Modern.az

İnsanların psixologiyası pozulub, ağsaqqal, qarasaqqal sayan yoxdur

İnsanların psixologiyası pozulub, ağsaqqal, qarasaqqal sayan yoxdur

30 Mart 2017, 16:01

Oğul atanı öldürdü, ər arvadını boğdu, ata oğlunu qətlə yetirdi, arvad ərini baltaladı... Son günlərin acı reallığı... Hər gün kəsilən başlar, doğranan cəsədlər, bıçaqlanan gəlinlər, öldürülən atalar, analar, kəndirlə boğulan canlar, sığal əvəzinə çəkiclə əzilən başlara dair xəbərləri yazıb-oxuduqca, heç nəyə təəccüblənməz olduq. Adi söhbətlə yoluna qoyacağımız problemlərin üstünə qılınc-qalxanla getdiyimizin fərqinə varanda isə qatilə çevrildik. Elə martın 29-da Azərbaycanda baş verən və cəmiyyətdə ciddi rezonans doğuran iki qətl də bu qəbildəndir. Sabirabad sakini, 30 yaşlı Röyal Məmmədovun 7 yaşlı oğlunu xüsusi amansızlıqla-başına çəkiclə vuraraq öldürməsinin ardından, Bakı şəhər sakini İsmayıl Cəlilovun keçmiş həyat yoldaşının başını kəsərək öldürməsi həyəcan təbili çalmaqda gecikdiyimizi göstərir.

 

Nədir cəmiyyətimizi bu qədər aqressivləşdirən? Əgər psixoloji vəziyyət normal deyil və hər gün ölkədə bu qəbildən olan cinayətlər baş verirsə, o zaman Azərbaycanı böyük bir psixiatriya xəstəxanasına bənzətmək olmazmı...

 

Hüquqşünas, keçmiş məhkəmə işçisi, kriminalist Mahmud Hacıyev Modern.az-a son vaxtlar artan cinayətlərdən narahat olduğunu açıqlayıb:

 

“Son 7-8 ilin məhkəmə-istintaq təcrübəsindəki statistik rəqəmlərə nəzər salsaq,  görərik ki, ailə münaqişəsi zəminində, xüsusi amansızlıqla baş verən qətllərin sayında, ağır bədən xəsarətləri ilə nəticələnən cinayətlərdə artım var. Bu, həm hüquq-mühafizə orqanlarının rəhbərliyini, həm də hökuməti təşvişə salmalıdır. Çünki hadisələr günbəgün artmaqda davam edir.

Sovetlər dönəminin 10 illlik fəaliyyətində qeydə alınan cinayətlər hazırkı dövrlə müqayisədə çox az idi. Fərq həddindən artıq çoxdur. 1970-80-ci illərin və 2000-2017-ci illərin də istintaq təcrübəsini qaldırın. Fərqi özünüz görəcəksiniz. Belə çıxır ki, sovet dönəmində tərbiyə, hüquqi maarifləndirmə, psixoloji durum indikindən daha yaxşı idi”.

 

Sosial-iqtisadi problemlər pik həddə çatıb

 

M.Hacıyev deyib ki, baş verənlərin kökündə dayanan əsas səbəb insanların psixologiyasının pozulmasıdır:

“Mən hüquqşünas, keçmiş məhkəmə-istintaq orqanın əməkdaşı kimi deyə bilərəm ki, indiki vaxtda insanların psixoloji durumu çox gərgindir. Psixoloji durum isə istər-istəməz cinayətin törədilməsinə təsir edən başlıca amillərdən biridir. Bəs psixoloji durumu gərginləşdirən nədir?

Bunun başlıca səbəbi sosial-iqtisadi problemlərdir. Bu, hökumət səviyyəsində də etiraf edilib. Manat iki dəfə devalvasiyaya uğrayıb, işsizlik yaranıb, ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti dəfələrlə qalxıb, kommunal xidmət haqları artıb və s. Heç kəsə sirr deyil ki, bu gün yüzlərlə insan kommersiya banklarından götürdüyü kreditləri qaytara bilmir. Bank sektoru çöküb. Bütün bunlar insanların psixoloji durumuna mənfi təsir edir. Əvvəllər ailə daxilində (qayınana-gəlin, ər-arvad, qayınana-kürəkən və s.) yüksək tonla həll edilən məsələlər, indi balta, bıçaq, yaba, çəkiclə icra olunmağa başlayıb. Elementar olaraq insanlara közərti lazımdır ki, bir-birinin üzərində alışıb-yansın”.

 

“İndi ağsaqqal, qarasaqqal sayan yoxdur”

 

Kriminalist artan intiharlarla bağlı da fikirlərini bölüşüb:

 

“İntihar edənlərin sayı durmadan artır. Hər gün ən azı 2-3 nəfərin səbəbi bilinmədən intihar etdiyini eşidirik. O zaman siz deyən kimi, belə çıxır ki, məmləkət psixiatriya xəstəxanasıdır? İnsan mürəkkəb xarakterli canlıdır. İntiharlar və ailə münaqişəsi zəminində baş verən cinayətlərin kökündə məhz bu cür problemlər dayanır.

İndiki dövrdə insanların bir-birinə etinasızlığı artıb. Əvvəllər hər məhəllədə, hər küçədə, hər kənddə ağsaqqal, qarasaqqal var idi. Biri küçədə mübahisə edəndə tərəflər həm ağsaqqaldan, həm də bir-birilərindən üzr istəyirdilər. İndiki dövrdə insanların tərbiyəsi, əxlaqı da aşağı düşüb. Bütün bunların hamısı da psixoloji duruma təsir edən amillərdir. İndi ağsaqqal, qarasaqqal tanıyan yoxdur. Görürsən küçədə iki nəfər bir-birini söyür, onların yanından keçən yaşlıların heç biri reaksiya vermir. Deyirsən: “ niyə reaksiya vermədin?”,  “Məni də vurar, xatasın uzaq elə”, - deyə cavab verir.

Ölkədə belə bir tendensiya meydana gəlib. Etinasızlıq, biganəliyin hamısı üst-üstə yığılıb psixoloji durumu gərginləşdirir. İnsan ya intihar edir, yaxud da elementar çıxış yolu olan məsələni böyüdərək qətl törədir”.

 

“Nəvə 5 min manata görə nənə-babasını öldürdü”

 

M.Hacıyevin sözlərinə görə, bütün bunların qarşısını almaq üçün psixoloji durumu gərginləşdirən səbəbləri aradan qaldırmaq lazımdır:

 

“Bu səbəbləri aradan qaldırmaq isə nə siz jurnalistlərin, nə də mənim kimi təqaüdçü hüquqşünasın işidir. Məsələlər hökumət səviyyəsində həll edilməlidir. Xaricdə belədir ki, demokratik ölkələrdə, Mərkəzi Avropada, Şərq ölkələrində, Malayziya, Honkonq, Yaponiya, Almaniya və başqalarında bu cür hadisələr baş verəndə təhlillər aparırlar. Niyə? Çünki onlar vətəndaşının qayğısına qalır, onun elementar səbəbdən ölməsilə razılaşmır, özünə borc bilir ki, problemi həll etsin. Axı oğul atanı niyə öldürməlidir? Ata oğulun başına niyə çəkiclə vurmalıdır? Kürəkən qayınanasını və arvadını niyə öldürməlidir? Bizim hər gün oxumağa alışdığımız xəbərlər əslində çox dəhşətlidir. Bizim hökumət isə bu dəhşətin fərqində deyil. Sovetlər vaxtında 20 ildə bir dəfə eşidərdin ki, nəvə nənəsini, babasını öldürsün. Bir neçə il əvvəl Nərimanov rayonu ərazisində nəvə 5 min manat pula görə öz nənə və babasını öldürdü. O vaxtlar belə şeylər yox idi. İndi var və bu dəhşətli cinayətlər intiharlarla paralel surətdə artan xətlə gedir. Bu tendensiyaya “dur!” deyən yoxdur”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?