Modern.az

Nizami Cəfərov testi müdafiə etdi: “Sovet vaxtı tapşırılan uşaqlara yüksək qiymət verilirdi”

Nizami Cəfərov testi müdafiə etdi: “Sovet vaxtı tapşırılan uşaqlara yüksək qiymət verilirdi”

3 Aprel 2017, 12:31

Uzun müddətdir ki, cəmiyyətdə ali təhsil müəssisələrinə qəbul zamanı tətbiq olunan testin ləğv olunacağı barədə müzakirələr gedir. Əksəriyyət bu addımın imkansız ailələrin övladlarının ali təhsil müəssisələrinə daxil olmasının qarşısını almaqdan ötrü edirlidiyi qənaətdindədir.  

Məsələ ilə bağlı Milli Məclisin deputatı Nizami Cəfərov Modern.az saytına müsahibə verib.

 

 - Nizami müəllim, uzun illərdir ki, Azərbaycan ali təhsil müəssisələrinə qəbulla bağlı tətbiq olunan test üsulundan yaxın illərdə imtina olunması gözlənilir. Daha doğrusu, abituriyentlərə açıq tipli sualların təqdim olunması test üsulunun ləğv olunmasını gündəmə gətirir. Bu, nə dərəcədə qənaətbəxş ola bilər?

- Uzun müddətdir ki, test üsuluna keçmişik. Bu, dünyada olan praktikadır . Həmçinin, bu sahədə  kifayət qədər böyük təcrübə qazanılıb. Düşünürəm ki, bu, yetərli deyil. Zaman-zaman test üsulunun problemlərini də görmüşük. Həmin problemlər  dünya təhsil sistemində də mövcuddur. Azərbaycanda çalışıblar ki, bir sıra  ölkələrin, məsələn, Rusiyanın, Türkiyənin, İranın təcrübəsindən bəhrələnsinlər. Həmçinin müəyyən qədər əvvəlki yazılı imtahan üslubunun da davam etdirilməsinə səy göstərilib. Məsələn, elə sahələr var ki, orada testin tətbiqi önəmli deyil. Sosiologiya, incəsənət, ədəbiyyat  sahələrində bu, özünü göstərir. Əvvəllər  jurnalist test imtahanından keçsə də, yazı və dil təcrübəsinə malik olmurdu. Yazmaq barədə  təsəvvürü yox idi. Hüquq fakültəsində elə vərdişlər var ki, onlar yoxlanılmalıdır. Çünki bu sahəyə qəbul olunan tələbənin texniki  və ya şəxsi imkanları, fərdi kefiyyətlərinin səviyyəsinin öyrənilməsi baxımından  zəruridir. Yoxlanılmadıqda zaman-zaman belə hallarla rastlaşırıq. Hətta dövlət qulluğuna test imtahanından keçən abituriyentin, sonrakı müsahibədən keçməsinə ehtiyac olmadığını rəva görürlər. Mən elə güman edirəm ki, müsahibəyə də çox böyük ehtiyac var. Dövlət qulluğuna imtahan verən şəxsin fiziki göstəriciləri həmin sahəyə  cavab verməlidir. Məsələn, gecə yuxusuz qalmağı da bacarmalıdır. Elə adamlar var ki, gəlib test imtahanından uğurla keçərək, Xarici İşlər Nazirliyində hər hansı bir vəzifəni tutur. Sonra məlum olur ki, bu adam təyyarəyə minməkdən qorxur. Belə hallar var. İlk baxışda bu bir qədər  əhəmiyyətli görünməyə bilər, amma prinsipcə çox vacibdir. Şəxs  dahi də olsa, bu işin texniki şərtlərinə cavab verməlidir. Eyni zamanda, burada  söhbət  obyektiv müsahibə aparılmasından gedir.

- Siz sovet təhsil sistemini keçmiş adamsız. Sovet təhsili alan bir çox şəxslər israrla deyirlər ki, indiki şəraitdə test üsulunun ləğvi kasıb uşaqlarının ali təhsil almaq şansını sıfıra endirəcək. Çünki sovet dövründə daha çox imkanlı ailələrin uşaqları təhsil almaq gücünə malik idi.

- Əslində, o fikirlər də doğrudur. Digər tərəfdən, dediyiniz kimi mən qəbul imtahanını sovet dövründə vermişəm. Müşahidə etdiklərimə əsasən deyə bilərəm ki, çox çətindir. Təbii ki, sovet dövründə universitetlərdə, insitutlarda tapşırılan uşaqlara yüksək qiymət verilirdi və onlar da  imtahandan  keçirdi. Hətta biz universitetdə oxuyanda da bu cür halla qarşılaşmışıq. Məsələn, bilirdik ki, filankəs bu imtahanı özü verməyib, çünki bilik səviyyəsi çox aşağıdır. Eyni zamanda, xüsusi istedadların olduğunu deməliyəm. Təəssüf ki, onların qəbul ola bilməsində müəyyən çətinliklər var idi.
Qaldı ki, imkanlı uşaqların ali məktəblərə qəbul olunmasına, burada da bir həqiqəti söyləməliyəm. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsi ilə (1969-1982) imkanlı adamların övladlarının universitetə qəbuuna müəyyən qədər məhdudiyyət qoyuldu. Əgər belə olmasaydı, bir nəfər də kasıb balası universitetə daxil ola bilməzdi. Belə məsələlərdə mənimsəmə faktları olub. Əsasən imkanlı adamların övladları təzyiq göstərərək universitetlərə girirdi. Bunun qarşısı alındı. Ona görə də test üsulu hələlik uğurlu üsuldur. Düşünürəm ki, spesifik sahələrdə vaxtı ilə mövcud olmuş tarixi təcrübədən də istifadə eləmək lazımdır.

- Sizcə, gələcəkdə test üsulu ləğv olunarsa, Azərbaycan  təhsil sistemi rüşvət faktoru ilə nə dərəcədə üz-üzə qala bilər?

- Test üsulu ləğv olunarsa, Azərbaycanda rüşvətin baş alıb gedəcəyini əminliklə  demək olmaz. Əvvəla, test üsulunun tam ləğv olunacağına inanmıram.  Çünki o zaman  daha alternativ və  daha münasib bir üsul tapmaq lazımdır. Hələ ki, o üsul da yoxdur. Bizdə belə bir qəbul qaydası ola bilər. Bütün ərizə verənlər istədikləri universitetlərə, fakültələrə qəbul olunsun. Amma tədris prosesi zamanı təhsilin səviyyəsi, imtahanlar, yoxlamalar  elə aparılsın ki, oxuya bilməyən bir mərhələdən o birisinə keçməsin. Bu da mümkündür, amma, bu, ideal məsələdir.  Bilmirəm nə dərəcədə texniki baxımdan məqbuldur. Çünki bir var  əvvəldən dediyim kimi olsun, bir də var ki, mərhələ- mərhələ baş versin. Təbii ki, ona daha çox enerji gedir.

Onu da nəzərə almaq lazımdır ki, əlavə suallarda uşaqlar həm kəsilə, həm də qiymət ala bilər. Həmçinin, ümumi götürəndə əlavə sual heç nəyi həll etmir. Həm də sovet dövründə imtahanlar  təkcə  şifahi deyildi, biri-ikisi yazılı, qalanı şifahi olurdu. Düzgün aparılmaq şərti ilə o dövrün təcrübəsindən istifadə etmək lazımdır. Bunda  xüsusi bir nöqsan yoxdur. Nöqsan odur  ki, müəyyən yaradıcılıq sahələri, qabiliyyət imtahanları mümkün qədər gücləndirilməlidir. Əlbəttə elə sahələr var ki, xüsusilə texniki sahələrdə dörd variant verilə bilər. Amma humanitar elmlərdə o dörd variantlıqdansa, açıq cavab yaxşıdır. İş burasındadır ki, o dörd variantlı sualı texniki baxımından qiymətləndirmək asandır. Kompyuterlər vasitəsilə  qiymətləndirilir. Amma sərbəst sualları mütləq yoxlamaq lazımdır. Texniki baxımdan yoxlanılması çətindir. Bununla yanaşı, humanitar sahədə ikinci variant yəni sual verilə, sadəcə, onun cavabı yazıla.

- Belə başa düşdüm ki, test üsulunun tətbiqini  tam olmasa da, qismən məhdudlaşmaq  bir çox sahələrdə daha yaxşı mütəxəssislərin yetişməsinə yol açacaq.

- Təkrar edirəm. Bütün hallarda demokratiya tələb edir ki, hər şey qanunla  həll edilsin. Test üsulunu birdəfəlik  məhdudlaşdırmaq  olmaz. O da nəticə etibari ilə subyektivliyə gətirib çıxarır. Bayaqkı sualınıza cavab olaraq demək istəyirəm ki, bu gün varlı adamlar övladlarına əcnəbi dillərin  öyrədilməsi üçün şərait yaradır.  Xüsusi məktəblərə, müəllim yanına qoyurlar, hazırlaşdırırlar. Düşünürəm ki, bu, heç də nöqsanlı bir şey deyil. Əgər biz birdən qadağan eləsək ki, hüquq, biznes sahəsindəki, dövlət qulluğundakı adamın uşağı qəbul olmasın, onda o istedadları itirmiş olarıq. Yəni bu gün onu təsdiq eləmək mümkün deyil. Amma xüsusilə, universitetlərdə müəllimlə tələbə arasındakı münasibətlərin məhdudlaşdırılması doğrudur. Bir tərəfdən imtahan götürmək baxımından obyektivliyi təmin edir. Başqa bir tərəfdən elmi məktəb, elmi üslub universitet professorunun yaradıcılıq qabiliyyətinin tələbəsinə ötürülməsi baxımından problemlər yaranır. Elə bil ki, hamı eyni cür olur. Hər bir universitetdə məktəb yaradan böyük elm adamları olur, onların təcrübəsi birdən-birə bütün sinfə ötürülə bilməz.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı