Modern.az

Şəkinin “Vizit Kartı” - Hacı dayı əslində kimdir?...

Şəkinin “Vizit Kartı” - Hacı dayı əslində kimdir?...

5 Aprel 2017, 12:50

Azərbaycanda hər bölgənin, şəhərin öz koloriti, əsrlərdən bəri formalaşan dəyərləri var. Bu dəyərləri ən yaxşı təqdim edən, müxtəlif vasitələrlə aid olduğu zonanın ruhunu çatdıran insanlar isə o yerlərin “vizit kartı” sayılır. Məsələn, Şəkinin nə olduğunu, hansı  koloritə malik olduğunu bilmək üçün məşhur Hacı dayını tanımaq kifayətdir. O cümlədən, başqa bölgələrimizin də bu cür  insanları  var ki, Modern.az özünün yeni “Vizit kartı” rubrikasında bunlara toxunacaq.

İlk olaraq isə elə gəlin, Hacı dayıdan başlayaq:

Şəkinin Molla Nəsrəddini

Əsl adı Hacı Feyzi oğlu İlyas olan, lakin el arasında Hacı dayı kimi tanınan məşhur şəxs uydurma folklor obrazı yox, real lətifə qəhrəmanı olub. Türk dünyası coğrafiyasında Molla Nəsrəddin kimdirsə, Azərbaycan, Şəki bölgəsi üçün də Hacı dayı  odur. Deyilənlərə görə, (daha doğrusu, “Şəki Ensiklopediyası” və “Şəki Folkloru” kitabında yazılanlara görə) Hacı dayı 1900-cü ildə Şəki şəhərində anadan olub. Ta uşaqlıqdan anında göstərdiyi hazırcavablığı ilə fərqlənib. Elə məqamına uyğun olaraq, situasiyanı real dəyərləndirəcək hazır cavablarının bəziləri sonradan lətifələrə çevrilib. 

Baməzəliliyi öz yerində, amma şəkililər Hacı dayını əsasən, iki xüsusiyyətinə görə dəyərləndirirlər: sadəlövh və müdrik.

Ən maraqlısı da budur ki, Hacı dayının müdrikliyini əks etdirən bəzi lətifələri elə onun sadəlövhlüyündən yaranıb.

 

“Hacıdayılar”

Folklorşünas Hikmət Əbdülhəlimov və Şəki folklorunun mahir bilicisi Faiq Çələbiyev Hacı dayı haqqında ən çox bilgiyə sahib olan şəxslərdi. Daha doğrusu, Hacı dayını ən yaxşı tanıyan, onun zarafat və lətifələrini hamıdan çox bilən Şəkinin köhnə sakinləri, qarı-qocalarıdır. Adıçəkilən folklorçular da bu insanlardan Hacı dayını “zərrə-zərrə toplayıblar”.


Gəldikləri əsas qənaət isə bu olub: sən demə, istər Azərbaycanda, istərsə də başqa ətraf ərazilərdə şəkililəri uzun müddət “Hacıdayılar” kimi tanıyıblar.

 

Folklorşünas H.Əbdülhəlimov Şəkidəki ağsaqqal-ağbirçəklərlə görüşüb, oranın folklorunu toplayan zaman qocalardan biri Hacı dayının portretini aça biləcək maraqlı məqama toxunub:

 

“Kənar rayon və şəhərlərdə şəkililəri görəndə zarafatyana soruşurlar: “Ə, Hacı dayın gəlitdi?”. Cavab verən şəkilidirsə

deyir: “Gəlitdi də, geyitdi də”. “Şəkidə xiyar bititdi?”, “Bititdi də, yiyilitdi də”. (burada Şəki ləhcəsi təbiiliyi qorumaq üçün saxlanılıb. E.N.).


Hacı dayının adı dillər əzbəri olub, Şəkidən çox-çox uzaqlara yayılıb. Yenidən folklorşünas Hikmət müəllimə istinad edərək, onun şahidi olduğu bir hadisəni diqqətinizə çatdırırıq:

 

“Bir dəfə Şəkidə baməzə kişinin söhbətinə qulaq asdım.  O, şirin Şəki ləhcəsində danışırdı: “Bakıda tramvaya minmişdim. Pulumu verib didim: - Ha bı biletin yaxşı yerindən bizə də cır.  Konduktor şaqqanaq çəkərək soruşdu: - Hacıdayılardansan?

 

Bir dəfə də Moskvaya getmişdim. Bazarda göyərti satan malakan arvaddan soruşdum: - Sizin tərəflərdə balva bitmir? Qadın xəbər aldı: - Hacıdayılardansan?

 

Ötən yay yolum  Riqaya düşmüşdü. Şəkidə olduğu kimi, orada da dükanların vitrinlərinə baxa-baxa yolun ortası ilə gedirdim. Milisoner məni saxladı, başladı sorğu-suala. Bir az keçəndən sonra soruşdu ki,  Hacıdayılardansan?”.

 

Qocanın danışdıqlarının nə qədər doğru olub-olmadığını deyə bilmərik. Amma diqqətinizi adlarını çəkdiyi şəhərlərə yönəldək- Bakı, Moskva, Riqa… Köhnə sovet coğrafiyasının  üç məşhur şəhərində sadə el ağsaqqalı, lətifə bazı  olan Hacı dayının  tanınmasına kimsə inanmaya bilər. Amma sovet folklorunda maraqlı bir ənənə var idi: Sovet folklorşünaslığı Bolqarıstanın məşhur Qabrovo şəhəri ilə (dünya gülüşünün paytaxtı adlanır)  ittifaqın tərkibində olan başqa yumor koloritli şəhərləri, onların lətifə qəhrəmanlarını tez-tez müqayisə edirdi. Bu şəhərlədən ən məşhuru Şəki, qəhrəmanlardan ən tanınmışı isə Hacı dayı olub.

Zər rəftar ustaları

Şəkiyə Qafqazın Qabrovosu adının verilməsi də heç təsadüfi deyil. Şəkinin Molla Nəsrəddini olan Hacı dayıdan başqa, burada Dufu Tahir, Mirzə Abdulcabbar, Maşaq İsfəndiyar, Qəbirqazan Gülü, Xoruz oğlu, Fərrux, Qabardin oğlu, Eşələn Nuru, Yeşil dayı, Dekan Tofiq, Baba oğlu  Əhməd, Şirinəmi, “Qolya” Bəhram, Məryəm oğlu Hasan  kimi lətifə ustaları da olub.

Amma burada maraqlı bir məqama toxunaq. Həm Hacı dayı, həm də adlarını çəkdiyimiz başqa şəkililəri təkcə lətifə ustaları kimi dəyərləndirmək doğru deyil:

 

Onlar həm də  “zər rəftar” ustaları olublar. Zər rəftar ustaları - zarafatın incəliklərini mənimsəyən və  onu anında məharətlə tətbiq edən şəxslərə deyilir. Bu insanlar üçün mövcud situasiyanı özündə dəyərləndirən hazır cavablar “istehsal etmək” o qədər çətin deyil.

 

Məsələn, Hacı dayı ilə bağlı  lətifə yox, real yaşanmış hadisəni xatırlayaq. Burada o, əsl zər rəftar ustası olduğunu açıq-aşkar sübut edir:


Deməli, Şəki teatrında Bakıdan gələn aktyorlar “Leyli və Məcnun” tamaşasını göstərcəkmişlər. Leylinin atasını oynayan aktyor xəstələndiyindən  məsul şəxslər bu rola Hacı dayını məsləhət görür. Təbii ki, peşəkar aktyor olmayan, adicə texnikum  təhsilinə də sahiblənməyən bir insanı bu cür vacib rola təyin etməkdə çətinlik çəkirlər. Amma vəziyyətin çıxılmazlığını görüb, birtəhər razılaşırlar. Hacı dayının da həvəskar olduğunu sanıb ona həddindən artıq az qonarar yazırlar. Hacı dayı qonararın artmayacağını anlayıb, özünəməxsus qisas yolu düşünür. Operaya baxanlar, həmçinin, onun əsasında hazırlanan tamaşanı izləyənlər bilir ki, Məcnunun atası Leyliyə elçi gedəndə qızın atası “Məcnun deyə nəql edir xəlayiq, Məcnuna mənim qızın nə layiq” deyərək, onları  əliboş yola salır. Bu motiv əsərdə kuluminasiya nöqtəsidir. Elçilik səhnəsindən sonra Qeys havalanır və səhraya üz tutur. Bu motivi “yox” cavabı ilə yaratmalı olan  Hacı dayı elə onun vasitəsilə qisas alır. Təsəvvür edin, bütün tamaşa zalı dolu, səhnədə isə Leylinin atası elçilərə cavab verəcək hissəni oynayır. Hacı dayı da qisas almaq üçün məlum sözləri demək əvəzinə, əsərin tarixində ilk dəfə olaraq Leyli ilə Məcnunu birləşdirir. Yəni, elçilərə “Qızı verdim , Allah xoşbəxt eləsin” deyərək, cavab verir. Aktyorlar və tamaşaçılar bir anlıq nə baş verdiyini anlamır. Hamı çıxılmaz vəziyyətdə qalır. Zaldakılar buna gülsə də, yaradıcı qrup çox əsəbiləşir.

Deyilənlərə görə, həmin tamaşa elə yarıdaca kəsilir, yarımçıq qalır.

  

Zar rəftar (qeyd edək ki, “zarafat” sözü də elə burdan götürülüb)  ustaları “obyekti” seçəndə, onun əhvalını “dişinə vuranda”, zarafatın vaxtını, düşər-düşməzliyini müəyyən edəndə, yerinə düşən atmacanı seçəndə yanılmırlar.

Burada zarafatın qarşılıqlı aparılması qaydası da gözlənilir. Yəni, zarafatı zarafat götürənlə edərlər. Həm də zarafat götürməyən zarafat etməməlidir.

İnsanlar, adətən birbaşa deyə bilmədikləri (yaxud demək istəmədikləri) fikri, sözü dolayısı ilə, yumorun gücü ilə zarafat vasitəsilə çatdırırlar. Şəkililər deyirlər: - andıra qalsın o zarafatı ki, doxsan faizi gerçəyh döyül! və yaxud zarafatın yarısı gerçək döyülsə, bi qəpəyə dəyməz və s.


Hacı dayının “qəbirüstü yazıları”

 

Hacı dayının zarafat və lətifələri o həddə çatıb ki, onun ölümünü də bu məziyyətlər təqib edib. İnsanlar Hacı dayının itkisi ilə barışmamış, onun dəfni, məzarı ilə bağlı da zarafatlar qoşublar. Bir növ, Hacı dayı öz yetirmələrinin əli ilə məzarda da gülüşün əsas obyekti olub. Amma vacib bir detalı xatırladaq. Aşağıda yazılan “məzar zarafatları”nın Hacı dayıya aid olub-olmaması da sual altındadır. Onun adına çıxarılan saxta lətifələr kimi, bəzi əhvatlar da lətifə ustasının namına sırınır.

 

Məsələn, Şəkidə “Çöl qəbiristanlığı” adlanan yerdə üstündə aşağıdakı sözlər yazılmış qəbir daşı var:

“On altı arvad aldın, axırda arvadsız qaldın”.

 

Deyilənlərə görə, həmin yazı mərhumun qızı tərəfindən yazılıb. Əvvəlcə, gülüş doğursa da, ömrün sonunda o qədər oğul-uşaq sahibi olan tənha insanın faciəsini özündə əks etdirir.

 

Fərziyyələrə görə,  neçənci ildə öldüyü bilinməyən Hacı dayının ailə tərkibi haqqında da dəqiq məlumat yoxdu. Lakin əksər mənbələrdə onun qocalıqda tək-tənha yaşadığı vurğulanır. Ona görə də, bu əhvalatın Hacı dayı ilə də hər hansı bağlılığı olduğu bildirilir.

 

Yaxud, yuxarıda adını çəkdiyimiz folklorçunun daha bir maraqlı faktına diqqət edək:

 

“Usta Niyazi nəql edir ki, şəhərin Qışlaq hissəsinin Dağdibi qəbirsanlığında nöyüt satan Abid kişi ilə dəfn mərasimində yanaşı dayanmışdım. Onun diqqətini əski əlifbası ilə yazılmış qəbirüstü kitabə

cəlb etdi. Abid kişi kitabəni oxuduqdan sonra yazılanları açıqladı:


“Qırxı bir şaaya (şahıya)  yumurta aldım, gənə də arvadı boşamadım”.


Bu variant da Hacı dayıya şamil edilir. Lakin xalq öz qəhrəmanı haqqında onu çox sevdiyindən bəzən,  ifrata varır, qeyri-dəqiq informasiyalar verir. Biz də məsələyə bu prizmadan yanaşaq. Hacı dayının ömrünün sonunda tək-tənha yaşamasını, yaxud, arvadına sadiq qalmasını tarix və folklor elmi yəqin ki, araşdıracaq.

 

Hacı dayıdan bir-iki nümunə:

Hacı dayının müdriklik və sadəlövhlüklə yoğrulan zafaratları bəzən, bir tərəfdə qalır. Onun adına etikadan kənar olan lətifələr, zarafatlar bağlanır. Bu lətifə qəhrəmanının adını yaşatsa da, onun nüfuzuna xələl gətirir. Hacı dayıdan danışmışkən, iki lətifəsini də xatırlatmaq pis olmazdı:

Hacı dayının bir xoruzu vardı. Hər axşam camaat əkin-biçindən evə dönəndə kişi bu xoruzu tutub var səsiylə qışqırırdı.
-Ay uşaq, habra bir bıçah gətir, xoruzun başını üzüm.
Sonra da xoruzu hinə buraxırdı.
Bir gün arvadı ondan soruşur ki, kişi, bu nə oyundu çıxarırsan?
Hacı dayı deyir:
-Qoy elə bilsinlər, hər axşam xoruz kəsif yiyirik. Yansınnar.

Hacı dayı meşədə odun doğrayırmış, bir də görür ki, bir yekə ayı başını aşağı salıb nərildəyə-nərildəyə gəlir. Kişi qorxudan özünü itirir, əl-ayağı başlayır əsməyə, nə qədər istəyir ki, qaçsın, ayaqları sözünə baxmır. Hançandan-haçana özünü ələ alıb çıxır ağaca.
Ayı da gəlib dırmaşır həmin ağaca. Hacı dayı qalxır bir az da yuxarı, ayı da onun dalınca. Kişi ağacın lap təpəsinə çatanda görür ki, ayı ondan bir az aralıda dayanıb başlayır armud yeməyə.
Hacı dayı gözləyir ki, ayı armudu yeyib doysun, çıxıb getsin, sonra o da düşüb evinə yollanar.
Bu ara ayı bir dəymiş armudu budaqdan qopardıb Hacı dayıya doğru tutur. Kişi elə bilir allahın heyvanı səxavət göstərib ona meyvə vermək istəyir. Bərkdən deyir:
-Qanacağaa maşallah, dədən evində qalsın. Höylə mərfət sahibisən, yolumnan qaç, düşüm gedim öyümə.
Ayı bu qəfil səsdən diksinir, ayağının altındakı budaq sınır, guppultu ilə yerə diyirlənib ölür.

Hacı dayı aşağı düşüb ayının dərisini soymağa başlayır. Elə soya-soya da deyir: Çox qanacaqlı olmaq da bir şey döyülmüş”.

 

Son söz əvəzi

Sizə təqdim etdiyimi foto  Facebookdakı “Şəki ensiklopediyası” səhifəsinə aiddir. Şəhər barəsində maraqlı məlumat və tarixi bilgiləri verən səhifə bu fotonun Hacı dayıya aid olduğunu qeyd edir. Bəzi şəkililərin rəyləri də məlumatı təsdiqləyir.


E.Nazimoğlu

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir