Modern.az

İlham Əliyev: "Rüşvətxorluğa qarşı mübarizə nəticələrini verir"

İlham Əliyev: "Rüşvətxorluğa qarşı mübarizə nəticələrini verir"

Təhsil

12 Aprel 2011, 19:06


Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açaraq 2011-ci ilin birinci rübündə ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini qeyd edib. Bu müddət ərzində qeyri-neft sektorunda artımın qeydə alındığını vurğulayan Prezident İlham Əliyev bildirib ki, əsas məqsəd bu sektoru inkişaf etdirmək, iqtisadiyyatın neft və qaz amilindən asılılığını azaltmaqdır.

İlin ilk üç ayında sənaye istehsalının 0,3 faiz artdığını deyən Prezident İlham Əliyev sənayenin inkişafında mühüm amil kimi ölkədə qeyri-neft sənayesinin 9,8 artmasını qeyd edərək, hazırda neft hasilatının yüksək həddə çatdığını, növbəti illərdə qaz istehsalının da artacağını deyib.

Prezident İlham Əliyev ölkənin valyuta ehtiyatlarının 34,7 milyard dollara çatdığını və bunun ilin sonuna qədər artmaqda davam edəcəyini bildirib.
"Bütün bunlar Azərbaycanda böyük investisiya layihələrinin icra edilməsi fonunda baş verir. Bu isə ölkəmizin iqtisadi və maliyyə gücünün göstəricisidir".

Dövlət başçısı bütövlükdə iqtisadi sahədə bütün tapşırıqların yerinə yetirildiyini, sosial sahədə qarşıya qoyulan vəzifələrin həyata keçirildiyini bildirib.
Prezident informasiya-kommunikasiya sektorunun çox dinamik şəkildə inkişaf etdiyini bildirərək, ölkəmizdə süni peykin yaradılması proqramının da icra edildiyini vurğulayıb.

Hərbi sənaye potensialının sürətlə inkişaf etdiyini söyləyən İlham Əliyev respublikamızda müxtəlif adda müasir hərbi sənaye məhsullarının istehsal olunduğunu nəzərə çatdırıb.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən, bu məsələdə ölkəmizin mövqeyinin birmənalı olduğunu deyib. Bildirib ki, münaqişə ilə bağlı aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır və heç bir şərt irəli sürülmədən ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.

Sonra maliyyə naziri Samir Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov rəhbərlik etdikləri qurumların ilin birinci rübündəki fəaliyyəti barədə məlumat veriblər
.
Müşavirəyə yekun vuran Prezident İlham Əliyev dünya bazarlarında neftin bahalaşmasının inflyasiya risklərini artıra biləcəyinə toxunaraq, müvafiq tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb. Prezident istehlak qiymətlərinə nəzarətin olduğunu, daim monitorinq aparıldığını və inhisarçılığa qarşı mübarizənin həm idxalda, həm daxili istehsalda daha da güclü olması üçün tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Nəzərə çatdırıb ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi öz nəticələrini verir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev Azərbaycanda ictimai asayişin yüksək səviyyədə qorunduğunu, təhlükəsizlik tədbirlərinin çox güclü, kriminogen durumun yaxşı olduğunu diqqətə çatdırıb.
Dövlət başçısı bütün bu işlərin görülməsi üçün büdcəyə əlavələrin edilməsinin vacibliyini bildirərək, ölkədə bütövlükdə işlərin yaxşı getdiyini, bunu 2011-ci ilin ilk üç ayının yekunlarının da təsdiqlədiyini söyləyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır