Modern.az

Şəhid xəbəri ailələrə necə çatdırılır...

Şəhid xəbəri ailələrə necə çatdırılır...

Qarabağ

7 Aprel 2017, 10:15

Azərbaycanın müstəqillik tarixi qəhrəman oğullarımızın torpaq uğrunda tökülən qanları ilə yazılıb. Allah dərgahında şəhidlik mərtəbəsi peyğəmbərlikdən sonra ən yüksək zirvədir. Şəhidlərin Allah qatındakı məqamı ilə bağlı Qurani-Kərimdə buyurulur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” .

Həqiqətən də hər bir şəhidin keçdiyi ömür yolu onu əbədi yaşadır, gələcək nəsillərə örnək olur.

 

Sonunda qələbə olsa da, müharibə dövrünün ən acı tərəfi elə cəbhədən gələn şəhid xəbərləridir. Axı övladını sağ-salamat vətənə xidmət etməyə göndərən anaya necə deyəsən ciyərparən şəhid olub?..

 

Sovet dönəmində bu xəbər ailələrə məktub vasitəsilə çatdırılırdı. O zaman həmin  məktub “qara kağız” adlandırılırdı. Kiməsə “qara xəbər” gələndə poçtalyon onu ailəyə verməyə cürət etməsə də, buna məcbur idi...

Bəs indi necə, ailələri incitmədən “oğlunuz şəhid olub” xəbəri onlara kimlər vasitəsilə, necə çatdırılır?

Modern.az saytı bu həssas məsələ ilə bağlı həm rəsmi qurumların, həm də şəhid ailələrinin mövqeyini öyrənib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qaravul xidmətləri Nizamnaməsi”nin tələblərinə əsasən, vəfat etmiş (həlak olmuş) hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması hərbi hissə  tərəfindən həyata keçirilir.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Modern.az-ın sorğusuna verilən cavabda deyilir:

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 3–cü maddəsinə əsasən, hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etməsi (həlak olması) haqqında məlumatı əldə etdikdən dərhal sonra hadisənin tarixi və ilkin səbəbləri barədə komanda üzrə yuxarı qərargaha və qarnizon rəisinə məruzə etmək, ərazi hərbi prokuroruna və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə məlumat vermək hərbi hissə komandirinin vəzifəsidir.


Əlavə olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin vəfat etməsi (həlak olması) haqqında hərbi hissə komandiri tərəfindən verilmiş məlumatı dərhal hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) çatdırır”.


Beləliklə, rəsmi cavablardan belə məlum olur ki, şəhid xəbəri ailəyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsi və yerli İcra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə çatdırılmalıdır.

2016-cı ilin “Aprel döyüşləri”ndə, erməni mövqelərinə aviasiya zərbələri zamanı düşmən tərəfindən vurulan Mi-24 helikopterində həlak olmuş mayor Urfan Vəlizadənin qardaşı Vidadi Vəlizadə Modern.az-a açıqlamasında qara xəbəri ilk dəfə şəhidin iş yoldaşlarından eşitdiyini deyib:

 

“Ondan nigaran idik, şübhələnirdik ki, nəsə olub. Rəsmi məlumat da ala bilmirdik. Rəsmilər dedilər ki, bir müddət gözləyin, dəqiq xəbər olanda deyəcəyik. Sonradan iş yoldaşlarından öyrəndik ki, qardaşım şəhid olub. Hadisə olanda “Hərbi Komissarlığın” və Müdafiə Nazirliyinin rəsmiləri gəlmişdi. Amma Urfanın dəqiq hansı şəraitdə şəhid olması barədə bizə məlumat verilməyib”.

 

2016-cı ilin dekabrında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə həlak olan əsgərimiz Çingiz Qurbanovun atası Salman Qurbanov Modern.az-a bildirib ki, oğlunun şəhid olduğunu Gəncə şəhərində öyrənib:

 

“Biz Gəncəyə gedənə qədər Çingizin şəhid olduğunu bilmirdik. Dekabrın 30-da Gəncədə general Rasim Əliyev bizə dedi ki, oğlunuz şəhid olub. Ora gedənə qədər elə bilirdik Çingiz itkin düşüb. Çingizin şəhid olduğunu orda öyrənmişəm, yəni kimsə gəlib bizə deməyib”.

2016-cı ilin dekabrında şəhid olan Ç.Qurbanovu nnəşi uzun müddət erməni tərəfində saxlanıldı. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də şəhidin nəşi qarşı tərəfdən alındı.


Yeri gəlmişkən, uzun illərdi müxtəlif cəbhələrdə müharibə aparan qardaş Türkiyə Cümhuriyyətində şəhid xəbərinin ailəsinə çatdırılması üçün ayrıca prosedur var.

Belə ki, hərbi qulluqçu şəhid olan zaman yerli icra hakimiyyətinin rəhbəri və hərbi səlahiyyətli şəxs ailənin qapısına gəlib qara xəbər barədə məlumat verir. O anda bayırda təcili yardım maşını da hazır vəziyyətdə gözləyir. Ki, verilən xəbərdən sonra şəhid ailəsinin üzvlərindən kimlərinsə halı pisləşsə, təcili yardım müdaxilə etsin.
Türkiyədə bölgə valilərindən biri şəhid xəbərini ailə üzvlərinə çatdırmadan, ilk dəfə TV müxbirləri qarşısında açıqladığına görə onun barəsində cinayət işi başlanmışdı.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!