Modern.az

Bədbəxt taleli Azərbaycan filmləri... - II YAZI

Bədbəxt taleli Azərbaycan filmləri... - II YAZI

3 Aprel 2017, 18:27

Azərbaycan kino tarixində uğursuz tale, acı aqibətlə üzləşmiş xeyli filmlər var ki, bu gün onlardan tamamilə xəbərsizik. Ən yaxşı halda adlarını eşitmiş, “üzünü” isə ekranda görməmişik. Həmin filmlərdə  yaradıcı kollektivin ağır əməyi, əziyyətinin  qalmasına baxmayaraq, televiziyalar onları qətiyyən nümayiş etdirmir. Bəzən, heç telekanalların özündə də günah olmur. 

Çünki haqqında danışacağımız “bədbəxt filmlər”dən bəziləri ümumiyyətlə kinoteatr və televiziyalara təqdim olunmayıb.

Modern.az saytı bu yazıda həmin filmlərdən bəhs edir:

Bircəciyim”- 1986-cı ildə ərsəyə gələn film İlyas Əfəndiyevin məşhur “Sarıköynəklə Valehin nağılı” pyesinin motivləri əsasında ekranlaşdırılıb. Lakin müəyyən səbəblərdən həm pyesin, həm də uzun illər Akademik Milli Dram Teatrının səhnəsində oynanılan eyniadlı tamaşanın kölgəsində qaldı. Ekranlarda da demək olar ki, filmə rast gəlinmir. Onun varlığından nadir sayda insanlar- onlar da kino mütəxəssisləri və vurğunları- xəbərdardılar. Ənvər Əblucun böyük zəhmət hesabına çəkdiyi filmdə  baş rolları Mehriban Xanlarova və Kamil Zöhrabov oynayıb. Həsən Məmmədov, Ramiz Məlikov, Hamlet Xanızadə, Rafiq Əzimov, Fərhad İsrafilov kimi aktyorların çəkildiyi film təəssüf ki, özünü  kino bazarında təsdiqlədə bilmədi. Moskva Mərkəzi Televiziyasının sifarişi ilə çəkildiyi üçün ssenarisini rus müəllif Yusi Çulyukin yazmışdı. Deyilənərə görə, tamaşaçıların qəbul etdiyi “Sarıköynəklə Valehin nağılı”nın ruhu həmin ssenaridə tamamilə dəyişmişdi. Bəlkə də, filmin qəbul olunmamağının əsas səbəbi elə bu olub.

Lakin filmin çəkiliş prosesində çox çətin anlar yaşanıb. Bildiyimiz ki, iki gəncin sevgisindən bəhs edən əsərdə sürücü obrazları çoxluq təşkil edir. Özü də yük maşını idarə etməli olan aktyorlar böyük çətinliklə üzləşirlər. Avtokaskadyorlardan hər kadrda istifadənin mümkün olmadığını nəzərə alan çəkiliş qrupu sükan arxasında olan aktyorların yanına peşəkar sürücü əyləşdirir. Lakin bu da qəzanın qarşısını ala bilmir. Belə ki, aktyorlardan birinin idarə etdiyi qabaqdakı “Kamaz” aşdıqdan sonra onun ardınca gələnlər də qəza vəziyyətindən çıxa bilməyərək, bir-birilərilə toqquşurlar. Filmin uğursuzluğunda, bəxtsizliyində əsas səbəblərdən biri də bu olub. Təsəvvür edin, çəkilişlər qalıb bir kənara, polislər baş verən qəza ilə bağlı aktyor, rejissor və çəkiliş qrupunun bəzi üzvlərini sorğuya alırdı.
Bəxtsiz filmin istehsalat taleyi də çox uğursuz oldu

 

Kəndililər”- Azərbaycan səsli kino tarixinin ilk nümunələrindən biri hesab olunur. Filmdə Mustafa Mərdanov, Ələsgər Ələkbərov, Möhsün Sənani, Rza Əfqanlı, Sidqi Ruhulla kimi böyük aktyorlar çəkilib. Amma Azərbaycan ekran tarixinin ilk böyük  nümunəsi olmağa layiq olan film uğursuzluğa düçar olur. Repressiayadan sonrakı  şəraitdə çəkilməsi az imiş kimi, bir tərəfdən də müharibə başlayır. Üstəlik, sonradan filmin bədii ssenarisi zəif kimi qiymətləndirilir və nə az-nə çox düz 20 epizod ssenaridən çıxarılır. Elə bu fakt filmin şikəst olmasına açıq-aşkar tutarlı səbəb ola bilər. Lakin Səməd Mərdanov mərd insan olduğundan sözündən geri dönmür. Necə olursa, olsun, filmi başa vurmaq istəyir. Bu dəfə isə əcəl imkan vermir. Ölümcül xəstəliyə tutulan rejissor filmi tamamlaya bilmir. Lakin öləcəyini bildiyindən, köməkçisi Beknazarova filmi tamamlamağı tapşırır. Beknazarov filmi tamamlasa da, artıq nə ovqat həmin ovqat olur, nə də film həmin film. Azərbaycan kino tarixində “Kəndlilər”in demək olar ki, heç izi-tozu da qalmayıb.

“Nizami”- Film bu gün də öz qüsurları ilə ən çox xatırlanan ekran əsərləri sırasındadır. Kino tənqidçiləri əsas nöqsan kimi filmin Nizami fəlsəfəsini çox səthi əks etdirməsində görürdülər. O zaman sovet ideologiyasının təsiri altında çox iş görmək sadəcə mümkün deyildi. Məsələn, yaradıcı heyətin də sonradan dediyinə görə, filmdən bir çox vacib kadrlar çıxarılıb. Onlardan ən vacibi olan isə Afaqla Nizaminin toy səhnəsidir. Həmidə Ömərova və Müslüm Maqomayevin canlandırdığı personajların toy səhnəsi Gəncədə lentə alınır. Nizami Afaqla evlənmək istərkən axund onun kəniz olduğunu bildirərək kəbini kəsmir, amma şeyx olan Nizami özü öz kəbinini kəsir. İnsanlar da Şeyx Nizaminin bu addımına laqeyd qalırlar. Toya Nizami ilə yaxın əlaqəsi olan yüksək zümrədən kimsə gəlmir. Amma səhnənin sonrakı gedişində əvvəlcə bir-iki nəfər, sonra isə xeyli sayda insan təşrif buyurur. Sadə zəhmət insanlarının ətrafında gözəl toy keçir. Hətta Afaq bir türk qızı kimi oğlanlarla bərabər rəqs edir. Nizami isə uzaqdan bu rəqsə əl çalır. Təəssüf ki, elə bu rəqsə görə səhnə filmdən çıxarılır. Bədii şura qəti şəkildə bildirir ki, bir müsəlman qadını öz toyunda  heç zaman rəqs edə bilməz. Cavab verirlər ki, Afaq əsl qıpçaq qızıdır. Qıpçaqlarda qadınlar kişilərlə bərabər döyüşər, qurşaq çəkər və rəqs edərlər. Amma bunların bir xeyri olmur. Milli düşüncə baxımından çox vacib olan kadr filmdən çıxarılır.

Hər halda Nizamini tanıtmaq uğrunda cəhd olsa da film “Xəmsə” səviyyəsindən dəfələrlə aşağıdır. Bu da təbiidir. Nizami kimi ensiklopedik zəkanın şəxsiyyətini bir filmdə nümayiş etdirmək qeyri-mümkün idi. Özü də nəzərə alsaq ki, bu film sovet dövründə çəkilən bir film olub. Həmin filmin ən uğurlu hadisəsi isə elə Müslüm Maqomayev faktoru olub. O biri aktyorların da düzgün seçimi, peşəkar ifası filmin zəif məzmununu ört-basdır etməyə çalışır. Amma həmin məzmun primitivliyi o dəqiqə hiss olunur.

Mavi dənizin sahilində”- Filmi birmənalı şəkildə uğursuz saymaq olar. Səbəbləri isə aşağıdakılardı: Əvvəla, bu, Azərbaycan kino tarixinin ilk səsli filmidir. Hamı ilk qaranquşun gözəl ekran nümunəsi olacağına çox inanırmır. Çünki o, böyük bir mərhələnin əsasını qoyacaqdı. Lakin bu, baş vermir. Filmə cəmi iki azərbaycanlı dəvət edilir. Onlardan biri rejissor assisenti- Səməd Mərdanov, o biri isə operator köməkçisi- Məmməd Əlili  (Qorxmaz Əlilinin atası). Birbaşa rus ruhunun məhsulu olan film Azərbaycan kinosuna səsdən başqa heç nə bəxş etmir. Həmçinin, filmdə yeganə qadın rolunun ifaçısı Yelena Kuzmina əsas rejissor Barnetin keçmiş həyat yoldaşı olub. Onların arasında olan pis münasibət film boyu da özünü göstərib. Qəfildən filmi unudub, şəxsi həyatlarını ortaya ataraq, mübahisələrə başlayarmışlar.

Qeyd: Modern.az mövzunu davam etdirəcək.

E.Nazimoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...