Modern.az

Həbsdən çıxanlara minimum əməkhaqqının 3 misli təqaüd verilməlidir

Həbsdən çıxanlara minimum əməkhaqqının 3 misli təqaüd verilməlidir

Ölkə

1 Aprel 2017, 17:17

Son günlər ölkədə ailə münaqişəsi zəminində baş verən cinayətlərin sayındakı artım narahatlıq doğurur. Diqqətçəkən məqam isə cinayətlərin əvvəllər məhkumluq həyatı yaşamış şəxslərin iştirakı ilə baş verməsidir.

 

Martın 29-da Sabirabad sakini, 30 yaşlı Röyal Məmmədovun 7 yaşlı oğlunu xüsusi amansızlıqla - başına çəkiclə vuraraq öldürməsi dəhşətli cinayətlər silsiləsindəndir. O, əvvəllər oğurluğa görə, məhkumluq həyatı yaşayıb, iki il əvvəl həbsxanadan azadlığa çıxıb. Onun narkotik maddə aludəçisi olduğu bildirilir. Məhz bu an məhkumların azad olunduqdan sonra reabilitasiya məsələsi gündəmə gəlir.

 

“Azad olunmuş şəxslər üçün reabilitasiya mərkəzi tikilir”

 

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a məhkumların reabilitasiyası ilə bağlı boşluqların olduğunu açıqlayıb:

 

“Məhkumlar azad olunduqdan sonra onların bir sıra hüquqları təmin olunmalıdır. Bunlara yaşayış yeri ilə müvəqqəti təmin olunma, hüquqi-psixoloji yardım göstərilməsi, eyni zamana əməyə cəlb edilmə, minimum əməkhaqqının 3 misli qədər təqaüd verilməsi, reabilitasiya mərkəzlərinin yaradılması məsələləri daxildir.

Çox təəssüf ki, Azərbaycanda reabilitasiya mərkəzlərinin yaradılması ilə bağlı işlər ləngiyir. Bu da daha iqtisadi faktorlarla bağlı məsələdir. Hazırda reabilitasiya mərkəzi tikilməkdədir. Mən bildiyim qədəri ilə tikinti başa çatmaq üzrədir.

 

Bu, əlbəttə ki, məhkumların azad olunduqdan sonra reabilitasiya olunması üçün yeni imkanlar yaradır. Çünki bir sıra hallarda məhkumlar azad olunduqdan sonra yaşamaq üçün yerləri olmur. Bu da onların yenidən cinayət törətməklə həbsxanaya düşməsinə səbəb olan amillərdəndir. Eyni zamanda ailə üzvləri tərəfindən qəbul edilmir, azadlığa öyrəşə bilmir və s. Doğrudur, hər bir məhkum azadlığa çıxmamışdan 3 ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkumların məşğulluğu və digər məsələlərlə bağlı işlər həyata keçirilir. Amma bütövlükdə hər bir məhkumla bağlı fərdi proqramlar hazırlanmasına ehtiyac var. Çünki məhkumlar, biri digərinə nə qədər çox oxşasa da, yenə də aralarında əhəmiyyətli fərqlər var”.

 

“Probasiya xidməti azad olunmuş şəxslər üçün yeni imkanlar yaradacaq”

 

Hüquqşünas bildirib ki, 2007-ci ildə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanun qəbul edilsə də, işlək hala gətirilməyib:

 

“Mən inanıram ki, ölkə başçısının 10 fevral 2017-ci il “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamı bu sahədəki problemlərin həllində mühüm rol oynayacaq.

 

Həmin sərəncamdakı mühüm məsələlərdən biri də Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılmasıdır. Bu, məhkumların reabilitasiyası üçün çox vacib bir institutdur. Bu zaman məhkumlar cinayət törətdiyi andan reabilitasiya olunmağa başlayırlar. Ona görə də mən hesab edirəm reabilitasiyanın ən mühüm hissəsi psixoloji bərpadır. Çünki şəxs, cinayəti müəyyənləşmiş davranış qaydalarından kənar icra edir. Belə olan halda cinayət törətmiş şəxs müəyyən psixoloji travma alır. Amma reabilitasiya təkcə bununla sərhədlənməməlidir. Şəxsin həbsxanaya düşməsilə onun vərdişləri də unudulur. Ona görə bu məqam da diqqətdə saxlanmalıdır. Çoxsaylı işlərin görülməsi sosioloqlar və psixoloqların iştirakı ilə həyata keçirilməlidir. Bu baxımdan prezidentin sərəncamı proseslərə yeni yanaşmanın əsasını qoyacaq”.

 

“Əfvə düşənlər bir daha cinayət törətmir”

 

Ə.Nuriyev deyib ki, azad olunmuş şəxslərin az faizi yenidən cinayət törədir:

 

“Əfvə düşən şəxslər əsasən, cinayətə yol vermir, yaxud vaxtından əvvəl şərti azadetmə tətbiq edilən şəxslərin yalnız 1 faizi yenidən cinayət törədir. Ümumiyyətlə, bütün cəmiyyətlərdə türmə, həbsxana həyatı yaşamış şəxslərin yenidən cinayətə meyllənməsi müşahidə edilən haldır. Nə qədər qabaqlayıcı tədbirlər həyata keçirilsə belə, baş verir. Hətta ən inkişaf etmiş reabilitasiya sistemi qurulan ölkələrdə belə, bu hal yaşanır”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?