Modern.az

“Mozalan”ın yeni nömrələrini çəkməyə kimlər mane olur...

“Mozalan”ın yeni nömrələrini çəkməyə kimlər mane olur...

Media

7 Aprel 2017, 11:19

7 aprel “Molla Nəsrəddin” satirik jurnalının yaranmasından 111 il ötür. Bu gün Azərbaycanda həmin jurnalın dəsti-xəttini qoruyan nəsnələr təəssüf ki, azdır. O janrda televiziya proqramlara uzun illərdi ki, rast gəlinmir.  Satirik qəzet və jurnallar da demək olar ki, yoxdu. Olanları da “Molla Nəsrəddin” yolunun davamçısı hesab etmək düzgün olmazdı.

Lakin “Mozalan” satirik kinojurnalı sovet dövründən-yarandığı 1970-ci ildən bu xəttə sadiq qalmağa çalışıb. Yarandığı ilk 10 ildə rüblük bir nömrə ilə, daha sonra hər rübdə iki nömrə ilə tamaşaçıların görüşünə gələn “Mozalan” hamının sevimlisinə çevrilmişi. Əslində, hamının yox, çünki işlərində əyər-əskiyi olan bir bəzi insanlar “Mozalan”dan çəkinirdilər.

Kinojurnal 1993-cü ildən 2015-ci ilə qədər demək olar, işləmədi. Yalnız 2 il bundan əvvəl yenidən bərpa edildi.

Bəs hazırda “Mozalan”ın yeni nömrələri niyə çəkilmir, mövzu qıtlığıdır, ya ideya? Olmaya, məmurlar buna maneçilik törədirlər?

“Mozalan” satirik kinojurnalının direktoru Əlisəttar Quliyev Modern.az saytına açıqlamasında studiyanın gördüyü işlərdən, aktiv-passivliyindən, problem-perspektivindən danışıb:  

 

“Studiya 2015-ci ildə yenidən bərpa olunub. Çünki 1993-cü ildən 2015-ə qədər demək olar, işləməyib. 2015-ci ildə 2 nömrə çəkmişik. Hər nömrədə üç süjet olur. 2016-cı ildə isə 3 nömrə, yəni, 9 süjet ərsəyə gətirdik. 9 süjetdən altısını “Youtube”a vermişik. Hazırda əlimizdə işimiz yoxdu. Amma gözləyirik ki, inşallah yayda çəkilişə başlamalıyıq. 2015-dən bu tərəfə ilə 2-3 çəkirik. Canlı əfsanələr olan köhnə “mozalançı”ları da çəkilişlərə cəlb edirik”.

 

Studiyanın direktoru “Mozalan”ın sovet dövründəki kimi yenidən məşhurlaşmaq şanslarına da toxunub:

 

““Mozalan”ın sovet dövründəki səviyyəsinə çatmaq şansımız var. Çünki həm yaxşı bədii heyət, həm də texniki heyət formalaşdırmışıq. O vaxt süjetlər video lentə çəkildiyi üçün xeyli pul aparırdı, indi isə rəqəmsal kamera, avadanlıqlarla işləyirik. Sadəcə, maliyyə daha yaxşı olsa, o zaman həmin səviyyəyə çata bilərik.

 

“Mozalan”ın sovet dövründə, Eyvaz Borçalının vaxtında hər ilə birmənalı olaraq 8 nömrə, yəni 24 süjet hazırlanırdı. Demək olar ki, iş dayanmırdı.  Hazırda biz “Azərbaycanfilm” Kinostudiyasının üç otağında   otururuq. Bu, bizə kifayət edir, hələ artıq da qalır. Amma vaxt olub ki, kinostudiyanın yarım mərtəbəsi “Mozalan”a aid idi. Çünki burada o dərəcədə çox iş gedirdi”.

 

E.Nazimoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!