Modern.az

Universitet rektorun qarajının söküldüyünü TƏSDİQLƏDİ

Universitet rektorun qarajının söküldüyünü TƏSDİQLƏDİ

4 Aprel 2017, 15:17

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti rektor Mustafa Babanlının məhkəməyə müraciət etməsini təsdiqləyib.

 

Universitetin İctimaiyyətlə əlaqələr və marektinq departamentindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mustafa Babanlı məhkəməyə müraciət edəndə hələ rektor təyin olunmamışdı:

 

“Hər bir Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək hüququ var. Müraciət 2014-cü ildə olub, yeni deyil. Həmin vaxt isə Mustafa Babanlı rektor deyildi. Hazırda məhkəmə prosesi gedir. Əlavə fikir yürütmək mümkün deyil”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı ona məxsus qarajın sökülməsinə görə kompensasiyanın ödənilməməsi ilə bağlı məhkəməyə müraciət edib. Belə ki, Nail Bayramov adlı şəxslə birgə Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıran rektor Maliyyə Nazirliyinin də prosesə üçüncü şəxs qismində cəlb olunmasını tələb edib.

 

İddiaçı icra hakimiyyətindən sökdükləri qarajın pulunu tələb edib. Bu il fevralın 3-də 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iş üzrə qərar çıxarılıb və M.Babanlının iddiası rədd edilib.

 

Maliyyə Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyəti qərardan apellyasiya şikayəti veriblər. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın sədrliyi ilə bu gün (4 aprel 2017) davam etdiriləcək.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub