Modern.az

Milli Məclisdə büdcə müzakirələri: səlahiyyətlilərin çıxışları

Milli Məclisdə büdcə müzakirələri: səlahiyyətlilərin çıxışları

10 Noyabr 2009, 19:41

Modern.az xəbər verir ki, noyabrın 10-da Azərbaycan Respublikası Milli Məclisinin plenar iclası keçirilib. Parlamentin Sədri Oqtay Əsədov iclasın gündəliyinə 2010-cu il dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan sənədlərin müzakirəyə çıxarıldığını bildirib. Spiker qeyd edib ki, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını, mənfi proseslərə müqavimət qabiliyyətini qoruyub saxlayır. 
Cari ilin 9 ayının iqtisadi göstəriciləri  bunu  əyani  surətdə  təsdiqləyir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalının həcmi 6 faizdən yüksək olub və bu, dünya ölkələri arasında yüksək göstəricilərdən biri, MDB məkanında isə birincidir. Ümumi daxili məhsulun 85 faizi özəl bölmədə  istehsal edilib. Azərbaycanın tarixində ilk dəfə olaraq strateji valyuta ehtiyatları 19  milyard ABŞ dollarını ötüb.  
Oqtay Əsədov qeyd edib ki, 2010-cu ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər  “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun hazırlanıb, Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilib. Növbəti ilin büdcə zərfi dünya iqtisadiyyatında başlanan böhranın fəsadları nəzərə alınmaqla tərtib edilib. Neftin qiyməti dövrün reallıqları, enerji resursları bazarlarında gözlənilən dəyişikliklər əsas götürülməklə  hesablanıb.
Spiker onu da bildirib ki, son dövrlərdə Azərbaycan hökuməti büdcə xərclərini başlıca olaraq iki-üç  istiqamətdə cəmləşdirir. Bu mənada 2010-cu ilin büdcəsi də sosial yönümlü, investisiya tutumlu və müdafiə xarakterlidir. Bu, Azərbaycan dövlətinin sosial-iqtisadi məsələlərə diqqətinin nəticəsidir.  «Bəziləri hesab edirlər ki, büdcə xərcləri yalnız biryönümlü olmalıdır. Düşünürəm ki, bu cür yanaşma düzgün deyil. Azərbaycan dövlətinin qarşıya qoyduğu mühüm vəzifələrdən biri əhalinin maddi rifahını daim yüksəltməkdir. Məhz bu baxımdan biz büdcəmizi sosial yönümlü edirik»-deyə Oqtay Əsədov bildirib.
Plenar iclaslarda aparılacaq müzakirələrin səmərəli olacağını deyən spiker Oqtay Əsədov deputatları müzakirələrdə fəal iştiraka dəvət edib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ölkəmizin 2010-ci il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin komitələrində geniş müzakirə edilib, deputatlara müvafiq məlumatlar və izahatlar verilib.
Ziyad Səmədzadənin sözlərinə görə, 2010-cu ilin büdcə layihəsi hazırlanarkən əvvəlki illərdən fərqli olaraq bir sıra amillərin təsiri daha ciddi şəkildə nəzərə alınıb. Söhbət ilk növbədə dünyada baş verən maliyyə böhranı və onun nəticələrindən gedir. Azərbaycan hökuməti bu reallığı nəzərə alıb və ona görə də baş verə biləcək risklərin təsirini azaltmaq üçün büdcə layihəsinin tərtibinə təmkinlə yanaşıb, ölkənin kifayət qədər valyuta ehtiyatları olmasına baxmayaraq xərclərin bütövlükdə artmasını yox, daha səmərəli istifadəsini ön plana çəkib. Aparılan araşdırmalar göstərir ki, bir çox ölkələrdə büdcə gəlirləri və xərclərinin azalması daha sürətlə gedir. Amma Azərbaycanın 2010-cu ilin dövlət büdcəsi 2003-cü ilin büdcəsindən 10 dəfəyə yaxın çoxdur. Nə Avropada, nə Amerikada, nə də Asiyada belə bir dinamika yoxdur.  
Komitə sədri gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 45 ABŞ dolları səviyyəsində müəyyənləşdirilməsi ilə əlaqədar deyib ki, hökumət asan yol da seçə bilərdi. Yəni büdcədə neftin qiymətini 45 deyil, daha yüksək götürə bilərdi. Amma hökumət dünya iqtisadiyyatında, neft bazarında baş verə biləcək risklərdən qorunmaq, iqtisadi, sosial həyatda uğursuzluqlar yaratmamaq üçün tamamilə düzgün istiqamət götürüb.
2010-cu ilin büdcə layihəsinə görə, ÜDM-də büdcə gəlirləri 31,5%, büdcə xərcləri isə 35,4% təşkil edəcək. Bu, dövlətin cəmiyyətin inkişafında, vətəndaş cəmiyyətinin qurulmasında rolunun artması, dövlətin öz vacib funksiyalarının yerinə yetirmək imkanlarının genişlənməsi deməkdir.
Ziyad Səmədzadənin sözlərinə görə, növbəti ilin büdcə layihəsinin prinsipial fərqli cəhətlərindən biri də xərclərin məqsədli proqramlar, adambaşına maliyyələşdirilmə prinsipləri əsasında proqnozlaşdırılmasına üstünlük verilməsidir ki, bu da sosial-iqtisadi inkişafa dair hədəflərin yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsinə imkan verəcək. Gələn il üçün dövlət büdcəsi xərclərinin 39%-i məqsədli proqramların və tədbirlərin maliyyələşdirilməsi məqsədilə nəzərdə tutulub.
Büdcənin kəsiri ilə əlaqədar komitə sədri deyib ki, bu xüsusda narahat olmağa əsas yoxdur. Belə ki, büdcə kəsirinin minimal səviyyədə mövcudluğu özlüyündə inkişaf üçün əsas yaradır. Dünya iqtisadiyyatında baş verən proseslərlə əlaqədar olaraq istər MDB ölkələrində, istərsə də inkişaf etmiş ölkələrdə büdcələr daha yüksək kəsirlə tərtib olunub.
Belə ki, 2010-cu ilin dövlət büdcəsi Rusiyada 6-7,5 faiz arasında, Rumınyada 6,5 faiz, İrlandiyada 7 faiz, Böyük Britaniya və ABŞ kimi inkişaf etmiş ölkələrdə isə müvafiq olaraq 10 və 12,5 faiz civarında proqnozlaşdırıldığı halda bizdə bu rəqəm 3,9% həddində nəzərdə tutulur. Bu göstərici daha optimaldır və reallığa söykənir. Digər tərəfdən hökumət büdcə kəsirinin maliyyələşdirilməsi üçün daxili imkanlardan, yəni daxili borclanmadan geniş surətdə istifadə etməyi nəzərdə tutur.

Maliyyə naziri Samir Şərifov 2010-cu ilin dövlət büdcəsinin layihəsi ilə bağlı geniş izahat verib. Bildirib ki, layihə «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq dövlətin iqtisadi və siyasi kursunun həyata keçirilməsi, xalqın rifah halının yaxşılaşdırılması və digər əhəmiyyətli məsələlər üzrə qəbul edilmiş proqramların maliyyə təminatı əsas götürülməklə, 2010-cu il və sonrakı üç il ərzində ölkəmizin makroiqtisadi proqnoz göstəriciləri əsasında, bu illərdə gözlənilən meyillər nəzərə alınmaqla tərtib olunub. Beynəlxalq maliyyə institutlarının proqnozlarında dünyada qlobal maliyyə iqtisadi böhranın təsirlərinin 2010-cu ildə də davam edəcəyi və bunun da ÜDM-in artım tempinə təsirsiz ötüşməyəcəyi vurğulanır. Ona görə 2010-cu il dövlət büdcəsi üzrə proqnozların tərtibi zamanı dünyada gedən proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri araşdırılmış və qeyd olunan reallıqlar nəzərə alınıb. Samir Şərifovun sözlərinə görə, 2010-cu il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31,5 faizini təşkil etməklə 10 milyard 15 milyon manat olacağı gözlənilir.
2010-cu ildə Vergilər Nazirliyi üzrə dövlət büdcəsinə 3 milyard 980 milyon manat daxilolma nəzərdə tutulur. Ümumilikdə, Vergilər Nazirliyi üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin 39,7 faizini təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən daxilolmalarına nisbətən 2,3 faiz çoxdur.
Dövlət Gömrük Komitəsinin xətti ilə daxil olan vəsaitin dövlət büdcəsində xüsusi çəkisi 11 faiz, toplanacaq vergi və rüsumlar üzrə daxilolmanın 1 milyard 100 milyon manat olacağı nəzərdə tutulur.
2010-cu il ərzində icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondundan dövlət büdcəsinə birbaşa transfert 4 milyard 915 milyon manat proqnozlaşdırılır. Bu 2009-cu il səviyyəsindədir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən büdcəyə 5 milyon manat daxilolma gözlənilir ki, bu da 2009-cu ilə nisbətən 6,4 faiz çoxdur.
Maliyyə naziri gələn ilin dövlət büdcəsinin xərcləri barədə də ətraflı məlumat verib. Bildirib ki, 2010-cu il dövlət büdcəsinin xərcləri 11 milyard 264 milyon manat proqnozlaşdırılır. 2010-cu ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclər 6 milyard 590,4 milyon manat, əsaslı xərclər 4 milyard 386,5 milyon manat təşkil edəcək. Gələn ilin dövlət büdcəsi xərclərinin 4 milyard 387,3 milyon manatı və ya 39 faizi konkret proqramların və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Dövlət büdcəsinin xərclərində sosial yönümlü xərclərin xüsusi çəkisi 34,4 faiz olmaqla 3 milyard 877,6 milyon manat proqnozlaşdırılır.
2010-cu ildə müdafiə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinə dövlət büdcəsi xərclərinin 17 faizi həcmində və yaxud 2009-cu ilə nisbətən 1,2 faiz çox, o cümlədən müdafiə xərclərinə dövlət büdcəsi xərclərinin 10,7 faizi həcmində və yaxud 2009-cu ilə nisbətən 0,9 faiz çox vəsait nəzərdə tutulub.
Növbəti ildə təhsil xərcləri üçün 1 milyard 276,7 milyon manat ayrılması nəzərdə tutulur. Bu vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,3 faizdir. Növbəti ildə elm xərclərinə 98,2 milyon manat ayrılmışdır ki, bu da büdcə xərclərinin 0,9 faizi həcmindədir.
Maliyyə naziri Samir Şərifov daha sonra bildirib ki, 2010-cu il icmal büdcəsinin gəlirləri 11 milyard 885 milyon manat, xərcləri 12 milyard 465,9 milyon manat nəzərdə tutulub. İcmal büdcənin  tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərclərinin 1 milyard 757,2 milyon manat, Dövlət Neft Fondunun büdcəsinin xərcləri 5 milyard 295 milyon manat proqnozlaşdırılır.

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın sözlərinə görə, növbəti ildə ÜDM-in 6,8 faiz artaraq 31 milyard manata çatacağı, neft sektorunun 3,3 faiz, qeyri-neft sektorunun 4,9 faiz artacağı, investisiya qoyuluşunun 4 faiz artaraq 10 milyard manata çatacağı, əhalinin orta aylıq əmək haqqının 365 manat olacağı proqnozlaşdırılır.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, Azərbaycan iqtisadiyyatı böhrana olduqca güclü immunitet nümayiş etdirir. Beynəlxalq ekspertlərin qiymətlənləndirmələrinə görə böhranın təsirinə ən az məruz qalan ölkələrdən biri Azərbaycandandır. Bunun əsas səbəblərindən biri Azərbaycanın böhrana olduqca yaxşı hazırlaşması və hazır olması idi. Son altı ildə həyata keçirilən uğurlu iqtisadi siyasət, digər tərəfdən böyük həcmdə valyuta ehtiyatlarının yaradılması ölkəmizin böhranın neqativ təsirlərinə məruz qalmasının qarşısını alıb.
Elman Rüstəmov deyib ki, böhran dövründə Mərkəzi Bank çox aktiv pul-kredit siyasəti həyata keçirib. Bu gün ölkəmizdə inflyasiyanın səviyyəsi də çox aşağıdır. Böhranın təsiri altında bir çox ölkələrdə yüksək inflyasiya baş verib. Amma Azərbaycanda orta illik inflyasiya 2 faizdən bir qədər çoxdur.
“Böhran şəraitində bir çox ölkələrin milli valyutları devolvasiyaya uğrasalar da, Azərbaycan  manatı bütün ticarət tərəfdaşlarımızın valyutalarına nisbətən bir faiz möhkəmlənib. Bu onu göstərir ki, manat bir çox valyutalara nisbətən sabitdir. Böhrana baxmayaraq Azərbaycan ilin əvvəlindən valyuta ehtyatlarını da 1 milyard dollardan çox artırıb. İlin sonunadək valyuta ehtyatlarımızın 20 milyardı  dolları keçəcəyi gözlənilir”.
Elman Rüstəmov ipoteka kreditləşməsinin də davam etdiyini deyib. Bu il 61 milyon miqdarında 1400-dən artıq, o cümlədən 150-dən çox güzəştli ipoteka krediti verilib.
Növbəti ilin büdcə layihəsinin olduqca dəqiq hazırlandığını deyən Elman Rüstəmov neftin qiymətinin yaxşı mənada konservativ olduğunu qeyd edib. Onun qənaətincə büdcə kəsirinə də konservativ yanaşmaq lazımdır. Çünki ölkəmizin kifayət qədər maliyyə mənbələri var.

İclasda Azərbaycan Respublikası Hesablama Palatasının gələn ilin dövlət büdcəsi layihəsinə dair rəyi də dinlənilib. Hesablama Palatasının sədri Heydər Əsədov bildirib ki, Hesablama Palatası «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında» qanun layihəsinin qanunvericilik aktlarının tələblərinə uyğun hazırlanması və təqdim edilməsi qənaətinə gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi