Modern.az

Dərbənd, Təbriz, Borçalı - Qarabağa hay verin!

Dərbənd, Təbriz, Borçalı - Qarabağa hay verin!

3 Aprel 2017, 13:06

Ermənistanın bu günə qədər işğalçı ritorikadan əl çəkməməsinə görə torpaqlarımızın bir hissəsi hələ də düşmən tapdağındadır.

 

Ötən ilin aprel müharibəsində isə düşmənə layiqli cavab verildi, Azərbaycan böyük hərbi nailiyyətə imza atdı və bununla da Ermənistanın özü haqqında formalaşdırdığı “güclü” obrazı darmadağın edildi.

 

Azərbaycan dövlət səviyyəsində və ictimai təşkilatlar vasitəsi ilə beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya birliyinin diqqətinə çatdırır. Bu istiqamətdə böyük işlər görülüb – bunu danmağa mənəvi haqqımız belə yoxdur.

 

Lakin ortada bir məsələ var ki, bu, öz həllini gözləyir. Belə ki, biz hələ də Qarabağ münaqişəsini bütün dünya azərbaycanlılarının ümummilli probleminə çevirə bilməmişik. Təbriz, Dərbənd, Borçalıda yaşayan bütün azərbaycanlıların milli probleminə.

 

Deputat Fazil Mustafa Modern.az-a açıqlamasında deyib ki, məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. “Əslində, biz ilk olaraq, Azərbaycan dövlətini dünya azərbaycanlılarının dövlətinə çevirmək işini başa çatdırmalıyıq.

 

Burada söhbət ikili vətəndaşlıq və digər məsələlərdən gedir. Başqa ölkələrdə yaşayan soydaşlarımızın bu və ya digər formada Azərbaycana bağlılığı təmin olunmalıdır. Bundan sonra məsələlərə daha məsuliyyətli yanaşmanın şahidi olarıq”-deyə F. Mustafa qeyd edib.

 

Milli Məclis üzvü bildirib ki, Azərbaycan bu problemləri həll etmədiyindən başqa ölkələrdə yaşayan həmvətənlərimizə bəzən yad kimi baxılır. “Biz hətta hüquqda da Gürcüstanda yaşayan Azərbaycan türklərinə müəyyən mənada əcnəbi prinsipi ilə yanaşma tendensiyasını müşahidə edirik. Azərbaycanın miqrasiya ilə bağlı əcnəbilərə tətbiq etdiyi bütün qaydalar Gürcüstanda yaşayan soydaşlarımıza da tətbiq olunur. Bu da həmin insanların mənəvi tellərlə Azərbaycana bağlılığının qarşısını alır”.

 

Deputatın fikrincə, siyasətimizi daha da təkmilləşdirməliyik ki, bu insanları Azərbaycanın problemlərinə, qayğılarına, Qarabağ məsələsində mövqemizin dəstəklənməsinə daha çox sövq edə bilək. “İndiki şərtlərdə isə bu, istənilən nəticəni vermir. Bu, həm də İrançı zehniyyətinin yayılması ilə bağlıdır.

 

Bu, çox təhlükəli bir zehniyyətdir. Xaricdə, o cümlədən İranda yaşayan azərbaycanlılar da özlərini müəyyən mənada vətəndaşı olduğu dövlətin tərkib hissəsi sayırlar. Milli haqlarının əldə olunması üçün çox da fəallıq etmirlər. Buna görə də, hazırkı mənzərə gözlənilən bir şeydir. Bu mənzərəni dəyişmək üçün real addımlar atmalıyıq”-deyə o əlavə edib.

 

Aqşin KƏRİMOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər