Modern.az

9-cuların buraxılış imtahanlarının nəticələri niyə açıqlanmır? - Dövlət İmtahan Mərkəzi CAVAB VERDİ

9-cuların buraxılış imtahanlarının nəticələri niyə açıqlanmır? - Dövlət İmtahan Mərkəzi CAVAB VERDİ

5 Aprel 2017, 10:20

9-cu siniflərin builki buraxılış imtahanlarının keçirilməsindən uzun müddət ötməsinə baxmayaraq, nəticələr açıqlanmır. Bu isə şagird və valideynlərdə nigarançılığa, ictimaiyyət arasında isə söz-söhbətə səbəb olub. Hətta sosial şəbəkələrdə açılan müzakirələrdə imtahan verən şagirdlərin 90 faizinin riyaziyyatdan “2” aldığı kimi iddialar irəli sürülüb.  

Dövlət İmtahan Mərkəzi isə bəyan edib ki, bu il 9-cu siniflərin buraxılış imtahanlarında ilk dəfə olaraq açıq tipli suallardan istifadə olunub. Üstəlik, mart ayında keçirilən buraxılış imtahanlarının birinci mərhələsinin cavabları ikinci imtahan zamanı açıqlanacaq. Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bu və ya digər məsələlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

-9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi keçirilsə də, nəticələr hələ də açıqlanmayıb. Üstəlik, Dövlət İmtahan Mərkəzi birinci imtahanların nəticələrinin ikinci imtahan zamanı açıqlanacağını deyib. Sanki cavabların açıqlanması ilə bağlı iki imtahan arasında məsafə uzanır. Bunun konkret səbəbi nədir?

 

-Bunun əsas səbəbi odur ki, buraxılış imtahanlarının birinci mərhələsində açıq tipli test tapşırıqlarından istifadə olunub. 30 ədəd test tapşırığından 20-si açıq tipli suallardır. Açıq tipli tapşırıq odur ki, şagird cavabı əllə yazır. Klassik qaydada olan variantlar verilmir. Əvvəllər qapalı tipli test tapşırıqlarında test sualının 5 cavab  variantı təqdim olunurdu ki, bunlardan biri seçilirdi. Açıq tipli test tapşırığında isə şagird təqdim olunan sualları qələm vasitəsilə cavablandırır. Onu da deyim ki, açıq tipli suallar vaxt tələb edir. Bu baxımdan da nəzərdə tutulub ki, imtahanın ikinci mərhələsi keçirilənə qədər imtahanın birinci mərhələsinin cavabları açıqlansın.

 

-Yenə də burada məsələ qaranlıq qalır. Adətən əvvəlki illərdə həyata keçirilən imtahanların cavabları qısa zaman kəsiyində açıqlanırdı. Bu dəfəki proses isə fərqlidir. 9-cu siniflərin bu dəfəki buraxılış imtahanlarının cavablandırılması digərlərindən nə ilə fərqlənir?

 

-Fərqlilik ondan ibarətdir ki, buraxılış imtahanlarının birinci mərhələsinin yoxlanılması prosesi başa çatmayıb. Mart ayının 5-i, 12-si və 18-də 9-cu siniflərin buraxılış imtahanlarının birinci mərhələsi keçirilib. Dediyim kimi şagirdlərə açıq tipli suallar təqdim olunub. Açıq tipli sualların cavablandırılmasının açıqlanması prosesi vaxt tələb edir. Ona görə də açıq tipli test tapşırıqlarının yoxlanılması üçün xüsusi imtahan zalları yaradılıb. Markerlər bazası formalaşdırılıb. Həmin markerlər kompüter vasitəsilə test tapşırıqlarını yoxlayırlar. Üstəlik, test tapşırıqlarını 2 müəllim yoxlayır. İki müəllimin verdiyi qiymət arasında uyğunsuzluq olarsa, o zaman həmin tapşırıq 3-cü müəllimə göndərilir. Eyni zamanda, hər iki müəllim tapşırığa eyni qiymət verməlidir.

 

-Buraxılış imtahanlarında iştirak edən şagirdlərin 90 fazinin guya “2” alması barədə xəbər yayılıb. Düzü, bu xəbər  cəmiyyətdə həm də bir çaşqınlığa səbəb oldu. Şagirdlərin “2” alması barədə xəbərlərin yayılması nə dərəcədə doğrudur?

 

-Hələlik, imtahanların yoxlanılması prosesi davam edir. Bu yayılan xəbərlər doğru deyil. İşlər yoxlama mərhələsindədir. İşlərin hamısı yoxlanılmalıdır ki, cavablandırma mərhələsinə start verilsin.  Ona görə də indi hansısa rəqəmi söyləyə bilmərik. Sadəcə olaraq, bu xəbər şayiə xarakteri daşıyır. 

-Digər tərəfdən, açıq tipli sualların cavablandırılması zamanı şəffaflığın qorunması məsələsi də aktual olaraq qalır. Bəziləri deyir ki, qapalı tipli testlərdən fərqli olaraq açıq tipli testlərdə  şəffaflığın tam qorunmasında  təhlükə mövcuddur.  O zaman bu məsələlər necə tənzimlənir?

 

-Şəffaflığın qorunması üçün hər şey nəzərə alınıb. Qeyd etdiyim kimi, hər bir test tapşırığını 2 marker yoxlayır. Bunlar da müxtəlif bölgələrdən olan markerlərdir. Məsələn, Bakı şəhərində imtahan vermiş şagirdin test tapşırığını Lənkəranda işləyən bir müəllim yoxlayır. Və yaxud da əksinə olur. Hər bir şagirdin yazı işi 2 varinatda hazırlanır. Həmin variantlar ayrı-ayrılıqda markerlərin kompüterinə göndərilir.  Həmin yazılar yoxlanaraq qiymətləndirilir. Həmçinin, kompüter ekranında şagird haqqında hər hansı məlumat yerləşdirilmir. Sadəcə olaraq, müəllim yazı işini görür. Şagirdin adı, soyadı imtahan kodu barədə markerdə hər hansı məlumat olmur. Tapşırığın yanında da qiymətləndirmə meyarları var. Müəllim də həmin meyarlara uyğun olaraq yazı işini qiymətləndirir.


-Açıq tipli suallar ilk dəfə tətbiq olunduğuna görə şagirdlər arasında imtahandan kəsilmə hallarının  baş verməsi də istisna deyil. O zaman birinci imtahandan kəsilən şagirdin ikinci imtahana buraxılmayacağını söyləmək olarmı?


-İmtahandan kəsilən şagird ikinci imtahana buraxılır. Birinci mərhələdə toplanılacaq bal 30 baldır. İkinci mərhələdə isə toplanılacaq bal 70 olmalıdır. Fərqi yoxdur, şagird nə qədər bal toplayıb. Əsas odur ki, o, ikinci mərhələyə buraxılacaq. Sonda şagirdin topladığı balın cəmi onun attestatına  yazılacaq. Bildiyiniz kimi, bu il 9-cu sinfi bitirən şagirdlərə şəhadətnamə deyil, attestat veriləcək. Həmin attestata da buraxılış imtahanının qiyməti yazılacaq.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?