Modern.az

Milli Qəhrəmanla bağlı nazirliyə müraciət edildi

Milli Qəhrəmanla bağlı nazirliyə müraciət edildi

8 Aprel 2017, 14:44

“Sabah “Aprel şəhidi” Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun Neftçala rayonunda il mərasimi keçiriləcək”.


Bu barədə Modern.az-a Neftçala rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Vurğun Əkbərov məlumat verib.

 

O, bildirib ki, ötən ilin “Aprel hadisələri” zamanı qəhrəmanlıq göstərən şəhidin adının əbədiləşdirilməsi prosesi artıq həyata keçirilib.


“Neftçala rayonunda küçələrdən birinə Samid İmanovun  adı verilib. Yaşadığı evin qarşısında lövhə də asılıb. Sabah qəhrəmanın il mərasimi doğulub boya-başa çatdığı Neftçala rayonunda İcra Hakimiyyətinin iştirakı ilə keçiriləcək. Hətta rayon İcra Hakimiyyəti şəhidin adına məktəb verilməsi ilə bağlı Təhsil Nazirliyi qarşısında vəsatət də qaldırıb.  Neftçala rayon İcra Hakimiyyəti olaraq rəsmi şəkildə məktub yazmışıq”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru olmuş Samid İmanov Neftçala rayonunda doğulub. 2016-cı ildə “Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olub və ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.


Mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftçala rayonunun Sovetabad qəsəbəsində anadan olub. 1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirdikdən sonra elə həmin il Ali Hərbi Məktəbə daxil olub. 2003-ci ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib. 

Samid İmanov Türkiyə Cümruhiyyətində “Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”, “Komando təlimi və paraşütdən sərbəst atlamaq” kurslarında, habelə “Anadolu-2007”, “Anadolu Qartalı -2007” birgə taktiki təlimlərində, Pakistanda “Ləpirçi və antiterrorist” kurslarında, İsveçrə krallığında “Dağ təlimi” kursunda, Rumuniya Respublikasında “Dağa dırmanma üzrə təlimatçı kursunda iştirak edib.
Samid İmanov göstərdiyi qəhrəmanlıqlara görə kursant vaxtı məhrum prezident Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyev tərəfindən iki dəfə qəbul edilib və ona qiymətli saat bağışlanıb.

2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində çalışıb.

Xidməti müddətində 6 medalla təltif olunub

2016-ci ilin aprelin 3-dən 4-nə keçən gecə Milli Qəhrəmanın son döyüşü olub. Tərtərin Talış kəndi ətrafındakı atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından çıxarmasına etiraz edib, yaralı gizirinin xilas edilməsi əmrini verib. Əsgərlərinin etirazına baxmayaraq, əmrin icra edilməsi ücün qəti göstəriş verib. Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq, yenidən qayıdıb, amma komandiri yerində tapa bilməyiblər. 

Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək üçün oradan aralanıb, lakin aldığı yaralardan qanaxma nəticəsində dünyasını dəyişib.

Milli Qəhrəman 9 aprel 2016-cı ildə Neftçalanın Şəhidlər Xiyabanında dəfn olunub. 1 qızı və 1 oğlu yadigar qalıb.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi