Modern.az

Əlipənah Bayramovun şərəfli missiyası

Əlipənah Bayramovun şərəfli missiyası

Ədəbi̇yyat

7 Aprel 2017, 10:58

 Akif Cabbarlı                                                                                


Hələ uzaq tələbəlik illərində qrupumuzun ağsaqqalı statusunu qazanmış və bu gün də öz missiyasını ləyaqətlə davam etdirən jurnalist Əlipənah Bayramovun “Şuşa” nəşriyyatında yenicə çapdan çıxmış “Həyatım, mühitim” kitabı sözün düzü müəllifin dostları, qələm yoldaşları üçün əsl sürpriz oldu. Rəhmətlik əmim Ələsgər müəllimin “qılınc Qurban” kimi çağırdığı bu ləngərli, səbrli, ağayana kişinin birinci kitabı 1983-cü ildə işıq üzü görmüşdü. Sosialist Əməyi Qəhrəmanı, maşinist Qəzənfər Əliyevin ömür yolundan bəhs edən kitab 1973-cü ildən “Xalq qəzeti” (keçmiş “Komminist”qəzeti) redaksiyasında uğurla çalışan Əlipənah Bayramovun hansı yaradıcılıq potensialına malik olmasını da üzə çıxarmışdı. Uzun illərdən sonra dostlarının və övladlarının istəyini nəhayət ki, nəzərə alan Əlipənah müəllim “Həyatım, mühitim” kitabı ilə ədəbi mühitdə orijinal bir ilkə də imza atmış oldu. Çünki Azərbaycanın məşhur söz adamları, ömrünü vətənin istiqlaliyyəti və tərəqqisinə həsr etmiş ictimai-siyasi xadimləri, tanınmış elm adamları haqqında yazıların bu cür nəfis şəkildə, oxunaqlı tərzdə və toplu variantında təqdimi hər deyəndə rastlanmır və bu missianın reallışdırlıması məzh Əlipənah Bayramovun qismətinə çıxdığından müəllif də, biz də məhz bu üzdən qürurlanmaqda tam haqlıyıq.

 
Əlipənah Bayramov tələbəlikdə də səs salan yazılar yazırdı. Yaxşı yadımdadır, birlikdə “Azərbaycan gəncləri”, “Bakı” qəzetlərinə, Azərbaycan Radiosuna gedər, xüsusi tapşırıqlar alardıq. Bəzən gecələr onun kirayədə yaşadığı daracaq mənzildə saatlarla yaradıcılıq söhbətləri edər, hər fikrin, hər cümlənin üstündə baş sındırardıq. Özümüzə, imzamıza hörmət edərdik, oxucunun, dinləyicinin nələr deyəcəyini, nə cür düşünəcəyinin fərqində idik. Aldığımız qonorarla, evdən göndərilən cüzi məbləğlə ortabab dolanırdıq. O vaxtlar pul gözümüzə görünməzdi, amma imzamızla, yazılarımızla haqqlı olaraq öyünərdik. Universiteti bitirdikdən sonra o, qəzetdə, mən isə teleradioda çalışmağa başladıq. İş yerlərimiz ayrı olsa da tələbəlikdə möhkəmlənən, möhürlənən dostluq ənənələri və prinsipləru bu günüdək dəyişməyib. Bir ara hətta “Xalq qəzeti” redaksiyasında işləyərkən mənə müdirlik də edib. Hər ikimiz bu vəziyyətdən qətiyyən sui-istifadə etməmişik. İşi iş, dostluğu dostluq yerində görməyimiz, hər şeyi düz qiymətləndirməyimiz əlaqələrimizə xələl gətirməyib, əksinə sarsılmazlıq, əbədi dözümlülük çalarları gətirib. Əlipənah müəllim bu gün də ağsaqqaldır – sözünün bütövlüyü, kəsərliliyi, saf əqidəsi, yenilməz və siqlətli şəxsiyyəti ilə.

         Qaldı ki, müəllifin kitabına, dostumuz, Əməkdar jurnalist Tahir Aydınoğlu öz iş yoldaşı, Əməkdar mədəniyyət işçisi Əlipənah Bayramovun yeni kitabı, ümumən publisistik fəaliyyəti ilə bağlı nəşrin girişində elə bir yazı təqdim edib ki, adamın daha deməyə sözü qalmır. Süleyman Rəhimov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Xudu Məmmədov, Azad Mirzəcanzadə, Bəhmən Hacıyev, Qurban Abbasov, Abbas Zamanov, İsmixan Rəhimov, Fərman Salmanov, Yaqub Rüstəmov və onlarla digər böyük şəxsiyyətin həyatını və mühitini yadda qalan bədii obrazlarla canlandıran Əlipənah Bayramov müsahiblərini gözümüzdə ucaltmaqla özü də bir boy yüksəlmiş əsl yaradıcı insan, saf düşüncəli, sağlam əqidəli şəxsiyyət olduğunu sübut edə bilmişdir.

         El-obası, nəsli-şəcərəsi, doğmaları və dostları haqqında xatirələri isə əsilli-nəsilli və nəcabətli insan kimi Əlipənah müəllimin öz keçmişinə necə bağlı olduğunu, bu gününə şükranlığını və gələcəyə nikbin baxışını təsdiqləyən, hələ də yazılmaqda və səslənməkdə olan həzin notlar kimi yozulmalıdır.

         UĞUR OLSUN qardaş, yeni kitabını gözləyirik.

 

                     

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?