Modern.az

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: “Fəryad”da İsmayıla kömək edən “erməni qızı” - FOTOLAR  

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: “Fəryad”da İsmayıla kömək edən “erməni qızı” - FOTOLAR   

Mədəni̇yyət

2 Aprel 2017, 20:50

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas və epizodik rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir. 

Bu dəfə Azərbaycan tamaşaçılarının yaddaşında silinməz izlər qoymuş və adətən rayonlarımızın işğal tarixlərində nümayiş etdirilən “Fəryad” filmindən bəhs edəcəyik.

Qeyd edək ki, Fəryad filmində bir neçə əcnəbi aktyor və aktrisa rol alıb.

1993-cü ildə istehsal olunmuş “Fəryad” filmi Qarabağ müharibəsindən bəhs edən ən baxımlı ekran işi hesab olunur. Baş qəhrəman İsmayılın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır.

Ekran əsəri Qarabağ müharibəsində döyüşən hərbçilərimizdən birinin başına gələn əhvalatdan bəhs edir. Bu hərbçi məşhur “Ögey ana” (1958-ci ildə çəkilb) filmindən tanıdığımı İsmayıldır. “Ögey ana”nın balaca baş qəhrəmanı İsmayıl artıq böyüyüb. “Fəryad”dakı İsmayıl Hüseynov batalyon komandiridir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, ağır yaralanaraq huşunu itiri və ayılanda ermənilərə əsir düşdüyünü görür.

Əbəs yerə “Qarabağ salnaməsi” adlandırılmayan “Fəryad”ın rejissoru və baş rolun (İsmayıl) ifaçısı mərhum aktyor Ceyhun Mirzəyevdir.


O Ceyhun Mirzəyev ki, 1993-cü ilin martın 5-də “Fəryad”ın çəkilişindən sonrakı hazırlıq dönəmində dünyasını dəyişdi. Həmin gün Ceyhun Mirzəyev “Fəryad”  filmi haqqında hazırlanacaq televiziya proqramında iştirak etməli idi. Amma  ikinci dəfə keçirdiyi insult onun ölümünə səbəb oldu. Özünün çəkdiyi və baş rolda oynadığı filmin sonunu görə bilməyən aktyorun işini dostu və “Fəryad”ın ssenari müəllifi Vaqif Mustafayev yekunlaşdırdı. V.Mustafayev montaj və səsləndirməni gerçəkləşdirməklə Ceyhun Mirzəyevin işini sona çatdırdı.

Filmdə “Ögey ana” fimindəki İsmayılla “Fəryad” filmindəki İsmayıl eyni bir xarakterdə birləşdirilib.


24 il öncə çəkilən “Fəryad” filmi əsasən Goranboyda, Murovdağın ətəyindəki Qaraçinar, Zeyvə kəndlərində, “Rus Borisi” və “Erməni Borisi” adlanan yerlərdə çəkilib.

Qeyd etdiyimi kimi, Fəryad” filmində bir sıra əcnəbi kino ustaları da çəkilib. Onlardan biri gürcü aktrisası Liana Qudadzedir. O, Gürcüstanın ən məşhur aktyorlarından olan Vaxtanq Kikabidzenin əmisi qızıdır.

Liana Qudadze “Fəryad” filmində erməni qızı Asya rolunu oynayır. O, erməni qızı ki, əsir düşmüş azərbaycanlı zabit İsmayıla kömək edir, ona çörək və su verir, qaydına qalır. Yəqin ki, bu yerdə Asyanın kim olduğunu gözünüz önünə gətirdiniz. Filmdə Asya erməni batalyonunun komandiri Armen Xaçaturyansın qohumudur.



Təbii ki, Asyanın İsmayıla ürəyinin yanması səbəbsiz deyildi. Onun atası Xoren azərbaycanlılara əsir düşmüşdü və Asya çalışırdı ki, İsmayıl sağ qala bilsin ki, onu atası ilə dəyişdirsinlər.

Liana Qudadze Gürcüstan paytaxtı Tbilisidəki Şota Rustaveli adına Dram teatrının aktrisasıdır. O, 11 dekabr 1940-cı il tarixində anadan olub.

Liana Qudadze Tbilisidəki İncəsənət İnstitutunu 1963-cü ildə bitirəndən sonra Şota Rustaveli adına Dram Teatrında fəaliyyətə başlayıb. Və o gündən həm Gürcüstanda, həm də ölkə xaruicində onlarla teatr və kino işində bir-birindən maraqlı rollar oynayıb.
Bu gün 77 yaşında olan Liana Qudadze zamanında Gürcüstanın ən gözəl aktrisalarından sayılırdı. Gürcü mediasında dərc olunan məqalələrdə Liana Qudadzenin vaxtilə intim səhnələrin ən yaxşı ifaçılarından biri olduğu qeyd edilib.

Aktrisa evlidir və Nestani adlı oğlu, nəvələri ilə birgə yaşayır.




A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir