Modern.az

Tovuzun təhsil müdiri təqsiri üzərindən atdı: “Asif Axundova problemi Emin Əliyev yaradıb”

Tovuzun təhsil müdiri təqsiri üzərindən atdı: “Asif Axundova problemi Emin Əliyev yaradıb”

Təhsil

3 Aprel 2017, 18:34

Bu gün Tovuz Rayon Təhsil Şöbəsinin metodisti Asif Axundov redaksiyamıza müraciət edərək müdir tərəfindən haqsızlığa məruz qaldığını deyib.

O, bu səbəbdən ali məktəbdə təhsil alan övladlarının öz təhsillərini davam etdirə bilməyəcəyini də bildirib.

 

Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova  Modern.az-a açıqlamasında işçisinin şikayətinə  münasibət bildirib.

 

“Asif Axundovla bağlı onu deyə bilərəm ki, onun iş saatını yarımştata endirən mən deyiləm. Ağstafa rayonunda 6 saylı Hesablama Mərkəzinin rəisi Emin Əliyev metodistlərin hamısı arasında yoxlama apararaq 3 metodistin ştatını kəsib ki, onlardan biri də budur. Emin müəllim mənə  dedi ki, əslində bu, işdən azad olunmalıdır. Çünki səhhəti işləməyə imkan vermir. Əslində, Asif Axundov əvvəl sağlam adam olub. Daha sonra insult keçirib. Bir tərəfi işləmir. Düzü, heç işə də gəlmirdi. Gələndə də bir-iki saat oturub gedirdi. Ailə durumunu nəzərə alıb onun üçün işdə şərait yaradılmasını təmin etmişdim. Bütün bunlara baxmayaraq, ona toxunmurdum.  4 illik fəaliyyətim dövründə bu insana hörmətlə yanaşmışam. Heç vaxt ştatını kəsməmişəm. Müəyyən tədbirlərə qatılmasını istəməmişəm. Amma psixoloq metodisti kimi heç bir iş aparmayıb. Hətta psixoloq ştatı ilə bağlı Emil müəllimə toxunmamasını rica etdim. Həm xəstə olmasını, həm də çətin xarakterli adam olduğunu əsas gətirdim. Çünki sabah hansı ünvan qarşısına çıxdısa, ağlına gələni yazacağını bilirdim. Emin müəllim sözümü eşitməyərək onun ştatını kəsdi”.

 

Validə Hüseynova şikayətçinin onun bacısı haqqında dediklərinə də münasibət bildirib.

“Bacımın bura heç bir aidiyyatı yoxdur. Təhsil şöbəsinə müdir təyin olunmamışdan öncə də bacım bu idarənin, kitabxananın metodisti olub. Bacımın öz işi, bunun da öz işi var.  Hətta bacımdan yarımştatı qeyri-qanuni olaraq götürüb ona verdim ki, işçilərə toxunulmasın. Bacımın 2 diplomu, 30 illik iş təcrübəsi var. Onun ikinci diplomunu da yazıb göndərmişdim, amma korrupsiya siyahısında adı çıxmadı. İkinci diplomu ibtidai təhsilin metodikasıdır ki, o iş üzrə bir gün də olsun burada çalışmayıb. Ona görə Asif Axundovun dediklərinin hamısı yalandır. Bununla bağlı məktub hazırlayıram. Tovuz respublikada yeganə rayondur ki, təhsil sistemi tam şəffafdır. Nazirin qadağa qoyduğu işlərin heç birinə burada rast gəlmək olmaz”.

 

Qeyd edək ki, şikayətçı Asif Axundov bildirir ki, indiki dövrdə orta ümumtəhsil müəssisələrində psixoloqlara böyük ehtiyac duyulsa da, rayon Təhsil Şöbəsində bu məsələyə etinasız yanaşırlar: 
“Hətta bir neçə məktəbdə psixoloq işləyən müəllimlərin adı var, özləri yoxdur. Bu məsələyə Təhsil Şöbəsində cavabdeh olan şəxs kimi bunu tam məsuliyyətimlə deyirəm və sübut etməyə də hazıram. Məndə məlumat var ki, həmin adamların maaş kartı Təhsil Şöbəsinin müdirinin bacısındadır.

 

Bir məsələni də vurğulamaq istərdim. Məni əllilliyimi əsas gətirərək işdən kənarlaşdırırlar. Ancaq fiziki imkananları işləməyə imkan verməyənlər Təhsil Şöbəsinin rəhbərinin yaxınıdırsa, onlara hər məsələdə yaşıl işıqdır. Bu ayrı-seçkiliyi nəylə izah edə bilərlər?

Ümid edirəm ki, müvafiq qurumlar iki tələbə oxutduğumu və haqsızlıqla üzləşdiyimi nəzərə alaraq ədaləti bərpa edəcəklər”.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır