Modern.az

Peyğəmbər Ayı bölüb? - Quran “HƏ”, ilahiyyatçı isə “YOX” deyir – iddiaya CAVAB

Peyğəmbər Ayı bölüb? - Quran “HƏ”, ilahiyyatçı isə “YOX” deyir – iddiaya CAVAB

Mədəni̇yyət

31 Mart 2017, 21:40

Dinlər – haqqında müxtəlif yanaşmalar ortaya qoyulan və əsrlərdir heç də deyildiyi və təbliğ olunduğu kimi birmənalı qarşılanmayan inanc sistemidir. Dinlər nədir – bu haqda filosoflar, teoloqlar, elm adamları çox danışıblar.

 

Dinlərin insanda hansı praktiki vərdişlər aşıladığını da təcrübədən görmək olur. Praktiki səviyyədə ortada müsbəttendensiyalarla yanaşı, təəssüf ki, neqativlər də çoxdur – məhz dini ideologiyanın sahəsində saysız-hesabsız dramatik səhnələri də müşahidə etmişik. Dinin düzgün qavranılmaması ya da elə düzgün anlaşılması səbəbindən neçə-neçə ailələr heç bir işıq olmayan, zülmət qaranlığa, uçuruma yuvarlanıb. 

 

Din bəlkə də ən çox ona verilən təriflərin bolluğundan “əzab” çəkir, ona verilən təriflərin zənginliyi və əhatəliliyi prizmasından dinlər bəlkə də “doymuş məhlul” hesab oluna bilər.

 

Əsrlərdən bəri gələn və müasir şəkil alan (bəziləri isə hələ də modern olmağa cəhd edir, amma nələrsə mane olur) dinlərin məramı, konsepsiyası, ideologiyası haqda deyilən sözlər artıq limiti keçib – yəqin buna görədir ki, bəzi ilahiyyatçılar yeni metodologiyanı işə salırlar. Bu mexanizmlər isə bir qəribə mənzərə yaradır – din modern ictimai-sosial axının içinə girməyə cəhd edir, lakin heç cürə müvəffəqiyyət qazana bilmir.

 

Ona görə ki, dinin təməl inancına qarşı çıxmaq, onu olduğundan fərqli təqdim etmək, bunun üçün söz oyunlarına girmək, hökmlərə müxtəlif  “fəlsəfi” don geyindirmək elə dindar kəsim arasında hiddətlə qarşılanır. Hətta arqumentləri ilahiyyatçılar, teoloqlar səsləndirsələr belə.

 

“Nəticədə isə dini bu cür ilahiyyatçıların sayəsində daha ağır ictimai kollaps gözləyir” desək yanılmarıq.

Türkiyədə Caner Tasleman kimi teoloq-filosoflar hər vəchlə Qurandakı hökmləri, islamın özünün möcüzə kimi xarakterizə etdiyi hadisə və ya hədisləri öz əsl məcrasından çıxararaq yeni cığıra salmağa çalışırlar.

Azərbaycanda da belə şəxs var və sanki Caner Tasleman kimi din alimlərini təqlid edir. Söhbət tanınmış ilahiyyatçı, elə ən çox dindarlar tərəfindən “atəşə” tutulan Elşad Miridən gedir.

 

Amma insafən deyim ki, Caner Tasleman çox fəlsəfi bənzətmələrdən istifadə edir, buna görə də, şəxsən onun çıxışları mənim üçün maraqlıdır. Necə də olmasa mübaliğəli ifadələr adama xoş gəlir axı...  Nə isə, bu, ayrı mövzunun predmetidir.

Konkret mövzuya girməmişdən öncə isə deyim ki, Elşad Miri və onun yetişdirdiyi tərəfdarlarını alqışlayıram.

 

Tam səmimi deyirəm: Sevinirəm ki, Elşad Miri konservativizmin, radikallığın, şüuraltı ekstremizmin yaratdığı assosiasiyanın sərhədlərini sındırıb, etikadan kənara çıxmadan, "Allah sizi hidayət etsin", "Qiyamətdə görərsiniz", "Allah ağzını əyəndə görərsən" və s kimi xurafatçı təfəkkürlə qarşı tərəfin üzərinə hücuma keçmir və normal şəkildə fikirlərini öz arqumentləri ilə əsaslandırır. Bəlkə də, qəlbinin və şüurunun dərinliklərində qəzəbli vulkan yatır – bunu deyə bilmərik, əks təqdirdə, günaha girmiş olarıq - amma nəticədə onu dilə gətirmirsə də, bunun özü də bir müsbət göstəricidir.

 

Başa düşürəm, ənənəyə qarşı getmək, klassik və qəzəbli baxışların üzərində cəmlənməsini hiss etmək elə də asan deyil. Hörmətli Elşad Miri, bu mənada riskləri gözə alıb, dini ənənəvi çərçivədən çıxarmaq meyllərinizi alqışlamaya bilmərəm.

 

Bununla dində yeni təmayüllər yaratmaq istəyirsiniz, özünüz bunu etiraf etməsəniz belə. Amma, bəzi ayələri olduğu kontekstdən çıxarmağınız Quranın hökmünə ziddir. Quranın möcüzə kimi təqdim etdiyi ayələri siz fərqli statusda təqdim edirsiniz, bu, islamla ayaqlaşırmı?

Sizin dedikləriniz və “maraqlı” iddialarınız üzərindəki polemikalar sonsuza qədər uzana bilər. Mən konkret olaraq, bir ayənin üzərində duracağam. Söhbət Quranın “Qəmər” surəsinin ilk ayəsindən gedir.

 

Bu ayədə yazılır:  “O saat yaxınlaşdı və Ay bölündü”. Yəni, Quran Ayın bölünməsini israrla qeyd edir, bu isə islam inancına görə, Məhəmməd peyğəmbərin göstərdiyi böyük bir möcüzədir. İndi isə sizin bunun möcüzə olmadığını göstərmək üçün səsləndirdiyiniz əsas arqumentlərinizi təqdim edirəm:

 

-O saat, yəni qiyamət yaxınlaşmadığına görə demək ki, Ay da hələ bölünməyib. Aydın olur ki, bu surə iddia olunduğu kimi Ayın bölünməsi ilə əlaqəli deyil, əksinə Qiyamət günü barəsindədir. Bütün bunlardan sonra deyə bilərik ki, Sonuncu peyğəmbərimizin Ayı iki yerə bölmək kimi bir möcüzəsi olmayıb.

-Peyğəmbərə Qurandan başqa heç bir möcüzə verilməyib. Bunu Allah bildirir.

-Ayın parçalanmasını möcüzə kimi təqdim edənlər və iddia edənlər unudurlar ki, belə bir hadisədən sonra müsəlman olan bir səhabə məlum deyil.

-“Şəqqül Qəmər” və ya “inşiqaqı qəmər” adlandırılan hadisə ilə əlaqəli Buxari və Muslimdə İbn Məsuddan gələn 3 rəvayətin hər birində fərqli məlumatlar verilir.

-Rəvayətlərdə dağ adından, ümumiyyətlə, bəhs olunmur. Bu da şübhəli məqamlardan biridir.

-Peyğəmbərin səhabələri ondan heç bir möcüzə göstərmələrini istəmədikləri halda, Məhəmməd peyğəmbərin heç bir səbəb olmadan möcüzə göstərdiyini iddia etmək gülməlidir.

-Məkkəli müşriklər də gəlib Ayı yarmasını istəməmişdilər. Elə isə Peyğəmbər heç bir səbəb olmadan niyə möcüzə göstərməli idi?

-Sonrakı illərdə İbn Abbasa istinad edilən bəzi rəvayətlər uydurulub. Niyə uydurulub deyirəm? Çünki hadisənin olduğu iddia edilən vaxtda İbn Abbas hələ dünyaya gəlməmişdi.

-Ərəb dilində keçmiş zaman olaraq adlandırılan mazi feilləri gələcəkdə olacağı qəti olan hadisələrlə əlaqəli olaraq istifadə ediləndə keçmiş zamanda yazılır.

-“Ay yarıldı” ifadəsi ərəblərdə məsəldir. “Həqiqət ortaya çıxdı” mənasında işlədilir. Dilimizdəki “Güvəndiyim dağlara qar yağdı” məsəlində olduğu kimi…

 

Daha sonra bildirirsiniz ki, ayədən sitat gətirərkən əlimizdə mövcud olan tərcümələrdən istifadə edirik. Ardınca da böyük şövqlə deyirsiniz ki, siz isə ayəni tərcümə edərkən keçmiş zaman deyil, bizim oxucuların asan başa düşməsi üçün gələcək zaman feili işlədərdiniz. 

Elə sizin təbliğ etdiyiniz islam məntiqini özünüzə yönəltmək üçün bir ayədən sitat gətirmək bəsdir. Qurandakı ayələrin birində yazılıb ki, ayələrin birini qəbul edib, o birilərini qəbul etməyənlər Allahın hökmünə qarşı çıxır.

 

Hörmətli ilahiyyatçımız, mən onsuz da, Quranda belə bir möcüzə haqda yazılıbsa belə, onu qəbul etmədiyimi bəyan edirəm. Lakin, sizin kimi inanclı birinin bunu  möcüzə kimi qəbul etməməyi necə də qəribə səslənir, deyilmi? İnsan Qurana inandığını deyirsə, ya oradakı hökmləri olduğu kimi qəbul etməlidir, ya da şübhəsi varsa, durub bunu açıq deməlidir ki, bu da Allaha qarşı çıxmaq hesab olunur. İkinci yolu seçməməyinizi başa düşürəm, çünki  çox güman ki, ictimai qınaqdan, tənəli və lənətli sözlərdən çəkinirsiniz. Nə də olmasa, ateistlərdən də çox siz özünüz dindarların hədəfinə tuş gəlmisiniz.

 

Mən isə sadəcə, İslam dünyasının buna inandığını və bu inancın da Qurandan qaynaqlandığına işarə edirəm. Bir sözlə, bu məsələyə, müsəlman dünyası inanır. Siz isə Ay bölünməsi hadisəsinin Qiyamətdə baş verə biləcəyini deyirsiniz, yəni Əl-Qəmər surəsinin 1-ci ayəsindəki "O saat yaxınlaşdı və Ay bölündü" frazasının gələcəyə işarə edildiyini iddia edirsiniz. Bu iddianızı ərəb dilinin strukturu prizmasından əhatəli izah edirsiniz. Siz ilahiyyatçısınız, sizinlə ərəb dili polemikasına girmək niyyətim yoxdur, hətta etiraf edirəm ki, ərəb dili məsələsində sizə uduzaram. Amma məntiq deyilən bir anlayış var ki, bu da ərəb dili bilib-bilməməklə bağlı deyil. Yaxşı olar ki, o surənin sonrakı ayələrinə baxaq, bu zaman bu hadisənin guya olmasına dair məqam göz önünə sərilir. Necə?

 

Siz deyirsiniz: "O saat, yəni qiyamət yaxınlaşmadığına görə demək ki, Ay da hələ bölünməyib. Aydın olur ki, bu surə iddia olunduğu kimi Ayın bölünməsi ilə əlaqəli deyil, əksinə Qiyamət günü barəsindədir. Bütün bunlardan sonra deyə bilərik ki, Sonuncu peyğəmbərimizin Ayı iki yerə bölmək kimi bir möcüzəsi olmayıb".

 

Təbii ki, bir daha vurğulayıram ki, mən də sizin kimi belə bir möcüzənin olmasına inanmıram, bu məsələdə fərqli rakurslardan yanaşsaq da, fikirlərimiz üst-üstə düşür. Məsələ burasındadır ki, mən rasional düşüncə, tarixi fakt və elmi təcrübəyə istinad edərək belə bir şeyə inanmadığımı bildirirəm, siz isə Quranın özünə istinad etməklə. Bununla da özünüzü ziddiyyət burulğanının içinə salırsınız.

 

Mən isə kontur-arqumentlərimi daha da möhkəmləndirmək üçün təklif edirəm ki, həmin ayənin davamı olan ayələrə nəzər yetirək:

Həmin surənin 2-ci ayəsi: "Onlar bir möcüzə görsələr, üz çevirib "bu, böyük bir sehrdir, cadudur" deyirlər". Bundan başqa eyni surənin 3-cü ayəsində: "Yalanlayarlar və öz istəkləri ardınca gedərlər" yazılır”.

Cənab ilahiyyatçı, bu, olmuş bir hadisəyə işarə deyil bəs nədir?"

 

Siz dediyiniz kimi, bunun Qiyamətdə baş verəcəyi gözlənilirsə, bu zaman sual ortaya çıxır. Qiyamətdə insanlar necə bu barədə fikirləşəcəklər və möcüzələrdən üz çevirəcəklər? Bu zaman onların fikirləşməyə vaxtı olacaqmı?

Burada da bir paradoksallıq ortaya çıxır. İkinci bir tərəfdən siz, Muslimin və Buxaridən sitat gətirirsiniz.

 

Ənəs ibn Malikin nəql etdiyinə baxaq: "Məkkəlilər peyğəmbərdən bir möcüzə göstərməsini istədilər. Peyğəmbər də Ayı ikiyə bölərək bu möcüzəni göstərdi. Onlar da Hira dağını bu iki parçanın arasında gördülər".

 

Siz isə deyirsiniz ki, rəvayətlərdə Hira dağının adı çəkilmir.

 

Abdullah İbn Məsudun nəqli: "Peyğəmbərlə birlikdə Minadaydıq. Birdən Ay ikiyə bölündü. Bu parçalardan biri dağın arxasına, digəri isə dağın bəri tərəfindən qaldı".

Bunlar sağlam hədisçilər hesab olunan Buxari və Muslimin Ənəs ibn Malik və Abdullah ibn Məsuddan istinadən yazdıqlarıdır.

Ənəs ibn Malik və Abdullah İbn Məsud isə peyğəmbərin səhabələrindən olublar.

 

Deyirsiniz ki, siz tərcümələri, gələcək zamanda edərdiniz, çünki bu həmin ayələrin əsl mənasını gün işığına çıxardar. Öz işinizdir, istəsəniz hətta ingilis dilinin qrammatikasındakı kimi gələcək davamedici zamanda da tərcümə edə bilərsiniz, sizə kim mane olur ki?!

Bəs bu məqam məgər digər tərcümə edənlərin hamısının nəzərindən qaçıb?

 

Sizə Əl-Qəmər surəsinin 1-ci ayəsinin ingilis, rus, türk dillərində tərcüməsini təqdim edirəm:

 

"The Hour has come near, and the moon has split [in two]".

"Пpиблизилcя чac, и pacкoлoлcя мecяц!"

"Kıyamet yaklaştı ve ay yarıldı"

 

İndi özünüz bilərsiniz, o ayəni necə, hansı formada tərcümə edəcəyinizi.

 

Bir sözlə, Qurana görə, Məhəmməd peyğəmbər Ayı iki yerə bölüb. Bu zamansa, əlavə bir sual ortaya çıxır.

 

Ay həqiqətən bölünüb, yerə düşübsə, o, necə öz ölçündən qat-qat balaca bir məkana sığa bilərdi? Hira dağı Aydan böyükdürmü?

 

Və necə olur ki, bu Ay bölünür və bu barədə heç bir elmi və tarixi mənbələrdə bir qeyd yoxdur? Necə olur ki, Ay bölünüb Yerə düşür, amma dünyanın heç yerində bu müşahidə edilmir? Düşünürəm ki, bu suallar özündə kifayət qədər əhatəli  cavablarıehtiva edir, buna görə də, əlavə şərhə ehtiyac duymuram.

 

NASA kimi nəhəng bir qurum da Ayın tarixində belə bir hadisə olmadığını bildirir. Dəfələrlə inanclıların saxta xəbərlər dövriyyəyə buraxıb NASA-nın guya belə bir hadisənin olduğunu təsdiq etdiyini deməsinə baxmayaraq.

 

Darvinin nəzəriyyəsinə və sintetik təkamül təlimi əleyhinə olmağınızı başa düşürəm, bu, qəzəb və qərəz öz qida və enerjisini dini inancdan alır. Amma bir ilahiyyatçı kimi Quranda yazılanları “əslində elə deyil, başqa cürdür, sadəcə hamı səhv başa düşür” kimi izah etməyiniz gülüş doğurur. Çünki bununla da insanlara şüuraltı mesaj ötürürsünüz ki, Quranın hökmünə qarşı çıxırsınız.

 

Ümumilikdə, götürəndə Quran öz “reallığını” təsvir edir. Sözügedən ayədə məna kifayət qədər aydındır və burada əlavə söz oynatmaq, ərəb dilinin zənginliyindən danışıb məsələni fərqli yerə yönəltmək sadəcə qəribədir. Ola bilər ki, nə zamansa Ayda hansı çatlar əmələ gəlib, amma əmin olun ki, bu həmin deyilən möcüzə göstərməyin nəticəsində olmayıb.

 

Baxın, adaşınız, ilahiyyatçı Elşad Mahmudov necə gözəl deyir: “Bu məsələlər Qurani-Kərimdə və peyğəmbərimizin hədislərində var. Lakin bunları anlama metodları fərqli ola bilər. Ənənədə merac da, Ayın bölünməsi də qəbul edilir. Bu, kitablarda da qeyd olunur. Biri çıxıb “mən ayələri deyil, ayələrin yanlış anlaşılmasını, yozumunu inkar edirəm” deyə bilər. Bu, insanı, alimi dindən çıxarmaz”.

 

Buna görə də hörmətli Elşad Miri, ya birdəfəlik deyin, islam dininə şübhə edirsiniz, ya da deyilənləri olduğu kimi qəbul edin.

 

SONDA

 

Bir dəfə məni hansısa türk din aliminin Ay məsələsi ilə bağlı çıxışına baxmağımı məsləhət gördünüz. Düzü, onun da əlavə, yeni bir şey deyəcəyini gözləmirdim və təxminim doğruldu da.

Sonrakı polemikamızı mövzu daha da aydınlansın deyə təqdim edirəm.

 

“Professor nə qədər spekulyasiya etməyə çalışsa da, ən sağlam hədisçilər olan Buxari və Müslimin Ənəs ibn Malik və Abdullah İbn Məsuda istinadən yazdıqları da sübut edir ki, bu, guya Məhəmməd peyğəmbərin göstərdiyi möcüzə olub".

 

Siz isə “Ən sağlam hədisçilər dediklərin Peyğəmbər 200 il sonra yaşayanlardır” cavabını verdiniz.

 

Hörmətli Elşad bəy, bəs bu professor neçə il sonra yaşayandır? 200 illə 14 əsr arasında da fərq böyükdür axı, bunu özünüz də məndən yaxşı bilirsiniz. Yaxşı, bir hadisə olubsa, ondan 200 il keçdikdən sonra dəqiq məlumat verilər, yoxsa 14 əsr keçdikdən sonra?! Niyə özünüzü dərin təzadların içərisinə salırsınız axı?!...

 

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir