Modern.az

Aprel döyüşlərinin iştirakçısı olmuş zabit: “Lələtəpədə düşmən ciddi itki verdi”

Aprel döyüşlərinin iştirakçısı olmuş zabit: “Lələtəpədə düşmən ciddi itki verdi”

Aktual

7 Aprel 2017, 15:10

Aprel döyüşləri  Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Bu hadisələrin üstündən artıq bir il ötüb. Azərbaycan ordusunun  peşəkarlığı nəticəsində  tariximizə daha bir qələbə qızıl hərflərlə yazıldı. Daha doğrusu, bu, şəhidlərimizin, yaralı əsgərlərimizin, zabitlərimizin imzasıdır.

Ordumuzun ən böyük uğurlarından biri də döyüşlər zamanı reallaşan  “Lələtəpə əməliyyatı” idi. Lələtəpədə ayağını itirən Elşən Nüsrət oğlu Qarayev də  qələbənin canlı şahidi və iştirakçısı olub. 44 yaşlı polkovnik-leytenant  Modern.az-la söhbəti zamanı bildirib ki, 25 ildir Azərbaycan Ordusunda  xidmət edib.  Ailəlidir və bir övladı var.  O düşünür ki, aprel döyüşləri millətimizin ən böyük uğurudur.


“Bu döyüş düşmən təxribatının qarşısı alan zaman baş verdi.  Biz aprel ayının 1-də Lələtəpə istiqamətində hərəkətə keçdik və uğura imza atdıq. Qarşı tərəf xeyli itki verdi. Düzdür, bizim də itkilərimiz oldu, lakin itkisiz qələbə olmur”.

Müsahibimizin sözlərinə görə, aprel döyüşləri digər döyüşlərdən fərqlənirdi.

“Döyüşlər zamanı hər kəs bir yumruq altında birləşdi. İndi komandirlər də əsgərlərin yanındadır. Hətta aprel hadisələri zamanı onlar əsgərlərdən də öndə gedirdi. Eyni zamanda Ali Baş Komandanımız orduya yüksək qiymət verir. Bunun nəticəsidir ki, çox qısa zaman ərzində ordumuz silahlandırıldı və Qafqaz ölkələri arasında güclü mövqeyə sahib oldu. Bu, inanılmaz bir şeydir. Nəticə isə göz qabağındadır”.

Elşən Qarayev deyir ki, Lələtəpəni ələ keçirən zamankı sevinc hissinin yerini heç nə vermir.

“Təsəvvür edin ki, illərlə Olimpiya çempionu olmağı gözləyirsən və nəticədə buna nail olursan. Həmin ankı sevinc də bizim sevincimizə  çata bilməz.  25 il orduya xidmət edən vətəndaş kimi  ən böyük arzum xalqıma, millətimə olan borcumu ödəmək olub. Kiçik bir torpaq parçası da olsa, o ərazilərin qaytarılmasında payım olsun istəyirdim. Şükür ki, artıq  qələbə hissini dadan şəxslərdən biriyəm. Fəxr edirəm ki, bu döyüşlərdə iştirak etmişəm”.

Polkovnik-leytenant Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva  ilə ötən günlərdə reallaşan görüş haqqında təəssüratlarını da bizimlə bölüşüb.

“Biz fəxr edirik ki, bu gün Azərbaycanın Mehriban xanım kimi Birinci vitse-prezidenti var. Görüş zamanı Mehriban xanım bizim üçün gözəl şanslar yaratdı. Bildiyiniz kimi, Azərbaycanda biz hərbçilərə Reabilitasiya Mərkəzində ilkin mərhələdə protezlər qoyulacaq. Bu, təqdirəlayiq haldır. Mehriban xanıma böyük inanımız var və onun hər sözü bizim üçün müqəddəs və əzizdir”.


Günay Rəsulqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək