərin ölçülməməsi kimi faktorlar mühüm rol oynayır.
Hazırda mətbuatdan sui-istifadə halları da bu sahənin inkişafını ləngidir. Jurnalistikamızda qərəzli yazılar, tərəfsizlik, obyektivlik kimi prinsiplərin arxa plana keçirildiyi müşahidə olunur. Sifarişli, “reket” adlandırdığımız məqalələr daha çox gözə çarpır. Cəzasızlıq isə bəzən bu sahəni böhtan, şantaj meydanı kimi göstərir. Bu da öz növbəsində cəmiyyətimizdə jurnalistikaya münasibətin formalaşmasına mənfi təsir edir.
Mediamızın ən böyük çatışmazlığından biri də xəbər istehsalıdır. Bu gün əksər onlayn media orqanları hansısa informasiyanı əldə etmək üçün yox, sadəcə onu başqa bir resursdan əldə edib özünün topladığı oxucusuna çatdırmağa çalışır. Belə olan təqdirdə isə bir neçə mətbu orqanın istehsal etdiyi xəbərləri bütün saytların xəbər lentində görürük. Yəni əksər portallar gün ərzində demək olar ki, eyni xəbərləri tirajlayır. Həmin mətbu orqanların heç bir daxili xəbər siyasəti olmur.
Bu gün domen adı fərqli olan, lakin məzmun baxımından eyni olan onlarla sayt mövcuddur. Bu da mediamızın gələcəyi baxımından bizi düşündürməlidir. Nəzərə alsaq ki, media ictimai rəyə ciddi təsir edən, formalaşdıran, dövlətin siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən bir ictimai institutdur, o zaman bu institutun inkişafı üçün rəngarəngliyin vacibliyinin də fərqində olmalıyıq.
“Copy+Paste” ənənəsi jurnalistikamızın gələcəyini məhv etməkdədir.

-Zamanla diqqət edirik ki, məişət mövzuları medianın gündəmini zəbt edir. Bu cəmiyyətin tələbidir, yoxsa belə gündəmi mətbuat bilərəkdən yaradır?

-Məişət mövzularının, bu tip xəbərlərin mətbuatda tirajlanmasında heç bir qəbahət görmürəm. Lakin burada balans pozulduqda, yəni məişət mövzusunda xəbərlər siyasət, sosial, idman və s. xəbərlərindən daha çox olursa, o zaman düşünməyə dəyər. Azərbaycan ərazi və əhali baxımından o qədər də böyük ölkə olmadığından xəbər qıtlığı onsuz da yaşayırıq. Bununla yanaşı, yuxarıda sadaladığım səbəblərin də mövcudluğu, yəni əksər mətbu orqanlarımızın xəbər istehsalında maraqlı olmaması bəzən məişət xəbərlərinin gözə çarpmasına gətirib çıxarır. Bu nə cəmiyyətin tələbidir, nə də ki belə mövzularla bilərəkdən gündəm yaradılır. Bunun əsas səbəbi ölkədə qeyri-adi nələrinsə baş verməməsidir. Məsələn, manatın devalvasiyası zamanı gündəm iqtisadiyyat olur, yaxud hansısa nazirin işdən çıxarılması zamanı gündəm hansısa məişət mövzusu olmur. Ona görə düşünürəm ki, məişət mövzularının gündəm olmasının yeganə səbəbi gündəmsizlikdir və bu gündəm özlüyündə təsadüfən yaranır.


-Ölkə.az Azərbaycan mediasında hansı yeri tutur?

-Rəhbərlik etdiyim Ölkə.az saytının bir neçə ay sonra 3 yaşı tamam olacaq. Deyərdim ki, bu illər ərzində biz Azərbaycan mətbuatında öz brendimizi yarada bilmişik. İstər reytinq baxımından, istərsə də xəbər istehsalı baxımından portallar arasında ön sıralardayıq. Bunun üçün sözün həqiqi mənasında çox səy göstərmişik, göstəririk. Çalışırıq ki, lentimizdə görünən hər bir xəbərin bir çəkisi olsun. Eyni zamanda müasir texnoloji yenilikləri də daim tətbiq edirik.
 

-Özünüz də gəncsiniz, jurnalistika sahəsində çalışan gəncləri necə dəyərləndirirsiniz?

 -Xüsusən onlayn mediada xeyli sayda gənc çalışır. Bu gənclər arasında yaxşı jurnalistlər də, yaxşı jurnalist olmağa namizədlər də, heç vaxt bu peşəyə yiyələnə bilməyəcək şəxslər də var. Bu sahədə çalışan gənc dostlarımızın çoxunun ən böyük problemi tənbəllikdir. Jurnalist qəti tənbəl olmamalıdır. Hansısa hadisə baş verdikdə harada olmasından asılı olmayaraq olay yerinə getməyə çalışmalıdır. Ancaq təəssüf ki, indi gənc jurnalistlərin bir çoxu gözləyir ki, kimsə hadisə yerinə getsin, bu zəng edib ya ondan məlumat alsın, yaxud da sosial şəbəkədə paylaşılan məlumatdan faydalanaraq xəbər hazırlasın.
Digər tərəfdən, jurnalistika sahəsində çalışan əksər gənclər yazı yaza bilmirlər. Yazdıqları sözlərdə hərf səhvləri buraxmalar bir tərəfə, cümlələrdə belə, ciddi qüsurlar olur. Baxırsan reportaj yazıb, lakin reportajın strukturu yoxdur, dili axıcı deyil, ardıcıllıq gözlənilməyib. Bunun da səbəbi əksər redaksiyalarda peşəkar redaktorların olmamasıdır. Mən onsuz da universitetlərimizdən ümidimi üzmüşəm. Ona görə də jurnalistlərin ancaq və ancaq mətbu orqanlarda yetişəcəyini, peşəkarlaşacağını gözləyirəm.
 

-Sizcə, jurnalistlər Azərbaycanı sərhədlərimizdən kənarda necə təmsil edir?

- Jurnalistika elə bir sahədir ki, burada qanunların icazə verdiyi qədər azad fikirli olmalı, bunu qələminə yansıtmalısan. Azərbaycanı xaricdə təmsil etmək üçün qalstuklu, kostyumlu, məmur tipli jurnalist yox, hər kəsin hörmətlə yanaşacağı, peşəkarlığına inandığı, xarici həmkarlarının yanında nüfuza sahiblənən biri olmaq lazımdır. Yalnız bu halda Azərbaycan sərhədlərindən kənarda ölkəni təmsil etmək lazımdır. Məsələn, yaxşı riyaziyyatçı ola bilərsən, xaricə gedib ölkə adına uğurla çıxış edə bilər, medalla, diplomla qayıda bilərsən. Bu halda sən Azərbaycanı yaxşı təmsil etmiş olarsan. Ancaq jurnalist kimi ölkəni təmsil etmək tamamilə başqa cürdür. Sən orada demokrat, azad düşüncəli olduğunu göstərməli, ölkən haqqında tənqidi fikir səslənilsə, təmkinli və izahlı cavab verə bilməlisən. Gedib orada bağıraraq qayıdıb ölkədə “sözümüzü dedik” demək düzgün deyil. Bu, sadəcə özünüdoyurmadır. Ona görə də ölkəmizi təmsil etmək üçün xaricə göndərilən, gedən jurnalistlər bunu nəzərə almalıdırlar.

 

Qafar Ağayev


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.04.2017, 15:48

XİN-dən Məmmədyarov-Lavrov-Nalbandyan görüşü haqda AÇIQLAMA  

28.04.2017, 15:33

At əti satmaq istəyən daha bir nəfər tutuldu

28.04.2017, 15:24

Zərərçəkmiş: "MTN-də məndən 300 min dollar aldılar"

28.04.2017, 15:20

Vilayət Eyvazov Dağıstanda nazirlərlə görüşdü

28.04.2017, 14:58

Azərbaycanın nazlı komandası - Futbolçu qızların məşqindən REPORTAJ

28.04.2017, 14:44

Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ görüşü başa çatıb - BƏYANAT

28.04.2017, 14:39

Yanukoviçdən müsadirə olunmuş pullar Ukrayna ordusuna sərf olunacaq

28.04.2017, 14:34

Şuşada konsert verən musiqiçilər “qara siyahı”ya salınacaq

28.04.2017, 14:21

UNEC-də Zərifə Əliyeva yad edildi

28.04.2017, 14:00

Sosial mənzil almaq üçün sənədlərin siyahısı müəyyənləşdi

28.04.2017, 13:57

“Milyonerlər məhəlləsi”ndə toy

28.04.2017, 13:13

Baş katib Savitskinin AŞPA-da gizli kəşfiyyat xidməti

28.04.2017, 13:13

Özünü ölümə atıb əsgərlərini xilas edən komandir - “Aprel şəhidi” Elnur Əliyevin həyat yolu - FOTOLAR

28.04.2017, 13:09

AŞPA sədrinə təşkilatın adından danışmaq qadağan olundu

28.04.2017, 13:08

Deputatlardan TƏNDİQ: "İnsaflı yanaşma olmalıdır"

28.04.2017, 13:03

“Pul qıtlığı yaranıb”

28.04.2017, 13:00

Polis olmaq istəyən jurnalistlərin NƏZƏRİNƏ

28.04.2017, 12:57

Qalmaqallı qanun layihəsi dəyişdirildi

28.04.2017, 12:49

Sabah hava necə olacaq?

28.04.2017, 12:45

May ayının hava PROQNOZU

28.04.2017, 12:38

İslam Oyunlarında xarici vətəndaşlar rabitə xidmətindən rahat istifadə edəcək

28.04.2017, 12:28

Bakıdakı islamiadada  247 “London Taxi”si qonaqlara xidmət göstərəcək

28.04.2017, 12:27

Ağır atletika üzrə ölkə birinciliyi keçirilir

28.04.2017, 12:19

İlham Əliyev Sumqayıtda zavod tikintisi ilə tanış oldu - YENİLƏNİB

28.04.2017, 12:17

Qarabağda daha bir erməni hərbçi məhv edildi

28.04.2017, 12:13

Ermənilər Azərbaycan mövqelərinə zenit raketi atdılar - FOTOLAR

28.04.2017, 12:12

BDU-da “Mirzə Ələkbər Sabirin sənət dünyası” adlı kitabının təqdimat mərasimi keçirilib

28.04.2017, 12:06

Xarici musiqiçilər Şuşada konsert verdilər - FOTOLAR

28.04.2017, 12:01

Şəhid polkovnikin xanımı mediadan narazılıq etdi: “Heç bir vəzifəyə təyinat almamışam”

28.04.2017, 11:57

Hacı İbrahimin milyonluq maşını satışa çıxarıldı - Kreditdə imiş

28.04.2017, 11:53

Senatorun qızı: “Obama çirkin kapitalistdir”

28.04.2017, 11:50

“Fərqli ölkə, fərqli mühit, fərqli insanlar…”

28.04.2017, 11:48

Azərbaycan Xarici İşlər Nazirliyindən Zaxarovaya CAVAB

28.04.2017, 11:35

Elmar Məmmədyarovla macar həmkarı məktublaşdı

28.04.2017, 11:14

QHT-lərin ödəniş problemi: Maliyyə Bazarına Nəzarət Palatasından AÇIQLAMA

ARXİV