Modern.az

“Hacıqabulu kosmik güclər qoruyur” - “Gözdən uzaq Azərbaycan”

“Hacıqabulu kosmik güclər qoruyur” - “Gözdən uzaq Azərbaycan”

Ədəbi̇yyat

5 Aprel 2017, 18:03

Azərbaycanın hər qarışı tarix dadındadı. Hər bir daşının nəsildən nəsilə yadigar olduğu məmləkətdə təəssüf ki, gözdən uzaq, könüldən iraq qalan ərazilərimiz var. Məsələn, özümüzə belə bir sual verək: Yevlax haqqında nə bilirik? Adının mənşəyindən tutmuş, adət-ənənələri, tarixi, özəlliyi və s. haqqında bilgilərimiz nə qədərdi? Təbii ki, yevlaxlılar və ora yaxın rayonların əhalisi Yevlax haqda nəsə bilir. Amma küll halında isə bilgilərimiz azdır. Eyni misalı Hacıqabul, Ucar, Ələt, Samux, Oğuz və s. ərazilərimiz haqqında da deyə bilərik. Etiraf edək ki, adlarını çəkdiyimiz ərazilər haqqında Gəncə, Sumqayıt, Şəki, Lənkəran və başqa yerlədən qat-qat az bilirik.

Modern.az saytı bu qeyri-obyektiv yanaşmanı nəzərə alaraq “gözdən-könüldən uzaq qalmış yerlərimiz” haqqında silsilə yazılara başlayır. Öncə Hacıların Həcc ziyarətinin qəbulunu arzuladığı və orada görüşərkən “Hacın qəbul” olsun dedikləri Hacıqabuldan danışacağıq:


DOSYE

Mövqe - Ərazisi 1,64  min kvadrat km olan Hacıqabulda əhalinin sayı 66 minə yaxındır. Rayon 31 yaşayış məntəqəsindən ibarətdir. Bunlardan 1-i  şəhər, 1-i şəhərtipli qəsəbə, 4-ü qəsəbə, 25-i isə kənddir. Rayonda 5 tibb, 55 mədəniyyət ocağı fəaliyyət göstərir. Abşeron, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Sabirabad, Salyan rayonları, Şirvan şəhəri ilə həmsərhəddir.

Coğrafiyası və iqlimi: - Şirvan düzənliyinin və Böyük Hərmi silsiləsinin Cənub-şərq hissəsini əhatə edən Hacıqabulun ərazisinin ovalıq hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. Ərazi palçıq vulkanları,  faydalı qazıntılar,  neft, qaz, gil, gəc. cəhətdən zəngindir. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda 2°C, iyulda 26°C-dir. Buradan Kür və Pirsaat çayları axır. Hacıqabul gölü rayonun ərazisindədir. Boz-qonur, boz-çəmən, şoran torpaqlar yayılmışdır. Bitki örtüyü yarım-səhra tiplidir. Ceyran, qırmızıquyruq qumsiçanı, gürzə, turac və göyərçin məskunlaşıb.

Müəyyən geoloji dövrdə Xəzər dənizinin çəkilməsi nəticəsində yaranan Hacıqabul gölü  bu rayonun ərazisindədir. Yaz vaxtı Kür çayının daşması nəticəsində gölün sututar sahəsi genişlənir. Dərinliyi 5 metri aşmayan bu göl qışda donmur. O, köçəri quşların qışlaması, su-bataqlıq quşlarının yuva qurması üçün münasib yer kimi böyük əhəmiyyətə malikdir. Həmin quşların çoxu nadir və məhv olmaq həddinə çatmış növlərə aiddir.

Görkəmli şəxsləri:  Şair Mirzə Baxış Nadim, professor Fəxrəddin Məmmədov, AMEA-nın müxbir üzvü Nizami Süleymanov,  Azərbaycanın riyaziyyat sahəsində ilk qadın elmləri doktoru Tamella Nəsirova, general-mayor Asif Cəbrayılov, şair Əjdər Ol, şairə Zivər Ağayeva, Əməkdar incəsənət xadimi Əbdül Mahmudov (Şeyx Əbdül) və başqaları…

Karvansaralar diyarı

Hacıqabul rayonunun tarixi mədəniyyət abidələri sırasında karvansaralar mühüm yer tutur. Orta əsrlərdə karvansaralar Böyük İpək Yolunda mühüm əhəmiyyət kəsb edən dayanacaqlar, məntəqələr idi. Burada pul dəyişilir, atlara yem verilir, bəzən, yeni at əldə edilir, tacirlər və digərləri üçün gecələməyə müvəqqəti yer verilirdi. Karvansaralar bir at mənzilində inşa olunurdu. Orta əsrlərdə sufi dərvişlərinin əsas məskənlərindən biri də buradakı karvansaralar olub.

Hacıqabul rayonu ərazisində bizə məlum olan əsas karvansara orta əsrlərdə Şah Abbasın canişini tərəfindən Hacıqabul gölünün şərq sahilində Həcc ziyarətinə gedən zəvvarlar üçün inşa edilib.

Buradakı digər karvansara isə Fars körfəzi əraziləri və başqa yerlərlə alver edən tacirlər üçün tikilib. Hacıqabul 4 yol ayrıcında olduğu üçün Azərbaycanın hər yerindən zəvvarlar bu karvansaraya yığılaraq, həcc ziyarətinə yola düşərdilər. Həcc ziyarətindən sonra mübarəkdarlıqla qarşılanar və "Həccin qəbul" deyərlərmiş. Elə rayonun adı da bu sözlərdən formalaşaraq Hacıqabul şəklinə düşüb.

Bir başqa karvansara isə Atbulaq kəndi ərazisində Pirsaat çayı boyunda, karvan yolu üzərində yerləşir və Şah Abbas karvansarayı adlanırdı. Elə həmin karvansaray da sonralar yerlə-yeksan edildi.

Nəhayət, dövrümüzə qalıqları arxeoloji qazıntılar nəticəsində gəlib çatan Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu ərazisindəki karvansaraydır. Bu karvansaray, əsasən, ziyarətə gələn zəvvarlar və dərvişlər, müridlər üçün inşa edilib.

Buradakı XI əsrə aid ölkə əhəmiyyətli abidə olan Pir-Hüseyn Xənəgahı, Udullu kəndi ərazisindəki tunc dövrünə aid “Güngörməz” müdafiə istehkamları, antik qəbiristanlıqlar, eramızdan əvvəlki II minilliklərə aid siklopik tikililər, küp qəbirlər, orta əsrlərə aid müxtəlif kurqanlar, çoxlu sayda pirlər, müxtəlif dövrlərə aid qəbiristanlar, karvansaralar, körpülər, ovdanlar və digər tarixi abidələr ərazidə yaşayışın çox qədim zamanlardan mövcud olduğunu və ərazidə təşəkkül tapmış islamaqədərki və islami inam və etiqaddan xəbər verir.

Qafqazın ən böyük çayı olan Kürün bu ərazidən keçməsi Azərbaycanın ən uzun çayının – Pirsaatın bu torpaqdan adlaması, eləcə də ölkənin ən iri gölünün – Hacıqabul gölünün burda yerləşməsi yerli sakinlərin və müsafirlərin həyat mənbəyi-şirin su ilə təmin edilməsinə şərait yaradıb. Digər tərəfdən də həmin su mənbələrinin yaxınlığındakı torpaqların əkin-biçin və otlaq üçün son dərəcə əlverişliliyi burada həm əkinçiliyin, həm maldarlığın, həm də dolayısıyla sənədkarlığın inkişafına təkan verib. Bu səbəbdən də oturaq əkinçi və sənətkar əhali ilə bərabər, buradan qışlaq kimi istifadə etmiş Xilə, Kolanı, Cəyirli, Padar kimi yarımköçəri maldar tayfalar da ərazidə məskən salıb.

Min illər boyu əsl Şərq yaşayış məntəqəsi olan Hacıqabul XIX əsrin son rübündə dəmir yolunun bu yerlərə gəlişi ilə yavaş-yavaş qərbə xas cizgilər alsa da, yollar qovşağındakı məntəqə kimi əhəmiyyətini itirməmiş, əvvəlcə dəmiryol, ardınca avtomobil, hətta hava yolları kəsişməsində yerləşməsi səbəbilə daha da qiymətli mövqe qazanıb. 

Burada xalçaçılıq hələ qədim dövrlərdən geniş inkişaf edib. Şirvan məktəbinin "Sarı xalça" deyilən əl xalçaları toxumaq ənənəsi hələ də davam edir.Rayon ərazisindən Bakı-Tbilisi dəmir yolu xətti keçir. Uzunluğu 58 km-dir. Böyük İpək Yolunun 82 km-i rayonun ərazisindən keçir. Tərəkəmə tayfalarının yolu üzərində yerləşən rayonun mətbəxinin tarixi ta qədimlərə gedib çıxır. Köçərilərin özlərinə məxsus olan yeməkləri, xüsusən də qoyun əti, onun qovurmasından çox istifadə etmələri buranın mətbəxinə də yansıyıb.

 

Hacıqabul hacıqabullunun diliylə:

Yuxarıda adını çəkdiyimiz rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) rayon haqqında danışarkən daha çox onun təsəffüvlə ilgili tarixinə toxunub:

 

“Tərəkəmə tayfaları uzun müddət bu yerdən gəlib yaylaqlara gedərmişlər. Biz hamımız ora gələn tərəkəmələrik. Sonra qərara gəliblər ki, haradsa konkret məskunlaşmalı, yurd-yuva salıb, ocaq çatmalıdırlar. Hacıqabulun ilk sakinləri də həmin tayfalar olub. Daha sonra əlverişli coğrafi mövqedə olması buranı hər yerdə məşhurlaşdırıb. Həcc ziyarətinə gedən adamlar burada müvəqqəti olaraq dinlənər, sonra yollarına davam edərlərmiş. Həmçinin, geri qayıdanda da burada qısa müddətli qalar, sonra evlərinə dönərlərmiş. Geri qayıdıb bura toplaşan zaman hamı bir-birinə Həccin qəbul deyə xitab edərmiş. Hacıların bir-brinə tez-tez etdiyi bu xitab ərazinin adının formalaşmasına da gətirib çıxarıb. Hacıqabul oraların tarixi adıdır. Bir ara bir ləzgi inqilabçısı var idi, Qazı Məmməd  onun adını rayona vermişdilər. Heç elə də ad olar?!

Allah bu torpaqlara xüsusi İlahi, kosmik güc verib. Siz bilirsiniz ki, Hacıqabulda nə qədər bilinən və bilinməyən pirlər var?! Özüm Həcc ziyarətində də, Kərbəlada da olmuşam. Heç həmin ərazilərdə bu qədər müqəddəs ocaqlar yoxdu. Hərdən öz-özümə düşünürəm ki, bu diyar, bu vətən bəlalardan necə xilas olur? İnan, uralardakı İlahi, kosmik enerjinin hesabındadır.

Orta əsrlərdə Hacıqabuldakı hər karvansara xüsusi missiyaya xidmət edib. Dərvişlər, müqəddəs yolun yolçuları buralara yığışıb. Şah İsmayıl Xətainin özü də Cənubdan Şimali Azərbaycana gələndə Hacıqabuldakı karvansarada qalıb".

Hacıqabuldan olan gənc jurnalist, “Xəzər” televiziyasının əməkdaşı Şəhriyar İmanbəyli isə rayonlarının adət-ənənəsi nə məişətindən danışır:

“Hacıqabul rayonu Şirvan zonasına aid olan Şamaxı, Əli Bayramlı, Ələt, Qobustanla eyni mətbəx və ənənələri paylaşır. Sırf Hacıqabulun özünə məxsus olan özəl yemək yoxdur. Zonanın mətbəxi elə buranın mətbəxi hesab edilir. Qonaq gələndə ona əsasən bozbaş və plov asarlar.

Hacıqabulun bilinməyən bir tərəfi isə Udulu kəndidir. Daha doğrusu, buranın narıdır. Udulu narına Rusiyada tələbat çox böyükdür. Bəzən, Göyçay narı kimi Rusiya bazarlarında satılır. Amma onu fərqləndirmək lazımdır: oranın narı çox böyükdü.

Haıcqabul haqqında bir də onu deyim ki, burada ərəb qəbirləri çoxdur. Tarixçilər bunu Ərəb-Xəzər müharibələri ilə əlaqələndirirlər. Hacıqabulun arxeologiyası çox zəngindir.

Adət-ənənəsi də Şirvan mühitindən qidalanıb. Hacıqabuldakı toylarda gənclərin fəallığı hiss olunur. Toydan bir gün  əvvəlki toy axşamında gənclər dəvət olunmasa da belə toy olan yerə gedər, orada oynayarlar. Burada səni toy yiyəsinin tanıması əsas şərt deyil. Cavanlar oynayır, öz fərdi  şouların göstərirlər”.

E.Nazimoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür