Modern.az

“Aprel döyüşləri”ndən yaxşı serial çəkmək olardı...

“Aprel döyüşləri”ndən yaxşı serial çəkmək olardı...

8 Aprel 2017, 09:15

Müxtəlif hadisələrin tamaşaçılara çatdırılmasının ən uğurlu  audiovizual forması elə televiziya kanallarında yayımlanan seriallardır. Bu hadisə uydurulmuş da ola bilər, reallığın müəyyən qədər dəyişdirilmiş versiyası da. Azərbaycanda hələ yenicə formalaşan teleserial sənayesi adətən, məişət mövzularına müraciət edir. Halbuki, daha önəmli mövzular var və bunlar gözardı edilir. Elə götürək vətənpərlik mövzusunu. Məsələn, yenicə 1 illiyini qeyd etdiymiz “Aprel döyüşləri”, Lələtəpə, Talış yüksəkliklərinin düşməndən təmizlənməsi, Milli qəhrəmanlar Murad Mirzəyev, Samid İmanovun göstərdikləri şücaət seriallar üçün yaxşı mövzu deyildimi?.. Niyə Azərbaycanda bu mövzular üzrə yaxşı ssenari yaza bilmirlər?

Bir çox ziyalılar, jurnalistlər, ictimaiyyət nümayəndələri bildirirlər ki, “Aprel döyüşləri”ndən çox yaxşı serial çəkmək olardı... Amma təəssüf ki, bu istiqamətdə çaba göstərən yoxdur. Elə telekanallar da bunda maraqlı deyil. Əks halda, Azərbaycan TV-ləri Milli Teleradio Şurası vasitəsilə dövlət büdcəsindən onlara serial çəkilişi üçün ayrılan pulları ucuz və bayağı məişət-kriminal mövzulu filmlərə xərcləməzdilər.

Bu məsələdə qardaş Türkiyə ssenaristlərindən nümunə götürmək olar. Son illər türkiyəli ssenaristlər bir-birinin ardınca türk Ordusunun PKK terrorçularına qarşı apardığı savaş, şəhidlər, müharibə qəhrəmanları mövzularında baxımlı seriallar çəkməklə həm də ölkədə vətənpərvərliyin təbliğinə öz töhfələrini verməkdədirlər. İndi Türkiyədə Ordunun terrorçularla mücadiləsindən bəhs edən filmlər kiçikdən-böyüyə hamının sevimli dizilərinə çevirilib.

Bəs Azərbaycanda?..

Jurnalist, teletənqidçi Qulu Məhərrəmov Modern.az-
a bildirib ki, bizim serialların mövzusu Azərbaycan reallığı və düşüncəsi ilə  sıx bağlı deyil.

“Adətən teleseriallar xırda məişət mövzularını əhatə edir. Bəzən onların ekran həlli çox uğursuz olur. Biz auditoriyaya, xüsusilə də gənclərə, yeniyetmələrə milli dəyərlər, vətənpərvərliklə bağlı ciddi mesajlar verməliyik. Televiziyalarda verilişlər kimi, seriallarda da dayazlıq müşahidə olunur. Məsələn, “Aprel döyüşləri” ilə bağlı yaxşı ssenari müsabiqəsi elan etmək olar. Lakin bunu televiziyalara yox, istehsal studiyalarına həvalə etmək lazımdır. Bununla da  insanlar həqiqi qəhrəmanlığın  nə olduğunu bilsinlər. Son illər baş verən  hadisələrin gedişatında çox ciddi milli xarakter daşıyanMilli qəhrəmanlarımız oldu. Əlbəttə, millətin, gənclərin vətənpərvərlik ruhunu yüksəltməyə böyük ehtiyac var. Mən arzulayardım ki, bunlar seriallarda öz əksini tapsın”.

Jurnalist, ssenarist Arzu Soltan isə məsələyə fərqli yanaşır. O deyir ki, vətənpərvərlik seriala sığan mövzu deyil.

“Əslində vaxt azlığından hazırda seriallara baxmıram. Lakin təkcə Azərbaycanda deyil, eləcə də dünyada serialların yayımlanma məqsədi  insanların asudə vaxtını dəyərləndirməkdir. Seriallar adətən  ötən bölümün təkrarı ilə başlayır və tamaşaçını intizarda saxlamaq üçün həyəcanlı  hadisə ilə qutarır. Nəticə olaraq tamaşaçını bir neçə saatlıq gündəlik qayğılardan uzaqlaşdırır. Ümumiyyətlə, seriallar qlobal mövzularda olmur. Onun məqsədinə  məişət mövzuları daha uyğundur.  “Media savadlılığı” deyilən anlayış var və insanların xəbər, film, seriallardan aldığı informasiyanı  analiz etmək, qiymətləndirmək  və  istifadə etmək bacarığıdır. Bir çox ölkələrdə bu, dərs olaraq tədris olunur. Azərbaycanda isə yoxdur. HalbukiŞ çox önəmli bir şeydir. Tamaşaçı bilməlidir ki, serialda həqiqət yoxdur. Bunlar hamısı ssenaristlər, rejissorlar tərəfindən uydurulmuş hadisələrdir. Vətənpərvərlik isə seriala sığan mövzu deyil. Vətənpərvərlik hər kəsin, hər sahədə öz işini vicdanla yerinə yetirməsidir”.

Teletənqidçi Zeynal Məmmədli Modern.az-a deyib ki, vətənpərvərlik mövzusu həssas münasibət tələb edir.

“Serial mədəniyyəti bizdə təzə-təzə  formalaşır. Bunun çəkiliş qrupu, konsepti, aktyor seçimləri, özəlliklə də maliyyə qaynaqları var. Ona görə də indi bu sahədəki  prosesi  məşq adlandırmaq olar. Vətənpərlik  çox həssas mövzudur. Daha böyük təcrübə və məsuliyyət tələb edir. Məsələn, gələn il  Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Bununla bağlı  elə indidən hazırlıqlara başlansa, tenderlər, müsabiqələr elan edilsə, yaxşı olar. Belə təcrübələr olmadığı halda, bu mövzuda seriallar necə çəkilsin?. Vətənpərvərliklə yanaşı, istifadə edilməyən digər önəmli mövzular da var. Lakin təəssüf ki, təkcə məişət dramlarına yer verilir”.


Günay Rəsulqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?