Modern.az

“Uğur nərdivanı” - “Müəllim mənə deyəndə ki “sən yəqin ki, əlaçısan”, uşaqlar gülüşdülər” - MÜSAHİBƏ

“Uğur nərdivanı” - “Müəllim mənə deyəndə ki “sən yəqin ki, əlaçısan”, uşaqlar gülüşdülər” - MÜSAHİBƏ

3 Aprel 2017, 13:55

Dövlət İdarəçilik Akademiyasının müəllimi Xəqani Səfərov: “Bütün uğurlar zəhmət, iradə və istəkdən yaranır”


“Bizim gənclərin ən böyük problemi rahatlıq axtarmalarıdır”


Həyatda uğur qazanmaq və parlaq karyera sahibi olmaq üçün nələri bilməliyik?
Bu sualın cavabını müsahibimiz daha peşəkarcasına cavablandıracaq. Gilan FMCG Trade & Distribution MMC-nin İnsan Resursları departamentinin direktoru, eyni zamanda Dövlət İdarəçilik Akademiyasının magistr müəllimi Xəqani Səfərov "Qızıl nisbət" formulunun incə, lakin çox vacib məqamlarını bizimlə bölüşəcək. Modern.az onunla müsahibəni təqdir:

- Xəqani bəy, istərdim məktəb illərinizə qısa səyahət edək, orta məktəbi harada bitirmisiz?

- Bakı şəhərinin Bakıxanov qəsəbəsində yerləşən 94 saylı məktəbdə təhsil almışam. Çox maraqlıdır ki, 11 ilimi eyni partada keçirmişəm. Daha da maraqlısı odur ki, mən 7-ci sinifə qədər ən aşağı qiymətlər alan şagirdlərin siyahısında idim, hətta 7-ci sinifdə mənim sinifdə qalmağım belə müzakirə mövzusu idi. Artıq ailəm, yaxınlarım, ətrafımdakı hər kəs mənim pis və avara bir şagird olduğumu düşünürdü.
8-ci sinifdə belə bir hadisə baş verdi. Yeni dərs ilinin ilk günlərində coğrafiya müəllimimiz sinifə daxil oldu və coğrafiya fənnindən sual-cavaba başladı. Mən ağlımda qalan cavablarla onun suallarını cavablandırdım və mənə dedi ki: “Sən yəqin ki, əlaçısan.” Uşaqlar gülüşdülər və mən o zaman düşündüm ki, niyə də olmasın? Dərsdən evə gəldim və növbəti coğrafiya dərsi üçün hazırlıqlı getdim. Müəllim mənə yüksək qiymət yazdı, ən aşağı qiymətləri alan şagird üçün bu olduqca ruh yüksəkliyi verən bir hadisə idi. Daha sonra kimya fənnindən də eyni aktivliyi göstərərək yüksək qiymətlər aldım və 8-ci sinifdə əlaçı oldum. Bu məktəbi bitirənə qədər belə də davam etdi. Beləliklə məktəbi əlaçı olaraq bitirdim.

-Məktəb illərində xüsusi bir fərqlənməniz olubmu - tərifnamə,olimpiada nəticəsi ?

- Məktəb daxilində keçirilən olimpiadalarda bir neçə dəfə iştirak edərək tək və ya komanda daxilində birincilik qazandığımızı xatırlayıram.
Eyni zamanda, məktəbdən məzun olduğumuz il universitetə ən yüksək balla daxil olan abituriyent idim.  Məktəbimiz çox prestijli məktəblər sırasında olmasa da, məktəbimizə və mənə görə həmin nəticə  çox yüksək göstərici idi.

- Hansı ali məktəbi bitirmisiz ?

- Prezident yaninda Dövlət İdarəçilik Akademiyasına daxil oldum və ixtisas seçimim də çox maraqlı oldu. Mən universitetə hazırlaşdığım vaxt ixtisasların yazıldığı jurnal əlimə keçdi və müəllimimdən hansı ixtisasın daha yaxşı olduğunu soruşdum. O da Dövlət İdarəçilik Akademiyasının Menecment ixtisasını məsləhət gördü, hansı ki, son 4 ildə ən yüksək bal toplayan abituriyentlər həmin ixtisası seçirdilər. Mən də o zaman həmin fakültəyə daxil olacağımı bildirdim və müəllimim mənə güldü, bəlkə də, inanmadı. İxtisas seçimi zamanı ilk həmin fakültəni qeyd etdim və elə həmin yerə də qəbul olundum. Daha sonra İqtisad Universitetinin Strateji idarəetmə fakültəsinə daxil olaraq, magistratura təhsilimi davam etdirdim.


- Yaxşı oxumaq, xoşbəxt gələcək uğurunda mübarizə dəmir iradə tələb edir. Bəs dəmir iradəli olmaq üçün nə etmək lazımdır?

- Mənə görə iradə nisbi anlayışdır. Məsələn yuxudan tez oyanmaq iradə tələb edirmi? Bəziləri üçün hə, bəziləri üçün yox. Və ya hər hansı bir vərdişi tərgitmək də eyni cür. Çünki iradə insanın limitlərinin sərhədlərindədir. İnsandan insana bu sərhədlər dəyişir. Bəziləri üçün gündəlik bir fəaliyyət digərləri üçün iradə tələb edən bir məqsəd ola bilər. Dəmir iradəli olmaq nisbi ola bilər. İnsanın içindən gələn, ağlının və ürəyinin birləşdirdiyi hədəflər olmalıdır ki, artıq bu hədəflər gecə və gündüz fikrinizi məşğul edəcək və onlar üçün iradə də tələb olunmayacaq, bunlar xüsusi zövqə çevriləcək. Sadəcə doğru hədəfləri müəyyən etmək lazımdır. 
Mən universitetə hazırlaşdığım vaxtlar gecələr yatmırdım, xüsusilə riyaziyyat fənnindən çox zəif olduğum üçün durmadan çalışırdım. 4-5 ay içərisində artıq ətrafımdakı hər kəsdən daha yüksək səviyyədə riyaziyyat bilirdim və bu sadəcə mənim riyaziyyat fənninə olan sevgimdən qaynaqlanırdı.  Amma ədəbiyyat fənnindən çox zəif idim və hələ də ədəbiyyat biliklərim zəifdir. Çünki, bu fənnə sevgi ilə yanaşa bilmirdim. Bütün uğurlar sevdiyiniz fəaliyyətdən başlanır.  Dəmir iradəli olmaq üçün sevdiyiniz məşğuliyyəti tapıb onunla məşğul olmalısınız.

- Əksər gənclərdə belə bir fikir formalaşıb -"yerli ali məktəblər sadəcə diplom verir, karyera qurmaq üçün faydalı biliklər vermir. Bunun üçün ya xaricdə oxumalısan, ya da "tanışlıqla" işə düzəlməlisən"- bu fikirlərə münasibətiniz.

- Təəssüf ki, qismən doğrudur. Tanışlıqla işə düzəlmək halları əvvəlkinə nisbətən daha mimimum səviyyəyə enib, ancaq hələ də qalmaqdadır. Ancaq bu o demək deyil ki, siz heç kimin dəstəyi olmadan işə qəbul oluna bilməzsiniz. Birincinin mövcud olması, ikincinin olmamasına dəlalət etmir. Mən öz timsalımda bunu deyə bilərəm. Hal-hazırda olduğum pilləyə qədər heç bir yardım almadan irəliləmişəm. Və öz praktikama əsasən 0-dan heç bir tanışsız, ilkin bilgilərlə işə qəbul etdiyim çoxlu sayda əməkdaş var və onlar hal-hazırda şirkətlərdə insan resurslarının idarə olunması üzrə aparıcı mütəxəssislərdir. Yəni bütün uğurlar zəhmət, iradə və istəkdən yaranır. Ola bilər ki, bəzən tanışlıq və s. ilə sizinlə eyni postda olan namizəd sizdən daha irəli keçir, ancaq bu müəyyən müddət sonra sizin ondan daha yüksək vəzifəyə gəlməyəcəyiniz demək deyil.

- Azərbaycan universitetlərinin kadr hazırlığı səviyyəsi sizi qane edirmi ?

- Qətiyyən etmir.  Bu iki amillə bağlıdır. Əvvəla, Azərbaycanda bir çox təhsildən səlahiyyətli insanlarda təəssüf ki, təhsilə yanaşma məntiqi mənə görə yanlışdır.  Digər tərəfdən tələbələrdə də müəyyən qədər günah var. Əsas məqsəd strategiyanın doğru qurulmasıdır.  Çox təəssüf ki, indiki dövrdə universitetlərdə öyrədilməyən bir çox şeyi biz iş mühitində əməkdaşlara öyrətməyə borcluyuq. Bu da ciddi mənada biznesin üzərinə əlavə yük qoyur və biznesi ləngidir. Bu çox sadə texniki biliklərdən biznes etikasına qədər uzanır. Bu zaman universiteti  bitirib iş həyatına qədəm qoyan namizədlərin əksəriyyəti iş həyatına hazırlıqlı olmurlar, ən xırda problemləri belə həll edə bilmirlər. Biznes  çox ağır və möhkəm fırlanan bir çarxdır. Universitetdə kifayət qədər bilik və bacarıq əldə edə bilməyən namizədlər bu çarxı ləngidir və özləri də əzilirlər.

- Aztəminatlı yoxsa tamtəminatlı ailədə böyüdüyünüzü bilmirəm.Amma fikrinizi bilmək istərdim, təhsil-karyera zəncirində maddiyyatın rolu nə qədərdir?

- Aztəminatlı ailədə böyümüşəm. Maddiyat təhsildə olduqca vacib rol oynayır. Təəssüf ki, maddi çatışmazlıqlar bir çox bacarıqlı və parlaq gənci bu səhnədən uzaqlaşdırıb.
Universitetdə oxuduğum zaman ingilis dilində bir layihə vardı. 4-5 etapdan ibarət idi, hər etapda ingiliscə müsahibə götürürdülər. Müsahibədə 1-ci yerə çıxanlar üçün pulsuz idi layihəyə qoşulmaq, digərləri üçün isə endirimli və ya pullu. Mən müsahibəyə girdim və təəssüf ki, 1-ci yox 2-ci səviyyəyə düşdüm. İkinci yer 30 manat ödəniş tələb edirdi. Məndə həmin 30 manat belə, yox idi, yəni ailəmin vəziyyətini bildiyim üçün layihəyə qoşulmadım. Və mən indi arxaya dönüb baxdığım zaman görürəm ki, həmin kursa getməməklə mən indi olduğum vəziyyətin 2 və ya 3 misli halını itirmişəm. O kursa getsəydim, əminliklə deyə bilərəm ki, indi olduğum vəziyyət ən azı 2 qatı daha yaxşı olacaqdı. Sadəcə 30 manata bağlı idi. Yəni maddiyat çox önəmlidir. Ancaq bu o demək deyil ki, maddiyat olmasa heç nə mümkün deyil. Maddiyat uğurun qısa yolunu təmin edir. Ancaq o qədər maddi baxımdan digərlərindən üstün insanlar da var ki, onların övladları və ya özləri bütün bu imkanlara baxmayaraq, inkişaf edə bilmirlər. Maddiyatsız yol uzun, digəri isə qısa yoldur. Ancaq elə ola bilər ki, bəzən səni qısa yol arxayın salır və ilişib qalırsan. Uzun yolla gedənlər isə ünvana çatır.

- İlk iş təcrübəsi uğur nərdivanının ilk pilləsidir. Zirvəyə doğru sağlam nərdivan qurmaq üçün ilk pillədə əlimizdə nələrin olması vacibdir?(hansı təməl biliklər-dil,komp. və s.)

- Sadəcə tənbəlliyin daşını ataraq, iş üçün əlinizdən gələni etməlisiniz. Özünüzü işçi kimi deyil, şirkətin rəhbəri kimi görün və şirkət üçün əlinizdən gələni edin. Bu zaman həm siz inkişaf edəcəksiniz, həm də şirkət sizi kəşf edəcək. Karyera inkişafınız daha sürətli gedəcək. Sizinlə bir təcrübəmi bölüşmək istəyirəm. 4-5 il əvvəl bir şirkətdə çalışırdım. Həmin şirkətdə performans dəyərləndirmə tətbiq etməyə başladıq, sistemi formalaşdırdıq. Hər kəs bu şirkətdə bunu etməyin mənasız olduğu ilə bağlı fikirlər səsləndirirdi. Hamı deyirdi ki, heç bir uğura nail olmayacaqsınız, performans dəyərləndirmə nəticələri uğursuz olacaq, bu nəticəyə görə əməkdaşları qiymətləndirməyəcək və s. Və mən bunun üzərində çox çalışırdım, gec saatlara qədər işdə qalırdım. Həqiqətən də onlar haqlı oldu. Doğrudan da nəticə ürəkaçan olmadı. Biz əlimizdən gələni etsək də, gözlədiyim kimi nəticələr vermədi.
Amma mən orada bir şey öyrəndim. Performans dəyərləndirmə sistemi qurmağı öyrəndim. Mən insanlara izah etməyə çalışırdım ki, şirkət bundan nə dərəcədə fayda əldə edəcək bilmirəm, amma bu mənim üçün olduqca faydalı olacaq. Gec saatlara qədər qalmağım sırf özümü bu sahədə inkişaf etdirmək üçün idi və mən indi istənilən şirkətdə bu sistemi qura biləcək qabiliyyətləri məhz həmin şirkətdə formalaşdırdım. Baxmayaraq ki, mənim işim daha tez bitirdi və bu fəaliyyətə görə əlavə ödəniş belə almırdım.
Düşünürəm ki, istənilən işdə texniki biliklər təbii ki, vacibdir, lakin ən önəmlisi iş  üçün təşəbbüs göstərərək əlindən gələni etmək və bunun fonunda özünü inkişaf etdirməkdir. 


- İnsan resursları termini sizə nə vaxtdan doğmalaşdı?

- Bir neçə il bundan əvvəl bir şirkətdə çalışırdım, rəhbər vəzifədəydim və profilim İnsan Resursları deyildi. Belə bir deyim var:  “General olmaq istəməyən əsgər, əsgər deyil.” Mən də özümü o cür hiss edirdim və düşünürdüm ki, mən bu sahədə ən uğurlu insan olmaq istəmirəm və bu sahə mənim sahəm deyil. İxtisasımı dəyişdim və İnsan Resurslarını seçdim. Bu zaman ətrafımdakı insanlardan mənfi təəssüratlar gəldi ki, nə üçün işini tərk etdin, sıfırdan, təcrübəsiz olduğun bir sahəni niyə seçdin? Amma düşünürəm ki, o vaxt doğru addım atmışam.

- İR şirkətin idarəediciliyində hansı əhəmiyyəti daşıyır?

- Belə bir misal deyim, bir binanın tikilməsini təsəvvür edin. Şirkət qurmaq bina tikməkdir. Bu zaman bənna lazımdır və bu bənna sahibkardır. Bəzi işləri memarlar görəcək, bəzilərini dizaynerlər, fəhlələr və s. Şirkət də buna bənzəyir. Hər bölmənin öz vacib işi var. İR bu binanın tikilməsində birbaşa heç bir iş görmür, ancaq işin keyfiyyətinə birbaşa cavabdehdir. Bənnaya ən keyfiyyətli materialları verməlidir ki, binanın tikintisi uğurlu olsun.
Forbes jurnalı 2015-ci ildə bir araşdırma aparmışdı və bu araşdırmada şirkətləri ayaqda saxlayan 10 mühüm səbəb açıqlamışdı. Və həmin siyahıda ilk növbədə İR-nın keyfiyyəti dururdu. Yəni İnsan Resurlarının keyfiyyəti şirkətdə bir çox şeyi həll edir. Artıq dünyada belə bir tendensiya var, şirkətlər anlayırlar ki, onları ayaqda saxlayan nə maliyyə, nə digər faktorlardır, ən vacibi insan resurslarının keyfiyyətidir. Maliyyə resursları olan və batan minlərlə şirkət var. Nokianın timsalında bunu deyə bilərik, bir dəyişim oldu və Nokianın menecmenti bu dəyişimə uyğunlaşmadı.  Əgər İR sistemi keyfiyyətli qurulsaydı daha fərqli ola bilərdi.

- Kadr seçimi zamanı namizədin hansı keyfiyyətini ən yüksək dəyərləndirirsiz ?

- Məncə 3 əsas dəyər ölçüsü var. Əsas səmimiyyətdir. İkinci qabiliyyət olmalıdır. İnsan təcrübəsiz ola bilər, dil bilməyə bilər, ancaq qabiliyyətli olmalıdır. Üçüncü enerjili olmalıdır. Hər üçü eyni dərəcədə vacibdir. Mən bu 3 fenomen üzərində fokuslanıram və bu 3 xüsusiyyəti gördüyüm namizədləri işə götürürəm. Baxmayaraq ki, bəzən təcrübəsiz olur, dil bilmir və s.

- Sizə görə hansı daha qəbuledilməzdir: 1.Savadsız işçi rəhbər vəzifədə, 2.Savadlı kadr layiqindən aşağı pozisiyada?

- Maraqlı sualdır. Məncə birinci olmasa, ikinci də olmaz. Yəni savadsız rəhbər olmasa, savadlı kadr öz yerindən aşağı pozisiyada olmaz. Hərə layiqli yerində olar. Ancaq ən dözülməz olan birincidir.

- "Peşə vicdanı" nə qədər əhəmiyyətli termindir və keçirdiyiniz çoxsaylı təlimlər zamanı bunu gənclərə önərirsinizmi ?

- Gənclərə hər zaman bu mövzu ilə bağlı təlim keçirəm. İş etikası mənim akademik araşdırdığım mövzudur. Fikrimcə, iş etikası insani keyfiyyətlər ilə biznes keyfiyyətləri arasında bir körpüdür. Və əgər bu körpü olmasa insanın ikili şəxsiyyəti olar. İşdə başqa, evdə başqa bir şəxs kimi davranar.
Misalçün, iş yerindəki printerlə insan öz kitabını çap etdirə bilərmi? Məncə bu doğru deyil. Bu iş etikasının pozulmasıdır. İş vaxtında işin mənafeyinin əleyhinə, İşin alətlərini resurslarını şəxsi niyyətlə istifadə etmək olmaz.


- Səlahiyyətinizdən asılı olaraq işinə xitam verdiyiniz işçi olubmu ? Hansı halda personalın işinə xitam vermək olar ?

- Ən aşağı vəzifədən şirkət rəhbərinə qədər işdən azad etdiyim əməkdaşlar olub. Əgər insan iş etikasını pozubsa, onunla yola davam etmək mənim fikrimcə düzgün deyil. Misalçün, əgər kassir kassadan pul götürürsə, oğurluq etdiyi üçün deyil, sadəcə olaraq inamı sarsdığı üçün və iş etikasını pozduğu üçün işdən azad olunmalıdır. Peşəkarlığı inkişaf etdirmək mümkündür, bu səbəbdən qeyri-peşəkarlıq ucbatından işdən azad etmə halları çox az olub. Əgər düşünürsünüzsə ki, bir işçiyə investisiya qoymağa dəyməz, bu halda onun da işdə qalması şübhə altında qalır və son nəticədə işdən azad olunması gərəkir. Bu da səhv işə qəbulun nəticəsidir. Bu səbəbdən işə qəbul prosesi çox uğurlu aparılmalıdır ki, şirkətə dəyər qatmayacaq kadrlar daxil olmasın.


- Ümumiyyətlə işçini işdən kənarlaşdırmaq problemin həlli sayılırmı ?

- İşçini işdən azad etmək ən sonuncu addım olmalıdır. Əgər iş etikasını pozubsa, birmənalı işdən kənarlaşdırılmalıdır, ancaq hər hansı peşəkarlıqla bağlı səhv edibsə bu zaman üzərində çalışaraq bu səhvi bərpa etmək mümkündür.
Bununla bağlı bir maraqlı bir misal var. Bir şirkətə yeni bir əməkdaş gəlir və şirkətə bildirir ki, əgər filan layihəyə 1 milyon vəsait ayırsanız, mən sizə milyonlar qazandıracağam. Şirkət pul ayırır və əməkdaş layihəni uduzur. Ertəsi gün işə gəlir və ərizəsini yazaraq bildirir ki, mən sizin etimadınızı doğrulda bilmədim. Şirkət rəhbəri ərizəni cırıb atır və deyir ki, mən hesab edirəm ki, bu 1 milyonu sənin təhsilin üçün xərclədim və sən bu təcrübədən çox şey öyrəndin. Növbəti 1 milyonu sənin üçün ayırmışam ki, get və digər layihəyə qoşul, layihəni qazan. Mən əminəm ki, onu udacaqsan.
Məncə də bu belədir, əgər qeyri-peşəkarlıq ucbatından əməkdaş səhv edirsə, bundan nəticə çıxarır və növbəti dəfə üçün təcrübə qazanır. Ancaq iş etikası pozularsa, bu o qədər də üzərindən asan keçiləcək bir səhv deyil.


- Karyeranızın zirvəsində özünüzü harada və hansı pozisiyada görürsüz?

- 6 il menecment təhsili almışam. Və uzun illərdir bu barədə öyrənirəm, araşdırıram. Hal-hazırda da universitetdə bu mövzudan dərs deyirəm. Həm nəzəri, həm də təcrübi biliklərim imkan verir ki, mən bir gün hansısa bir şirkətdə rəhbərlik edim və həmin şirkətdə ən yaxşı idarəçilik məktəbini yaradım. Bütün idarəçilik mənim əlimdə olanda həmin şirkətdə daha aydın qərarlar verə və daha stabil, daha uğurlu bir idarəetmə sistemi qura bilərəm.


- Xaricdən heç iş təklifi almısınızmı və ya bundan sonra alsanız, dəyərləndirərsinizmi ?

- Xaricdən iş təklifi almamışam. Və bu sahədə o qədər maraqlı da deyiləm, yəni ölkədən çıxmaq kimi bir məqsədim yoxdur. Amma ola bilərmi? Bu situasiyadan asılı olaraq düşünülə bilər. Bir neçə il xaricdə çalışıb, xarici təcrübəni öyrənib ölkəyə qayıtmaq məncə pis olmazdı. Əgər inkişaf perspektivi varsa, dəyərləndirərəm. 


- Sonda peşəkar insan gənclərə nə tövsiyyə edir ?

-
Gəncliyimiz məni çox ümidli edir. Ağıllı, dövrlə ayaqlaşan, geriliyi qəbul etməyən, dəliqnalı gəncliyimiz var. Bu bizim ölkə üçün lazımlıdır. Onları qorumalı, inkişafları üçün əlimizdən gələni etməliyik. Bəzi gənclərin ən böyük problemi odur ki, komfort zonadan çıxmaq istəmirlər. Mən gənclərlə görüşəndə bunu görürəm ki, onların əksəriyyəti zəhmətə, çalışmağa yox, əyləncəyə meyillidir. Bilirsiz gənclik böyük qüvvədir.  Gəncsinizsə, hesab edin ki, milyonlarınız var və bunları doğru yerə xərcləyin. Əyləncə də, risklər də, öyrənməkdə bu yaşda  çox gözəldir. Gənclər öz üzərində çalışmalıdırlar, özlərini inkişaf etdirməlidirlər. Bir müddət sonra bunları etmək çətin olur. Artıq SMART dövr gəlib. Bu gün ölkədə ciddi kadr çatışmazlığı var. Gənclər lazımdır ki, gəlsinlər və həmin boşluğu doldursunlar. Sözsüz ki, çalışqan və əzmkar gənclərimiz də çoxdur, amma əksəriyyətində belə bir nüans görmüşəm ki, axına qapılıb gedirlər. Universitetdə oxuyursa, universitetin imkan verdiyi qədər, çalışırsa, şirkətin imkan verdiyi qədər ola bilirlər. Özlərini inkişaf etdirmək üçün əlavə səy göstərmirlər. İnsan universitetin, şirkətin, ölkənin sərhədlərini aşmalıdır. Maksimum olmağa çalışmalıdır. Uğur yorğunluq tələb edir, zəhmət tələb edir. Uğurlu olmaq böyük bir zövqdür. İnsan əvvəlcə özü üçün uğurlu olmalıdır. Bunun üçün insan zəhmət çəkməlidir, komfort zonasından çıxmalıdır. Ən böyük rəqibiniz dünənki özünüzsünüz. Dünənki özünü bir addım keçdinsə, deməli uğurlusan. 

Gənclər tövsiyyəm odur ki, dünyanı gəzsinlər, öyrənsinlər, inandıqları həqiqəylərin arxasınca getsinlər. Böyüklərin təcrübələrindən, səhvlərindən öyrənsinlər. Həyatlarını dolu-dolu yaşasınlar.


Dünya Muradova

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər