Modern.az

“Surət Hüseynov Kəlbəcər istiqamətində pozuculuqla məşğul idi - İşğaldan iki gün öncə YAŞANANLAR

“Surət Hüseynov Kəlbəcər istiqamətində pozuculuqla məşğul idi” - İşğaldan iki gün öncə YAŞANANLAR

31 Mart 2017, 09:28

Aprelin 2-də Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunmasının 24-cü ili tamam olacaq.

1993-cü il aprelin 2-də Kəlbəcər, 1936 kvadrat kilometr ərazisi olan bir rayon düşmən tərəfindən işğal olundu. 

 

70 minə yaxın əhalisi məcburi köçkün olaraq Azərbaycanın 59 rayonuna səpələnib. 

Kəlbəcərin işğalı zamanı 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb, girov götürülüb, Azərbaycana 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. 

Ermənistan hərbi birləşmələrinin  Rusiyanın köməyi ilə 1993-cü il martın 27-də həm Ermənistan, həm də işğal olunmuş Ağdərə rayonu istiqamətindən başlayan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə nəticələnib.

 

Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-ə yaxın kənd, minlərlə tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevirilib.

Kəlbəcərin itirilməsi Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla da, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.


Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib.

Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

 

Modern.az saytı Kəlbəcərin növbəti işğal ildönümü ilə bağlı silsilə yazılar təqdim edir.

İşğal ərəfəsi günlərdə rayonda ictimai, siyasi, sosial, psixoloji, hərbi vəziyyət necə idi?..

 

Budəfəki müsahibimiz Kəlbəcərin müdafiəsində iştirak etmiş rayonun o zamankı icra başçısının müavini Nuşirəvan Muxtarlıdır. O, 1993-cü ilin 31 martını ürək ağrısı ilə xatırlayır. 
 

“İcra nümayəndələri Kəlbəcər sakinlərinin yanında idi”
 

- Kəlbəcərin işğal tarixini xatırlamaq mənə çox çətindir... 1993-cü ilin 31 martında Kəlbəcərdə vəziyyət həddən artıq gərgin idi. Kəlbəcər tam mühasirə vəziyyətinə düşmüşdü. Ağdərə yolu bağlanmışdı, hansı ki, bu, strateji yol idi. Ətraf rayonlarla əlaqə kəsilmişdi. O zamankı İcra Hakimiyyətinin köməyi ilə çalışdıq ki, Murovdağ yolunu qardan təmizləyək. Demək olar ki, bir həftə ərzində mart ayının 31-dək buna nail olduq. Əslində, 1993-cü ilin fevralından başlayaraq, Kəlbəcər tam mühasirə vəziyyətinə düşmüşdü. Artıq martın 31-də Ermənistan tərəfdən intensiv hücumlar həyata keçirilirdi.

O dövrdə vəziyyət elə idi ki, icra nümayəndələri Kəlbəcər sakinləri ilə intensiv təmas qurmuşdular. Xüsusi qəbul günlərindən söhbət belə gedə bilməzdi. Müdafiə məsələləri ilə məşğul olmaq üçün sakinlərə müraciətlər təşkil olunurdu. Kəlbəcər camaatı da əlindən gələn köməyi əsirgəmirdi. Sadəcə olaraq vəziyyət qənaətbəxş deyildi. Laçın yolu bağlı idi. Tam mühasirə vəziyyətində idik.

 

“Surət Hüseynov pozuculuq işləri ilə məşğul idi”

 

Müsahibimiz deyir ki, Surət Hüseynov (O zaman tabeliyində böyük korpus var idi – N.B) səlahiyyətli şəxs olmasından istifadə edirdi.

 

- Surət Hüseynov Azərbaycanda o vaxtkı hakimiyyətin iş prosesinə mane olurdu. Hətta ordu sıralarında da bunu görmək mümkün idi. Öz adamlarını ərazidə yerləşdirməyə cəhd göstərirdi. Dəstədən kimlərisə vəzifəyə təyin edilməsini istəyirdi.

Görünür, prezidentin xüsusi nümayəndəsi kimi Gəncədə fövqəladə səlahiyyətli şəxs olmasından istifadə etməyə çalışırdı. Həm də Milli Qəhrəman statusu vardı. O da bunlardan yararkanaraq, sui-istifadə hallarına yol verirdi. Digər tərəfdən, nizam-intizam yaratmaq əvəzinə, pozuculuq işləri ilə məşğul idi. Kəlbəcərə hər hansı formada kömək göstərmirdi. Təbii ki, o zamankı icra hakimiyyəti olaraq dəfələrlə etirazımızı bildirmişdik. Telefon danışıqları zamanı da narazılığımızı ifadə edirdik. Rayon icra başçısı onunla görüşərək məsələlərə qarışmamağı xahiş etmişdi.

O vaxtkı İcra Hakimiyyəti indiki kimi deyildi. O zaman hər tərəf qan-qada, idi, müharibə ab-havası hökm sürürdü. İcra nümayəndələri rahat şəkildə kabinetində oturmurdu. Bizim işlərimiz kabinetdən idarə olunmurdu. Bizim günümüz əhali arasında olmaqla yanaşı, cəbhə bölgələrində keçirdi. Müdafiə xarakterli işdən başqa hansısa işin qulpundan yapışmaq qeyri-mümkün idi.

 

Kəlbəcərə dərindən bələd olanların ordudan uzaqlaşdırılmasının acı sonluğu

 

Nuşirəvan Muxtarlının sözlərinə görə, Kəlbəcərin işğalının bir sıra səbəbləri oldu.

- Özünümüdafiə batalyonlarımızın ləğv olunması yaxşı nəticələrə gətirib çıxarmadı. Axı o vaxt könüllülərdən ibarət müdafiə batalyonları mövcud idi. Həmin könüllülərdən ibarət müdafiə batalyonundan ikisi Kəlbəcərdə idi. Həmin dövrdə hərbi təchizat çox zəif idi.

Əldə düzəldilən qradlardan düşməni qorxutmaq üçün istifadə edirdik.  Ən çətin durum ordu hissələrinin buraxılması idi.

Bununla da, qüvvələr nisbəti parçalandı. Məsələn, hərbçi Zaur Rzayev Kəlbəcərdən çıxarıldı. Yerinə  səriştəsi zəif olan, Kəlbəcəri yaxşı tanımayan başqaları gətirildi. Bütün bunlar Kəlbəcərin işğal prosesini sürətləndirdi. Həmçinin, Kəlbəcərin işğal prosesi zamanı hadisələr qarışıq şəkildə cərəyan etdi.  

 

Kəlbəcərdə elektrik xətti nə vaxt kəsilib?

 

N.Muxtarlı bildirir ki, uzun müddət Kəlbəcərdə elekrik enerjisi olmadı. Və demək olar ki, elektrik enerjisini bərpa etmək də mümkün olmayıb.

 

- Elektrik təchizatımız Ağdərə ərazisindən keçdiyindən ermənilər elektrik xəttini kəsmişdi. 1991-ci ildə rayonun elektrik enerjisi erməni təxribatının qurbanına çevrilmişdi. Sonradan rayonda generatorlar təşkil olunmuşdu. Ağdərə işğaldan azad edildikdən sonra Sərsəng su ambarının yanından elektrik xəttinin çəkilməsinə nail olduq. Bununla da, İcra Hakimiyyətinin gücü ilə Kəlbəcərə elektrik enerjisinin verilişi bərpa olundu. Bu da 1992-ci ilin iyun ayına təsadüf edirdi. O vaxt Ali Sovetin sədri İsa Qəmbər idi. Onun təşəbbüsü ilə Kəlbəcərə xüsusi hərbi briqada göndərilmişdi. Onlar yerli özünü müdafiə batalyonu ilə birlikdə sonrakı döyüşlərdə böyük nəaliyyətlər əldə etdi. Həmin briqada hücuma keçərək ardıcıl olaraq qələbələr qazandı. Həmin briqada ilə Kəlbəcərin öz hərbi könüllüləri müəyyən ərazilərə qədər irəliləyə bilmişdi.

Hərbçi Zaur Rzayevi də Kəlbəcərə göndərdilər. Onunla birgə hərəkət etməklə Laçın rayonunun bir neçə kəndlərini azad etdik. Ağdərə istiqamətində də çox böyük döyüşlər olmuşdu. Təxminən 1993-cü ilin yanvar ayına qədər Ağdərə yolu açıq idi. 1993-cü ilin yanvarında yol bağlandı.

 

“Ərzaq qıtlığından söhbət gedə bilməz”

 

 Keçmiş icra nümayəndəsi Kəlbəcərin ərzaq məsələlərindən də danışıb.

 

 - Kəlbəcər ərzaq qıtlığı ilə üzləşməyib. Ordu hissələrində də qidalanma məsələsi qanedici idi. Rayonlardan ərzaq yardımlarının göndərilməsi yaxşı təşkil olunmuşdu. Azərbaycanın əksər rayonlarından Kəlbəcərə ərzaq yardımı göstərilirdi. Həmin dövrlərdə Kəlbəcərdə güclü ərzaq qıtlığı söhbəti aktual olmayıb. Nə un, nə qənd, nə düyü, nə də digər qida vasitələrinin çatışmazlığına rast gəlmək mümkün idi. Qida problemimiz yox idi. Əsasən Kəlbəcər sakinləri vəziyyətin necə sonluqla bitməsindən narahat idilər. Təbii ki, bu narahatlıq Kəlbəcərin işğla prosesini mütləq şəkildə gündəmə gətirmirdi.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir