Modern.az

“Zənginlik ölüm ayağında çox cılız görünür” - "Apple"nin yaradıcısı Stiv Cobs

“Zənginlik ölüm ayağında çox cılız görünür” - "Apple"nin yaradıcısı Stiv Cobs

Ədəbi̇yyat

8 Aprel 2017, 16:20

Qələmi əlinə götür və öz hekayəni kağızda cızma-qara elə. 5 yaşında nələrdən qorxduğunu yaz, sonra 2 yaş daha böyü, beləcə, hekayənin 7 yaşlı qəhrəmana çevril. Hansı sözü kəkələyə - kəkələyə demişdinsə, xatırla və o sözü yaz, bir də yaz. Sonra o sözü ucadan səsləndir, bir də səsləndir, bir də... Səni incidən uşaqlıq xatirələrinə beləcə qəhqəhə çək və bir az daha böyü; 3 yaş, məsələn. İndi tellərini yana darayan, hamıya qıcıq olan, hər şeyi bildiyini zənn edən 10 yaşlı birisən. Əlindəki qələmlə bu dəlisovu cız dəftərində. Sonra kağızı qətrə - qətrə parçala, doğram – doğram elə. Çünki sən indi 15 yaşlı yeniyetməsən. Həyat yolunu hansı troyektoriya üzrə gedəcəyini bilməyən, gündəlik məişət rituallarına müti olan, çəkingən və qorxaq biri: seçim etməkdən, seçim edib irəli getməkdən, irəli gedib hədəfinə çatacağından qorxan biri. Buna görə də 15 ildə yaşamadan qocalan yeniyetməliyinə baxıb əlini saxla, nə bir şey cızma – qara elə kağızda, nə də məğlubiyyətini dilinə gətirib nalə çək. Sus! Heç o kağızı parçalara da ayırma, öz həyatına bir cümlə yazmağı bacarmayanlar o kağızdan bir hərfi belə silə bilməzlər.

Uşaqlığını yaşamayanlar, gəncliyində qocalanlar, sonradan ölməzlər, çünki ilk başdan ölmüşlər onlar. Yaşamayanlarınsa hekayəsi yazıla bilməz. Elə indi, nə qədər ki yaşadığını dərk edirsən, yaz, yalnız  öz hekayəni yaz. Öz hekayəsi olmayanların başqasının hekayəsini yazmağa haqqı yoxdur.

"Apple" şirkətinin yaradıcısı Stiv Cobs. O, bəlkə də hər kəsin qibtə elədiyi adam idi. Ancaq düşün, düşün ki, qibtə edilən o belə, həyatının boşluğunda asılı qalıbmış. O boşluğu isə nə zənginlik doldura bildi, nə də məşhurluq. O boşluğu özünün yazmış olduğu hekayələr doldura bilərdi... Bilərdi!

Boğazına “xərçəng”  dolanan vaxt yazdığı bu hekayə bəlkə də bir başqasının yazacağı ilk hekayənin cücərtisi olacaq. Bəlkə də...


“Biznesdə uğurun zirvəsinə yüksəldim. Həyatım digərlərinin gözündə uğurun simvolu idi. Lakin işdən əlavə mənim həyatımda sevincin sayı çox az idi. Zənginliyimə gəldikdə isə bu mənim vərdiş etdiyim bir şey idi.

Hazırda, xəstəxanada çarpayıda uzanaraq bütün həyatımı xatırlayıram. Başa düşürəm ki, həyatım boyu qürur duyduğum bütün tərif və zənginlik indi olduğum qaçılmaz ölüm ayağında çox cılız görünür.

Qaranlıqda, süni nəfəs cihazının yaşıl işığına baxdıqda və aparatların səslərini eşitdikdə ölümün yaxınlaşan nəfəsini hiss edirəm.

Mən yalnız indi dərk edirəm ki, kifayət qədər pulum olduqda həyatımın qalan hissəsini zənginliklə əlaqəli olmayan tamam başqa məqsədlər üçün sərf edərdim. 

Ola bilsin daha vacib şeylər üçün: Məsələn, sevgi hekayələri, incəsənət, uşaqlıq arzularım.

Mənfəət arxasınca daimi qaçış yürüşü insanı marionetkaya çevirir. Bu mənimlə də baş verdi. Allah yaxınlarımıza öz sevgimiz barədə bəhs etmək üçün bizi hisslərlə yaradıb. Həyatım boyu qazandığım sərvəti özüm ilə apara bilmərəm. Özümlə apara bildiyim yeganə şey – sevgi ilə əlaqəli xatirələrimdir. Sizinlə getməli olan, sizi müşayiət etməli və irəli getmək üçün güc verməli olan əsl zənginlik məhz budur. Sevgi böyük məsafələri qət etməyə qadirdir. Həyatın sərhədi yoxdur. Fəth etmək istədiyiniz zirvələrə sahib olun. Ürəyinizin çağırdığı yerə gedin. Bütün bunlar öz əlinizdədir. Pulunuz olduqda sizi istədiyiniz yerə aparacaq, işdə və yaxud evdə işinizi sizin əvəzinizə görəcək insanlar tuta bilərsiniz. Lakin heç kəs sizin xəstəliyinizi özünə götürməyəcək. Əldən verdiyimiz maddi əşyaları tapmaq, qazanmaq, axtarmaq olar. Lakin itirdikdən sonra tapa bilməyəcəyiniz bir şey var. Bu həyatdır. İndi yaşınızın nə qədər olduğu və yaxud nələrə nail olduğunuz önəmli deyil. Hər birimizin həyatında pərdələrin enəcəyi gün gələcək. Sizin xəzinəniz – ailənizə, sevdiyiniz insana, yaxınlarınıza, dostlarınıza olan sevgidir… Özünüzü qoruyun. Digərlərinin qayğısına qalın”.



Azadə Bayramova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi