Modern.az

Nazir müavinləri kimlərdir: onlar neçə ildir eyni vəzifəni tuturlar? (II yazı)

Nazir müavinləri kimlərdir: onlar neçə ildir eyni vəzifəni tuturlar? (II yazı)

13 Aprel 2011, 16:26

Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin marağını cəlb edib.
Hakimiyyətin ən yuxarı pilləsində yüksək vəzifə tutan məmurlar arasında uzun müddətdir eyni kürsüdə əyləşənlər də var, nisbətən az staja malik olanlar da.
Modern.az saytı bir müddət öncə mərkəzi icra hakimiyyəti orqanlarına – nazirliklərə, komitələrə və onlara bərabər olan qurumlara rəhbərlik edən məmurların yaşı və neçə ildir eyni vəzifədə qaldıqlarını araşdırmışdı. İndisə nazirlərin müavinlərinin kimliyini araşdırırıq.
Beləliklə, nazir müavinləri kimlərdir, onlar neçə ildir eyni vəzifə kürsüsündə əyləşirlər..?
Təhsil naziri və Dövlət Gömrük Komitəsi sədrinin müavinləri barədə məlumat vermişdik.
Bu dəfə vergilər və ekologiya və təbii sərvətlər nazirlərinin müavinləri barədə məlumatları təqdim edirik

Vergilər naziri və 4 müavini

Qeyd edək ki, 47 yaşlı vergilәr naziri, II dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Mәmmәdov 12 ildir eyni vəzifədə işləyir. Nazirin dörd müavini var.

Vergilər nazirin 1-ci müavini Natiq Əmirov 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. 1967-ci ildə Dəvəçi rayonunda anadan olan N.Əmirov N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitirib.
1990-1991-cü illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində, 1991-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində müxtəlif vəzifələrdə çalışıb. 2000-2001-ci illərdə Bakı şəhəri, Səbail rayonu Vergilər İdarəsinin rəis müavini olub. 2001-2003-cü illərdə Vergilər Nazirliyi iri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini, 2003-2005-ci iilərdə Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi vəzifələrini tutub.
2005-ci ildən isə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib. 2009-cu ildən nazirin I müavini vəzifəsində işləyir.
N.Əmirov artıq 6 ildir nazir müavini kreslosunda əyləşir.

Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Namiq Əliyev isə 7 ildir eyni vəzifə kreslosunu tutur.
1960-cı ildə Gəncə şəhərində anadan olan N.Əliyev Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakultəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb. 1984-1986-cı illərdə SSRİ Prokurorluğun Elmi-tədqiqat institunda təcrübə keçib və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnib.
1991-2004-cü illər ərzində Azərbaycan Respublikası Prokurorunun köməkçisi, Kadr idarəsinin prokuroru, polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışıb.
20 fevral 2004-cü il tarixdən vergilər nazirinin müavini işləyir

Vergilər nazirnin müavini Sahir Məmmədxanov da 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. 1959-cu ildə İsmayıllı rayonunda anadan olub. 1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirib.
1985-1993-cü illərdə Tver şəhərinin “Elektroaparatura” zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin “Kalininmaşdetal” istehsalat birliyində baş mühasib vəzifəsində çalışıb.
1993-cü ildə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib. 1999-cu ildə  “ri vergi ödəyiciləri ilə iş üzrə Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb. 2001–2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində çalışıb.
4 mart, 2009-cu il tarixdən nazir müavini vəzifəsinə təyin edilib.

Vergilər nazirinin sonuncu müavini Sahib Ələkbərov isə vergi sistemində təzə kadrdır. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri S.Ələkbərov 1952-ci ildə Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.
Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.
2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.
2010-cu il iyulun 2-də ölkə başçısının sərəncamı ilə vergilər nazirinin müavini təyin edilib.

***

Sabiq deputatlar, indiki nazir müavinləri

56 yaşlı ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov
10 ildir bu vəzifədə çalışır. Vergilər nazirindən fərqli olaraq onun 2 müavini var. Nazir müavinlərinin hər ikisi eks-deputatlardır. 

Firdovsi Əliyev ekologiya və təbii sərvətlər nazirinin müavinlərindən biridir.
1961-ci il təvəllüdlü F.Əliyev cənub bölgəsindəndir. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib. 1988-1991-ci illərdə Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub. 1991-1993-ci illərdə Elmlər Akademiyası Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1993-2000-ci illərdə Akademiyanın Torpaq və Aqrokimya İnstitutunda  böyük elmi işçi olan F.Əliyev 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir.
F.Əliyev sonralar - 2000-ci ildə ikinci ali təhsilini başa vurub, Bakı Dövlət Universitetinin hüquq fakültəsini də bitirib.
1995- 2000-ci illərdə Milli Məclisinin deputatı olan F.Əliyevi yəqin ki, bir çoxları, xüsusilə müxalifətçilər yaxşı xatırlayırlar.
2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
F.Əliyev 2004-cü ildən ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində işləyir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olan F.Əliyev artıq 7 il vəzifə kreslosunu dəyişmir.

Novruz Quliyev ekologiya və təbii sərvətlər nazirinin digər müavinidir. 1952-ci il təvəllüdlü N.Quliyev əslən Cəbrayıl rayonundandır. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1977-сi ildə SSRİ EA-nın Biokimya İnstitutunun aspiranturasını bitirib. 1978-сi ildə biologiya elmləri namizədi və 1992-ci ildə biologiya elmləri doktoru alimlik dərəсələrini alıb. 2001-сi ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
1974-cü ildə əmək fəaliyyətinə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda başlayıb. 1981-ci ilin may ayından AMEA-da böyük, aparıcı elmi işçi vəzifələrində çalışıb.
Novruz Quliyev 1995 və 2000-ci illərdə Beyləqan rayonundan Milli Məclisə deputat seçilib.
O, 6 ildir (2005-ci ildən) ekologiya və təbii sərvətlər nazirinin müavini işləyir.

Sırada digər nazirlik və komitələrin rəhbərlərinin müavinləri barədə məlumatlar yer alır. Bizi izləyin...

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?