Modern.az

“Dumbul Bəhram da ölüb, amma kaş o komanda yenidən yığıla”- “Qulp”un məşhur QƏHRƏMANLARI

“Dumbul Bəhram da ölüb, amma kaş o komanda yenidən yığıla”- “Qulp”un məşhur QƏHRƏMANLARI

7 Aprel 2017, 11:01

Bir zamanlar Azərbaycan televiziya məkanında satirik-publisistik janrın yeganə təmsilçisi olan “Qulp” proqramı böyükdən kiçiyə hamının baxımlı verilişinə çevirilmişdi. 7 aprel, yəni, “Molla Nəsrəddin” satirik jurnalının yaranma tarixində “Qulp” haqqında danışmağımız  heç də təsadüfi deyil. Proqramın özü təkbaşına satirik jurnalın redaksiyasını xatırladırdı. Verilişdəki zəngin obrazlar qalareyası - Baba Pünhan, Aşıq Yedigar, rəssam Mirteymur, reklam çarxlarının qəhrəmanı Teymur Məmmədov, yanğılı səs olan Xanım nənə, zəmanədən şikayətlənən Şirin Zərdablı, hərdən öz şikayətlərini muğamat üstündə oxuyan Zahid Məmmədov, balalayka çalan Zabit, Vəliəhd Vəliyev, meyxanaçı Şahnaz, Dumbul Bəhram və başqaları mövcud problemləri satirik dildə çox gözəl çatdırırdılar.

İlk dəfə 1992-ci ildə efirə çıxan proqram 20 ildən artıq zaman müddətində həftədə bir dəfə olmaqla yayımlanır, dövrün ictimai-siyasi, sosial məsələlərinə fərqli baxış sərgiləyirdi.

Həmin fərqli baxış isə proqramın obrazlar qalareyasının hesabına yaranırdı. Bəs, həmin obrazlar-təbii ki, həyatda olanları - “Qulp” olmasa belə, yenidən hansısa proqramın ətrafında cəmləşib, maraqlı komanda yarada bilərmi? Yaxud, nə zamansa “Qulp”un özü ya bu, ya başqa adla müəllifi Mübariz Əsgərovun aparıcılığı ilə yenidən ekranlara gəlsə, onlar aparıcının ətrafında cəmləşər?

Modern.az-ın bu sualına məşhur Aşıq Yedigar obrazının mahir ifaçısı, Şuşa Teatrının direktoru, aktyor Yadigar Muradov müsbət cavab verib. Onun sözlərinə görə, “Qulp”dakı obrazların bu gün yenidən bir araya gəlməsi çox əla olardı:

“Həqiqətən, yenidən belə bir proqramın olmasını, belə obrazlar komandasının bir arada işləməsini çox  istərdim. Tam fərqli, satirik-publisistik janrlı proqram idi. Yeni format idi, hamı tərəfindən də bəyənilirdi. Hətta ulu öndər də o proqramı bəyənirdi. Bir dəfə Novruz çəkilişi zamanı Qoşa qala qapısında bizi uzaqdan gözü aldı, yanına dəvət edib, dedi ki, “Qulp”   proqramını çox bəyənir, istəyir ki, verilişi bir az da geniş hazırlayaq.
“Qulp” doğrudan da çox yaxşı proqram idi. Hər təbəqənin insanları “Qulp” və onun qəhrəmanlarını sevirdi. Çox zəngin obrazlar qalareyası var idi: Baba Pünhan, Mirteymur, balalayka çalan Zabit, Vidadi Qaçağan, Xanım nənə, Şirin Zərdablı, Dumbul Bəhram - onu da deyim ki, o da dünyasını dəyişdi (Həmçinin, Xanım nənə və Şirin Zərdablı da vəıfat ediblər-E.N.).
Bu obrazlar xalqın içindən gələn sözləri satira atəşinə tuturdular. Günümüzdə olan mənfi ünsürləri özünəməxsus şəkildə çatdırırdıq. Çox istərdim ki, bu cür gözəl komanda yenidən yığılsın. Çox televiziya kanallarına fikirlərimi bildirmişəm. Onlara düşündürücü satira yox, əyləndirici yumor lazımdır. Görək, indi Mübariz müəlim nə düşünür? Çünki “Qulp” müəllif layihəsidir. Mübariz müəllimdən başqa “Qulp”u kimsə yenidən dirçəldə bilməz. Yaxud, həmin obrazları - təbii ki, sağ qalanları- inanmıram ki,  kimsə yenidən bir araya gətirə bilsin”.

Həmin obrazları bir araya gətirən aparıcı Mübariz Əsgərov isə Modern.az saytına açıqlamasında bu haqda dəqiq nəsə deyə bilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, hazırda əlində yeni layihələr olsa da, həmin aktyorların hansından istifadə edib-etməyəcəyini dəqiq deyə bilmir:

 

““Qulp” artıq keçilmiş bir yoldu. Baxmayaraq ki, onun bərpasını istəyən tamaşaçılar çoxdu. Bunun da zamana ehtiyacı var. Hazırda əlimdə tamam başqa layihələr var, sırf vətənpərvərlik yönümlü, maarifləndiricidir. O qəhrəmanlardan kimlərdən istifadə etmək olar ya olmaz, bunu hələ bilmirəm. Amma deyim ki, orijinal layihələrdir. Hər halda, daha fərqli layihələr haqqında fikirləşirəm”.


E.Nazimoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır