Modern.az

Tiflisdə keçirilən GUAM toplantısının sonunda kominike qəbul olunub

Tiflisdə keçirilən GUAM toplantısının sonunda kominike qəbul olunub

10 Noyabr 2009, 18:40

Noyabrın 10-da GUAM-ın Parlament Assambleyasısnın IV iclası Tiflisdə öz işini yekunlaşdırıb. Geniş iclasın sonunda kominike, yəni, əməkdaşlıq haqqında sənəd qəbul edilib. Qəbul edilmiş sənəddə GUAM ölkələri - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova arasında siyasi, iqtisadi, enerji, ekoloji və regional təhlükəsizlik məsələləri əks olunub.
Regional təhlükəsizlik məsələlərində Dağlıq Qarabağ probleminin Azərbaycanın maraqları çərçivəsində həlli nəzərdə tutulub. Bu barədə Modern.az-ın müxbirinə GUAM-ın Parlament Asambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri, millət vəkili Elton Məmmədov bildirib: “Beynəlxalq sənədlərdə Qarabağ probleminin düzgün əks olunmasına çalışırıq. Dondurulmuş münaqişələrlə bağlı GUAM-ın sənədində də Dağlıq Qarabağ məsələsi əks olunub”.
GUAM-ın Parlament Asambleyasının cari iclasında həmçinin təşkilat üzvü olan ölkələrlə beynəlxalq qurumlar arasında münasibətlər də müzakirə edilib və bu barədə də sənəd qəbul olunub. İmzalanmış kominikedə GUAM-Baltik Asambleyası və GUAM-Avropa İttifaqı əlaqələri də öz əksini tapıb. GUAM-ın bu dəfəki iclasında Baltikyanı ölkələrin birliyi olan Baltik Asambleyasının da üzvləri iştirak edib. Bu assambleya ilə də qarşılıqlı əməkdaşlıq razılaşdırılıb.
Baltik Assambleyasının prezidenti, litvalı millət vəkili Mantas Adomenas Modern.az-a müsahibəsində iki təşkilat arasındakı əlaqələrin ümumi inkişafa kömək edə biləcəyini deyib. Adomenas Baltikyanı ölkələrin GUAM ölkələrinə Avropaya inteqrasiya müstəvisində kömək edə biləcəklərini söyləyib: “Biz də GUAM ölkələri kimi Sovetlərin tərkibində olmuşuq. Ona görə də GUAM ölkələrinin hansı problemləri olduğunu yaxşı bilirik. Baltikyanı ölklər sizin üçün Avropa İttifaqı ilə əlaqələr qurmaqda bir növ körpü rolunu oynaya bilər”.
Modern.az-ın Tiflisdə hadisələri izləyən müxbiri ilə söhbətində GUAM-ın baş katibi Valeriy Çeçalaşvili də Baltik Assambleyası ölkələri ilə əlaqədə maraqlı olduqlarını bildirib. Çeçalaşvili Baltik ölkələrindən Avropa İttifaqı məsələlərində faydalana biləcəklərini söyləyib: “Mən GUAM-la Baltik Assambleyasının möhkəmlənməsinə görə çox şadam. Çünki, bizim təşkilat və təşkilata üzv ölkələr məhz Baltikyanı ölkələrin keçdiyi yolu keçirlər. Həmin ölkələr bizim üçün çox gözəl nümunə ola bilər”.
İmzalanmış yekun sənədə görə GUAM-ın növbəti toplantısı 2010-cu ildə Moldovanın paytaxtı Kişniyovda olacaq. GUAM qaydalarına görə iclaslar təşkilata növbəlik əsasında sədrlik edən ölkədə keçirilir.


 

Vüqar Baba
Tiflis, Gürcüstan

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?