Modern.az

Ucqar kəndin gənc müəllimi - “Maaşımızın böyük hissəsi odun almağa gedir”

Ucqar kəndin gənc müəllimi - “Maaşımızın böyük hissəsi odun almağa gedir”

Reportaj

8 Aprel 2017, 13:40

“Qızların tez ərə getmələrinə, oğlanların də fəhlə kimi işləmələrinə razı ola bilmirəm”

Bu gün bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə də yorulmadan yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 

 

Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, iş, dərs şəraiti öyrənilib.

 

Budəfəki müsahibimiz İsmayıllı rayon Balik kənd məktəbinin informatika müəllimi Nərmin Baxışlıdır.

Layihəmizdə başqa fənlərdən fərqli, informatika müəlliminin  olmaması yəqin, sizin də diqqətinizi çəkib. Bu gün ucqar kənd məktəblərində bəlkə də, ən çox ehtiyac duyulan məsələ informatika dərsi üçün lazımı avadanlıq və müəllimlərə ciddi ehtiyacın olmasıdır. Doğrudur, əksər mətəblərdə kompüter otağı və kompüterlər olsa da, peşəkar informatika müəlliminin çatışmaması faktı nəzərə çarpır. Ədəbiyyat (lap elə, olsun coğrafiya) başqa  müəlliminin informatikadan dərs keçməsi isə, bir o qədər də faydalı olmaz. Odur ki, bu fənni ucqar kənddə tədris edən xanım müsahibi dinləyək: 

 

-2010-2014-cü illərdə Bakı Kompüter Kollecində İnformatika müəllimliyi ixtisası üzrə təhsil almışam. 2016-cı ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək, 45 bal toplayıb, İsmayıllı rayonu Balik kənd orta məktəbində İnformatika müəllimi kimi işləməyə başladım.

 

... Və elə getdiyi ilk gündən də həmin kəndə vurulub. Dağlar qoynunda olan kəndə vurğunluq müəllimliyə olan həvəsini daha da artırıb. Özünü dinləyək:

 

-Kənd rayon mərkəzindən təqribən 8–9- km məsafadə,  dağların qoynunda yerləşir. Baliki bir tərəfdən gözəl göl əhatə edir. Olduqca səfalı, gözəl, mənzərəli kənddir. Kəndimiz kiçik kənddir, məktəb də elə böyük deyil. Amma insanları gözəl, ürəkləri də böyükdür. Şagirdlərimiz də  oxumağa çox həvəslidir.

 

İlk dərs gününü, dağlar qoynundakı kənddə müəllim kimi birinci addımlarını atdığı zamanı indi də həyəcanla xatırlayır. Ona özünü müəllim olduğuna inandırmaq o qədər də asan başa gəlməyib:

 

-İlk dərs gününün  təəssüratı çox möhtəşəm oldu. Müəllim ailəsində dogulmuşam və bu peşəni çox sevmişəm... İlk dərs günü məni məktəbdə başda direktor olmaqla, hamı çox gözəl qarşıladı və təbrik etdi. Onlarla işləməyimə çox sevindilər. Əvvəlcə bir müəllim kimi öyrəşə bilmirdim, uşaqlara dərs deməyə alışmırdım. Çünki o günə qədər parta arxasında həmişə özüm oturub müəllimlərimi böyük həvəslə dinləmişəm. İndi isə müəllim kimi sinifə gəlməyim, şagirdlərin məni dinləməsi  çox qəribə gəlirdi. İstəyirdim yenə uşaq olum....
Amma bir müddətdən sonra hər şeyə öyrəşdim. Əvvəllər isə belə deyildi. Hətta müəllimlərin mənə “müəllim” deyə müraciət etmələri də çox qəribə gəlirdi.

 


Amma sonradan….

 

-…Amma sonradan hər şey dəyişdi. Tez bir müddətdə uşaqların sevimli müəlliməsinə çevrildim. Ümumiyyətlə, fənnimi çox sevirlər. Bilmirəm, yəqin, kompüterdə proqramlarda işlədiklərinə görədir. Amma  həmişə deyirlər ki, kaş  hər gün bizə informatika fənni keçirilsin. Yadımdan heç çıxmaz, bir  həftəlik icazə aldığımdan dərsə getməmişdim, şagirdlər elə bilmişdi ki, mən işdən çıxmışam və bir də qayıtmayacağam.... Qayıdanda narahatlıqlarını üzlərindən oxumaq çətin deyildi. Dedilər ki, “ay müəllimə, elə qorxduq ki…. Elə bildik, siz daha işdən çıxmısız”. Onların bu sözlərini heç zaman unutmaram...

 

Şagirdlərə sevgi öz yerində. Amma gənc müəlliməni narazı salan ümumi bir məsələ də var:

 

-İşlədiyim kənddə həyat çox maraqlı keçir. Özüm o kənddə yaşamamışam, mənim üçün qeyri-adi şeylər yoxdu... Kənd camaatının 80%-i demək olar, orta təhsilə yiyələnməyib. Oxumuş gənclərə və mənə bir az qəribə baxırlar....Təəssüf ki, bəzilərinin dünyagörüşləri lazımı səviyyədə deyil...

 

Ucqar kəndin gənc müəlliminin narazı qaldığı məqam burada şagirdlərin daha yaxşı təhsil almasına mane olurmu? Ümumiyyətlə, orada keyfiyyətli təhsilə mane olacaq başqa hansı səbəblər var? Gəlin, bu suala cavabı elə özündən eşidək:

 

-Məktəbimiz 9 illikdi. 9-cu sinifi bitirən şagirdlərimiz 10 və 11-ci sinifləri başqa kənddə, ya da, rayonun özündə  gedib oxumalı olurlar. Həmçinin, peşə və orta ixtisas təhsil müəssisələrini seçib ora  sənəd verən,  təhsillərini orada davam etdirənlər də var. Amma hamısı yox, elələri var ki, bunların heç birinə aid deyil. Qızlar heç oxumur, yalnız oğlanlar - o da kimin imkanı varsa- oxudulur. Deyərdim, bizdə bu, əsas  problemdir: qızların tez ərə getməsi, oğlanların heç yerdə oxumaması və işsiz qalması… Bu səbəbdən,  sonradan ailə sahibi olub, ailəsinə, övladına  yetərincə tərbiyə verməmələri böyük müsibətdir. Valideyn iclasında belə hallarla tez-tez  qarşılaşırıq. “Uşaq niyə  oxumur”,  “niyə lazımı dərs  material vaxtında alınmır” kimi suallar verəndə  valideynlərin cavabları qısa olur: “imkan yoxdu ki,  nəyisə alaq…”. Evdə uşağa “oxumayacaqsan” deyib onun həvəsini öldürmək olmaz!  Təəssüf ki, bəzi valideynlər uşaqlarda bunu lap əvvəldən formalaşdırır.

 

-Təhsil problemlərini anladıq, bəs kənddə hansı sosial problemlər sizi daha çox qayğılandırır?

 

-Kəndimizdə qaz yoxdur. Baxmayaraq ki, bir o qədər də ucqar kənddə yaşamırıq, amma  odun sobası yandırırıq. Hər il söz verilməsinə baxmayaraq, yenə də qaz yoxdur.... Aldığımız maaşın böyük hissəsi odun almağa sərf olunur.Buralarda qış çox sərt keçdiyindən odundan çox istifadə edirik.

 

İkinci böyük problem isə informasiya texnologiyaları əsrində yaşamağımıza baxmayaraq, hələ də internetin olmamasıdır. (söhbətin bu yerində bir daha xatırladaq ki, müsahibimiz informatika müəllimidir. E.N.). Kənddə internet yoxdur. İnternetin çəkilişi üçün haralara yazsaq da,  hələlik  bir xəbər yoxdur.

 


-Maaşınızın çox hissəsini oduna xərclədiyinizi dediniz. Maaş vaxtı-vaxtında verilirmi? Ümumiyyətlə, sosial problemlərinizi, qayğılarınızı aldığınız maaşlar qarşılaya bilirsiz?

 

-Maaş, şükür, vaxtında verilir. O cəhətdən problemimiz yoxdur. Amma sadaladığım problemlər də aradan qalxsa, yaxşı olar.

Gəldik əsas məsələyə. Ucqar kənddə informatika müəllimi olmaq başqa fənləri tədris etməkdən nə dərəcədə çətindi? Müsahibə müddətində səmimi olan müsahibimiz bu dəfə də öz ənənəsinə sadiq qalır:

 

-İnformatika fənninin tədrisi üçün lazım olan  avadanlıqlar və sinif otaqları o qədər də yaxşı olmadığı üçün işləmək bir az çətindi. Bu səbəbdən, öz fənnimi bir o qədər yaxşı tədris edə bilmirəm. İnternet yox, kompüterlər də az…  Amma usaqlar çox həvəslidir, bu kimi problemlərə baxmayaraq, bizim şagirdlər  yarışlardan, olimpiadalardan geri qalmır. Mən dəfələrlə onları rayonda internet olan idarələrə aparıb respublika yarışlarında iştiraklarına şərait yaratmışam. Kənddə, onun məktəbində  internet olsa, biz elə buradaca işləyərik. Həvəsli, istedadlı uşaqlarımız bəzən, bu kimi səbəblər ucubatından kənarda qalırlar. Amma mən çalışıram ki, əlimdən gələni edim. Nə olursa, olsun, buna cəhd edirəm. Çox şükür ki, hər işdə bizim məktəb öndədir. Uşaqlarımızın uğurları da çoxdur.

-Söhbətin bu yerində müsahibə konrekt sualla müraciət edirik. Başqa hansı çatışmazlıqlar o kənddəki şagirdlərin təhsilə barmaqarası yanaşmasına səbəb olur?

-Ailələrdə valideynlər  yaxşı maaşla  işləsə,  iş yerləri normal olsa, şagirdlərinin təhsil almaları üçün əllərindən gələni edərlər. Yoxsa, qızların tez ailə həyatı qurmasına, oğlanların  da evdə oturub, sonradan məcburiyyət qarşısında fəhlə kimi işləmələrinə  heç cür razı ola bilmirəm. Çünki elə şagirdlərimiz var ki, oxumalarına lazımı imkan yaradılsa, yüksək bal toplayıb, universitetə qəbul olunarlar.  Cəmiyyətdə də öz yerlərini lazımı şəkildə tutarlar. Şagirdlərin səsinin  hər zaman yüksək yerlərdən gəlməsini istəyirəm.  Qızlar mənim kimi müəllim, oğlanlar isə həkim, təsərrüfat işçisi, maşın mexaniki və ümumiyyətlə, təlabat olan sahələrdə işləsinlər.

 


Yenidən məktəbə  qayıdaq. Müsahibimiz kənd yerlərinə o qədər də çox varılmayan bir sahəni təmsil edir- informatikanı. Bütün problemlərə baxmayaraq, bunu şagirdlərə sevdirmək üçün nə kimi metodiklardan yararlandığını danışır:

 

-Dərs metodikamı lap əvvəldən müəllimlərimdən öyrənmişəm. Lakin indi onu daha da təkminləşdirirəm. Şagird sayı az oldugu üçün dərsi siniflərdə qrup şəklində təşkil edirik.  Kurrikulum üsulu ilə dərsləri aparıram. Kompüter sinfimiz olmasa da, azsaylı kompüterləri ayrıca otaqda yerləşdirmişik. Həmin balaca otaqda dərsi  proyektor vasitəsilə keçirik. Çox şeyimiz olmasa da, dərslərimiz ən azından maraqlı keçir. Uşaqlar hər şeyi həvəslə öyrənir

 

Bütün bunlara baxmayaraq… Yaxud, son söz əvəzi

 

-Gələcəklə bağlı planlarım çoxdur. Allahın köməyilə istəyirəm ki, sayilib-seçilən informatika müəllimlərindən olum. İstedadlı şagirdlərimlə birlikdə yeni texnologiyalar icad edək və onları sınaqdam keçirək. Çünki indi İKT əsridir. Hər bir kiçik yenilik bizi irəliyə apara bilər. Güc birlikdədir. Və mən balaca müəllim olaraq –burada hamı məni balaca müəllim kimi tanıyır- çalışacam ki,  hər bir şey istədiyim kimi olsun.


E.Nazimoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir