Modern.az

Müəllimlə tələbənin sevgisi - “Gəncliyimdə məni də seviblər” - Müəllimlər tələbələrin eşqindən danışdılar

Müəllimlə tələbənin sevgisi - “Gəncliyimdə məni də seviblər” - Müəllimlər tələbələrin eşqindən danışdılar

Mədəni̇yyət

31 Mart 2017, 13:38

Tanınmış göz həkimi, professor, şair Paşa Qəlbinurun müəllimin öz tələbəsi ilə eşq macərası yaşamağının qəbahət olmadığını, sevginin azad olduğunu  bildirməsi birmənalı qarşılanmayıb:


“Tələbəylə eşq macərası yaşamaq heç də ayıb bir şey deyil. Qəbahət olsaydı, Şəhriyarın ilham pərisi tələbəsi olmazdı. Ancaq mənim tələbəmlə eşq macəram olmayıb. Bir sözlə sevdiyim tələbə olmayıb. Düzdür, sevdiyim qadınlar olub, amma heç biri tələbəm deyildi”.

Özü-özülüyündə “sevgi azaddır və sərhəd tanımır” prinsipini nəzərə alaraq, professora haqq qazandırmaq olar. Amma uzun illərdən bəri qəliblənmiş pedaqoji qaydalar necə, onlar da bu münasibətə əsas verirmi?

Pedaqoji prinsiplər baxımından bu sərbəstliyi nə dərəcədə doğru hesab etmək olar?

Modern.az saytı yuxarıdakı sualla pedaqoji fəaliyyətdə olan tanınmış, şair, filosof və şairəyə müraciət edib.

Orta məktəblərdə son zənglərin himninə çevrilən “Məktəb illəri” mahnısının müəllifi, şairə-müəllimə Kəmalə Abıyevanın fikrincə, xanım müəllimlər arasında tələbəsiylə eşq yaşamaq hallarına az rast gəlinir:

“Sevgini pedaqoji, ya başqa prinsiplərə necə uyğunlaşdırmaq olar? Bilmirəm mən. Xanım müəllimin öz şagirdi, tələbəsiylə sevgi yaşaması az rast gəlinən hadisədir. O da çox vaxt qınaq obyektinə dönür. Burda yaş fərqi də əsas rol oynayır. Amma sevgidisə, mümkündür. Sadəcə, bir müəllim adı var. Əslində, gənc müəlliməsinə vurulan şagirdlər olur. Şagird-16-17 yaşlı yeniyetmədir, bu, ola bilər. Çox cavan müəllimələrin həyatında mümkündür. Gəncliyimdə məni də sevən şagirdlərim olub. İndi də məktəbdə gənc müəlliməmizi sevən var. Təbii, bu bir az da mənəvi-psixoloji duruma da bağlıdır. Mənim üçün bu mümkünsüz olub. Əksəriyyət üçün belədir. Müəllim üçün şagird sadəcə, dərs dediyi uşaqdır. Onun hisslərinə hörmətlə yanaşmalıdır. Bunlar ötüb keçən sevgi olur. Hər bir gənc müəllimə bunu bilməlidir. Amma əsl sevgi də olub, keçməyə də bilər. Həmən, 18 yaşlı məzunla ailə qurmaq olmaz ki... Məsələni bu qədər səs-küyə salmağın da tərəfdarı deyiləm, sonucda insandılar, sevə bilərlər. Öz şagirdini sevən kişi müəllimlər daha çoxdu. Nədənsə, buna normal baxırlar, heç kim hay-küy salmır. Deməli, məsələ müəllim olmaqda deyil, yaş fərqindədir cəmiyyət üçün. Mənəviyyat qorunursa, sevmək olar. Sevgi gözəllikdir.Qoy sevsinlər”.

Filosof-müəllim Müşfiq Ötgün isə professor Paşa Qəlbinurla birbaşa razı olduğunu bildirir. O, burada qınanılası heç nə görmür:

“O müsahibəni oxudum. Professor məsələyə çox korrekt yanaşıb. Cəmiyyət də qəlb məsələlərində korrekt olmağı bacarmalıdır. Çünki incə məsələdir. Əlbəttə ki, müəllim etikası tədrislə şəxsi duyğular arasına sərhəd çəkməyi tələb edir. Lakin həyat heç zaman qəliblərə sığmır. Və dünya ədəbiyyatında müəllimin tələbəsinə (və əksinə) məhəbbətinə aid çoxlu misallar mövcuddur. Ağrılı nümunələr də var, sevincli nümunələr də. Həyatda həmişə olan kimi. Problemin nədə olduğunu anlamıram. Kimsə professoru qınayırmı bu sözlərə görə? Mən qınanılası heç nə görmürəm”.

Riyaziyyatçı alim, şair Əli Şirin Şükürlü isə deyilənlərin əksini düşünür.

“Bu məsələ bir qədər fərqli yanaşma tələb edir. Bir var yalnız ehtiras üzərində qurulan, yəni yalnız şəhvətin təmin edilməsi naminə münasibət, buna doğrusu, mən də yaxşı baxmıram, əxlaq baxımından düzgün hesab etmirəm. Fikirləşirəm, pedaqoq-tələbə arasında sirli olan nəsə və sanki hansısa əlçatmazlıq zədələnir. Amma bir də var iki şəxsin bir-birinə ciddi münasibəti, sevgi hissi. Bu halda heç bir məhdudiyyət yoxdu. Sosial mövqeyindən asılı olmayaraq, sevgi yasaq oluna bilməz”.

E.Nazimoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər