Modern.az

Deputatlara qeyri-adi şikayətlər...

Deputatlara qeyri-adi şikayətlər...

15 Aprel 2011, 10:11

“Milli Məclisin deputatının statusunun haqqında” Qanunda göstərildiyi kimi, millət vəkillərinin fəaliyyət formalarından biri də seçicilərlə iş aparmaqdır. Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Konstitusiya ilə ona verilmiş səlahiyyətlər çərçivəsində müvafiq orqanlar qarşısında məsələlər qaldıra bilər. Millət vəkillərinin Modern.az saytına bildirdiklərinə görə, seçicilərlə keçirdikləri mütəmadi görüşlər, qəbullar zamanı onlara müxtəlif müraciət və şikayətlər daxil olur. Deputatlar deyirlər ki, seçicilər bəzən elə müraciət və şikayətlər təqdim edirlər ki, onlara baxılması qeyri-mümkündür.

Modern.az saytı deputatlara daxil olan bu cür müraciətlərdən seçmələr təqdim edir. Beləliklə, millət vəkillləri indiyədək onlara daxil olan  ən qeyri-adi şikayətlərdən danışırlar...

Fəzail Ağamalıdan torpaq sahəsi, ər, qrunt sularını qurutmağı istəyən seçiciləri

Öncə 60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı Fəzail Ağamalıdan soruşduq ki, indiyədək ona edilən ən maraqlı şikayət nə ilə bağlı olub.
F.Ağamalının sözlərinə görə, Salyan rayonunun kəndlərinin birində yaşayan bir seçici müraciət edib ki, onun evi şəhərdən kənarda – kənddə yerləşir. “Amma mən istəyirəm ki, şəhərin özündə də torpaq sahəm olsun”-deyə seçici deputata müraciət edib.
Deputat isə seçiciyə belə cavab verib: “Bildiyim qədər sənin yaxşı evin, eşiyin, həyətin var, şəhərdə yeri neynirsən, mağaza tikmək istəyirsən?
Seçici: “Yox, mən istəyirəm şəhərin özündən torpaq alım, sonra onu bahalı qiymətə satıb özümə bir iş qurum”.
F.Ağamalı deyir ki, həmin seçiciyə bildirib ki, deputatın kiməsə torpaq alıb verməsi mümkün deyil: “Amma gördüm ki, israr edir, əl çəkmir, mən də məcbur olub müvafiq qurumun rəhbərliyindən xahiş elədim ki, ona yer verilə bilərmi… Nəticə barədə is’ xəbərim yoxdu”.

Deputat digər bir seçicisinin də maraqlı istəyindən danışıb. F.Ağamalının sözlərinə görə, bir dəfə qadın seçicisi xahiş edib  ki, deputat ona ər tapsın.
“Mən də qaldım belə ki, axı buna nə cavab verim. Dedim ki, “xanım bu məsələ deputatın səlahiyyətində olmayan bir işdi, mən sənə necə ər tapım?”.
Fəzail Ağamalı deyir ki, araşdıranda məlum olub ki, həmin seçicinin əri varmış.
“Ona dedim “bu nə müraciətdir edirsən, axı sənin ərin var”. Cavab verdi ki, “mən çox danışanam, evdə çox danışanda ərim həmişə məni döyür”.

F.Ağamalıya daxil olan digər qeyri-adi müraciətdə seçici ondan həyətindəki qrunt sularını qurutmağı istəyib.
“Onun həyətində qurunt suları var idi. Seçici öz müraciətində bildirirdi ki, “Lerik, Masallı meşələrində yaxşı qara torpaq var, xahiş edirəm oradan mənim həyətimə 50-60 maşın torpaq gətirəsiniz”.
Deputat seçicidən nə etmək isdədiyini soruşanda, vətəndaş cavab verib ki, “həmin torpağı yayacağam həyətimə ki, qrunt suları çəkilsin, yaxşı bir həyət salmaq istəyirəm, mənə köməkliyiniz lazımdı”.
F.Ağamalı: “Mən də nə cavab verəcəyimi bilmədim. Bu cür müraciətlər mənə çox olub”.

"Balığın qiyməti düşəcək ya yox?"

Növbəti müsahibimiz 46 saylı Şirvan seçki dairəsindən millət vəkili Azay Quliyevdir.
“2009-cu ilin martında Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar təbliğat-təşviqat kampaniyasında Şirvan şəhərində böyük bir toplantı keçirirdik. Şəhərin “Şirvan” kinoteatrında baş tutan tədbirin əsas  hissəsi bitdikdən sonra sakinlərin referendumla bağlı suallarını təzəcə cavablandırmağa başlamışdıq ki, ahıl bir orta məktəb müəllimi ayağa qalxıb yerindən məndən soruşdu:
- Əşi, bu Konstitusiya dəyişikliklərini başa düşdük eey... Azay müəllim Siz mənə deyin görüm, bundan sonra, nəhayət, bazarda balığın qiyməti düşəcək ya yox?
Bütün zal gülməyə qərq oldu.
Sonra biz dəqiqləşdirdik ki, bu müəllim, sən demə, yaxşı balıqçıdır, tutduğu balıqları da baha qiymətə satır və qiymətinin aşağı düşməyi ona heç sərf etmirmiş .

Deputat platformasında canavarın yeri

- 2010-cu ildə Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasında seçicilərlə növbəti görüşümüzü keçirirdik. Şirvanda deputatlığa namizədə verilən maraqlı suallardan biri yaşlı bir xanımın sualı oldu:
- Azay müəllim, bizim məhəllənin mal-qarası otlamaq üçün bu vaxta qədər şəhərin kənarına  gedirdi. Amma təəssüf olsun ki, son zamanlar canavar sürülərinin təcavüzünə məruz qalırlar. Bununla bağlı bizə nə kömək edə bilərsiniz?
Mən dərhal cavab verdim:
- Mənə bir tüfəng verin, tədbirdən sonra canavarların ovu ilə şəxsən özüm məşğul olacam!

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?