Modern.az

Şəhid analarından biri ona qucaq açdı, digəri qapısından qovdu...

Şəhid analarından biri ona qucaq açdı, digəri qapısından qovdu...

4 Aprel 2017, 11:38

O, mənim gənclik illərimin yadigarıdır, ötən əsrin 80-ci illərindən danışıram. Doğulub böyüdüyümüz şəhərin cəmi bir qəzeti var idi, ”Sosialist Sumqayıt” adlanırdı, vaxt tapan kimi ora can atardıq, onu da oradan tanıyardım. Mənim kimi o da jurnalist olmaq istəyirdi. Kim idi gənc qızların məqalələrinə əhəmiyyət verən, bir-birimizi yazdığımız şeirlərlə ovudardıq, bundan da təsəlli tapardıq.

O zaman Aida Eyvazlının imzasını heç kim tanımırdı. Heç özümüz də bilmirdik ki, tanınmaq üçün ağrılı-acılı həyatdan keçmək lazımdır. Bəxtimizə müstəqillik dövrü düşdü, o yolu keçdik. Əslində sovetlərdən qopmuşduq və əsl həyatın nə demək olduğunu yalnız 90-cı illərdə dərk etdik. Üzləşdiyimiz Qarabağ müharibəsi bizə kim olduğumuzu bir daha tanıtdı,bax, o vaxt biz artıq püxtələşmiş jurnalistlər idik, nədən və nə üçün yazdığımızı anlayırdıq. Aida Eyvazlının imzası da o zamandan tanınmağa başladı.


Bir il əvvəl, gecənin bir aləmi mənə telefon açdı, hıçqırıqları hələ də qulağımdadır, “şəhidlərimiz var, - dedi, - ürəyim partlayır, dözə bilmirəm”. Elnən gələn qara gün toy-bayramdır dedim, ürək-dirək  verməyə çalışdım, amma o gecə onu ovundura bilmədim.Torpağın üzü soyuq olar, elə bilirdim ki, ovunur  yavaş-yavaş. Bir neçə gün sonra  bildim ki, şəhid ailələrinin dərdinə şərik olmağa gedir,.. dərdini yüngülləşdirən şəhid ocaqları oldu, qapı-qapı gəzib döydüyü şəhid qapıları... Dərdli analardan biri ona qucaq açdı, digəri dərdini paylaşdı, biri onu evinin əzizi sandı, başqa biri isə qapısından qovdu... Şəhid evlərindən dərd-səri də özü ilə bərabər yığıb gətirdi, nə gecəsi oldu, nə də gündüzü, şəhid oğulların qısa həyat hekayəsini yanğı ilə yazılara çevirdi. Onun dili ilə deyirəm, düz bir ildir ki, bütün respublika və ölkəmizin hüdüdlarından kənarda olan oxucular “VƏTƏNİ QİBLƏGAH EDƏN ŞƏHİDLƏR” silsiləsindən Aida Eyvazlı imzası ilə təqdim olunan yazılarda şəhidləri tanıdı, sevdi və xatırladı.


Bu günlərdə Aida Eyvazlının torpağa sonsuz sevgidən, ağrı-acıdan və zəhmətdən yoğrulmuş ilk kitabı  “QALİBİYYƏT-ŞAHİDLƏR VƏ ŞƏHİDLƏR” işıq üzü gördü və düşünürəm ki, bu kitab vətən uğrunda cənını fəda etmiş şəhid oğullarımızın ruhuna  qiymətli töhfədir.

Kitabda 2016-cı ilin 2-5 aprel döyüşlərində həlak olmuş 45 gəncin həyatı qələmə alınıb, söhbətlərdə cəmi üç döyüş günü və o günlərin ərəfəsində baş verən hadisələr əbədiləşib. Qarabağ müharibəsinin dönüş nöqtəsi sayılan bu üç gün yaddaşa köçən tarixin bir parçasıdır və gələcək nəsillər üçün ərmağandır. Məncə, əziz dostumun jurnalistlik fəaliyyətində gördüyü ən böyük və uğurlu işi bu kitabın adı ilə bağlıdır.

“QALİBİYYƏT-Şahidlər və şəhidlər “ kitabının redaktoru kimi bilirəm ki, kitabın ərsəyə gəlməsində əməyi olan layiqli insanlar var. Onlara da minnətdarlığımı bildirirəm.

Hərdən zarafata salıb, mənə deyir ki, ölsəm (Allah eləməmiş) haqqımda yazarsan. Arxayın ol, deyirəm, heç bir cümlə də yazan deyiləm. Amma nə qədər ki, yaxşı işlər ortaya qoyacaqsan, o zaman susmayacağam. İkinci kitabın ərsəyə gəlməsini isə səbirsizliklə gözləyirəm...



Dilarə Quliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?