Modern.az

“Oskar”ın qısa siyahısına yaxınlaşan filmimiz - XXI əsrdəki kino işlərimiz

“Oskar”ın qısa siyahısına yaxınlaşan filmimiz - XXI əsrdəki kino işlərimiz

11 Aprel 2017, 16:55

XXI əsrin 17-ci ilini yaşayırıq. Qoca tarix üçün qısa zaman olsa da, insan ömrü üçün az ümüddət deyil. Bu 17 ildə Azərbaycan mədəniyyətinin qazancı nə oldu? Mədəniyyət təbii ki, böyük məfhumdu. Hüseyn Cavidin təbirincə desək, Turana qılıncdan da kəsərli, ulu qüvvət məhz mədəniyyət olub. Odur ki, Modern.az XXI əsrin Azərbaycan mədəniyyətindən danışarkən müxtəlif sahələrə- kino, teatr, opera, balet,  musiqi, bəstəkarlıq, animasiya, rəqs, rəssamlıq, memarlıq və.s.- ayrı-ayrılıqda toxunacaq.

İlk olaraq isə, XX əsr mədəniyyətinin əsas siması olan kinodan bəhs edək. Azərbaycan kinematoqrafiyası XXI əsrin ilk 17 ilində nə ildə yadda qalıb?

Əvvəlcə, bir müqayisəyə diqqət edək: 1990-cı ildən 2000-ci ilə qədər çəkilən filmlər kəmiyyət baxımından 2000-ci ildən bu yana ekranlaşdırılan kino işləriylə müqayisəyə belə, gəlməz! 1990-cı ildən 2000-ci ildək Azərbaycan kinosu haqqında danışarkən, Ayaz Salayevin “Yarasa”, Rövşən Almuradlının “Yük”, Hüseyn Mehdiyevin “Süd dişinin ağrısı”, “Özgə vaxt” filmləri yada düşür. Və bir də kino üçün uğursuz olan həmin onilliyin ən məhsuldar rejissoru Vaqif Mustafazadəni də unutmaq olmaz. Rejissorun bütün ekran əsərlərini bir kənara qoyub, təkcə “Yaramaz” filmini götürsək, yenə də bu onillikdəki uğursuzluğu birtəhər kompensasiya edə bilərik. Həmin ərəfədə iki yorulmaz rejissor da vardı ki, ağır şərtlərə baxmadan nəsə etmək istəyirdilər. Biri mərhum Həsən Əbluc idi ki, “Pəncərə” və “Ağ atlı oğlan” filmləri ilə Qarabağ acılarını ekrana daşıdı. Digər isə hazırda səhhətində problem olan Ramiz Əzizbəyli idi ki, “Bəxt üzüyü “ filmi ilə yenidən sovet filmlərinin yığdığı qədər tamaşaçı sevgisi toplaya bildi.


Qayıdaq, əsas mövzumuza, XXI əsrin Azərbaycan kinosunun ilk tutarlı nümunəsi rejissor Fikrət Əliyevin ekranlaşdırdığı “Yuxu” filmi oldu. Qarabağ müharibəsi zamanındakı Bakı koloritini ekrana daşıyan film komik detalları ilə yanaşı, xeyli vacib mesajları ilə də diqqət çəkir. “Yuxu” XXI əsrdə tamaşaçılarını kinoteatra aparmağa məcbur edən ilk filmimiz oldu. Doğrudur, 2001-ci ildə çəkilən film indikələrlə müqayisədə kinoteatrlara  nisbətən az adam yığdı. Amma vacib bir ilki bacardı.

Sonnrakı titrəyici qüvvə isə Oqtay Mirqasımovun “Ovsunçu” filmi oldu. 2005-ci ildə ekranlaşdırılan filmə münasibət birmənalı olmasa da, televiziya kanalları, mətbuat uzun illərdən sonra ilk dəfə hansısa filmi müzakirəyə çıxardılar. “Ovsunçu” uzun fasilədən sonra ilk dəfə tamaşaçıları hansısa film haqqında peşəkar müzakirələrin şahidinə çevirdi. Bundan əlavə,  “Ovsunçu”nun Azərbaycan kino tarixində bacardığı bir ilk də var: film XXI əsrdə hansısa xarici festivalda qalib gələn ilk milli ekran əsərimizdir (Qızıl minbər" Birinci Beynəlxalq İslam Kino Festivalında ən yüksək mükafata "Qran-pri"yə layiq görülüb).

2007-ci il fevralın 20-də prezident İlham Əliyevin "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamı kinonun  maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verdi. "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar işlər bu gün də davam etdirilir. Nazirliyin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında "Buta", "Tərsinə çevrilmiş dünya", "Əlavə təsir", "Vəkil haradadır?" filmləri, müstəqil kino şirkətlərində "Sahə", "Ölüm növbəsi", "Aktrisa", "Kabusun gözüylə", "Qisas almadan ölmə" "Ondan yaxşı qardaş yox idi", "Mən evimə qayıdıram", "Canlı" bədii filmləri çəkildi.  

Yuxarıdakı bəzi filmlərin adlarını ümumi şəkildə çəkdik. Amma XXI əsrdə Azərbaycan kinematoqrafiyasının elə məhsulları var ki, onları ayrı-ayrılıqda qeyd etmək gərəkir:


“Çölçü”-
XXI əsrin ilk 17 ilində ekranaşdırılan ən uğurlu filmlərimizdən biridir. Rejissor Şamil Əliyevin 2012-ci ildə ərsəyə gətirdiyi film hələlik, Azərbaycan kino tarixinin ən çox mükafat qazanan filmi kimi rekord müəyyənləşdirib. Dünyanın beş qitəsini gəzən, 40-a yaxın ölkədə keçirilən festivalda iştirak edən “Çölçü”  ümumilikdə 30 beynəlxalq mükafatın sahibidir. Lakin bunlar “Çölçü”nün əsas uğuru deyil. Filmin əsas uğuru ilk dəfə olaraq nüfuzlu “Oskar” mükafatının “Ən yaxşı xarici film” nominassiyasına təqdim edilərək, uzun siyahıya düşməsidir. Filmin rejissoru Şamil Əliyevin vaxtilə bu sətirlərin müəllifinə verdiyi müsahibədə “Çölçü”nün “Oskar”ın qısa siyahısının bir addımlığında olduğunu, lakin müəyyən səbəbdən ora düşə bilmədiyini vurğulayıb. Amma film bu gün də dünyanı dolaşmaqdadır. Ən son iki gün bundan əvvəl Kəlküttədə keçirilən müsabiqədə birinci yeri qazanmaqla mükafatlarının sayını 30-a çatdırıb.


“Nabat” - Rejissor Elçin Musaoğlunun ekran məhsulu olan Nabat “Çölçü” filmi qədər dünyanı gəzməsə də (hələlik), çox böyük rezonansa səbəb oldu. XXI əsrdə Qarabağ mövzusunda çəkilən filmlərdən (“Arxada qalmış gələcək”, “Yalan”, “Biz qayıdacağıq”, “Qala” və başqalarından) fərqli olaraq, “Nabat” tam fərqli yanaşma ilə tamaşaçılarən görüşünə gəldi. Azsaylı aktyor heyəti ilə böyük mahiyyəti çatdıran film hələlik bir neçə ölkədə (Türkiyə, Hindistan, Meksika, Almaniya) keçirilən festivallarda Azərbaycan kinosunu uğurla təmsil edib. Amma “Nabat”dan gözləntilər çoxdur.

“Axınla aşağı” - Asif Rüstəmovun rejissorluq etdiyi film 3 beynəlxaq mükafatın sahibidir. Onların arasında “Gümüş Remy”, “Ən yaxşı debüt”, “Xüsusi vurğulama”, “Tamaşaçı rəğbəti” kimi mükafatlar var. Milli mentalitetin bəzi zərərli amillərini ön plana çəkən film Almaniya, ABŞ, Rusiya, Türkiyə, Hindistan kimi ölkələrdə beynəlxalq müsabiqələrdə uğurla çıxış edib.

“Əli və Nino”- Filmi haqqında danışdığımız dönəm üçün (2000-2017) Azərbaycan kinosunun sonuncu ən yaxşı nümunəsi adlandırmaq olar. Çox güclü prodüsser işi filmə olan marağı artırdı və xaricdən cəlb edilən peşəkar aktyorlar  “Əli və Nino”nu mükəmməl ekran əsəri səviyyəsinə qaldıra bildi. Film xarici ölkələrin kinoteatrlarını gəzməklə bir növ, Azərbaycanı da təbliğ etmiş olacaq.

“Sonuncu” - İkinci Dünya müharibəsində iştirak edənlərdən Yer kürəsində günümüzə qədər sağ qalan sonuncu veteran haqqında fəlsəfi məsəl səciyyəvi film olan “Sonuncu”nu uğurlu ekran əsəri saymalıyıq. Film “Buta Films” şirkətinin və “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalıdır. Quruluşçu rejissor Serqey Pikalov, quruluşçu operatoru Denis Madışevdir. Ekran əsərində veteran rolunu aktyor İdris Rüstəmov, gənc qonşu rolunu isə aktyor Corc Qafarov oynayıb. “Sonuncu” 67-ci Kann Kinofestivalının əsas proqramında nümayiş etdirilən 9 filmdən biridir.

 

“Qisas almadan ölmə. Keçmişdən məktublar”-
Kinorejissor Oqtay Mirqasımovun “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Qisas almadan ölmə” filmi Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alır.

 

“Mən evə qayıdıram” - “Salnamə” kinostudiyasında istehsal edilən filmin rejissoru Samir Kərimoğludur. Ekran əsəri 1990-cı illərdə rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. Film hərbi vətənpərvərlik mövzusunda, real hadisələr əsasında çəkilib. 85 dəqiqəlik ekran əsərində ilk dəfə Azərbaycan hərbi hava qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin səmada düşmən texnikası ilə mübarizəsi əks olunub.

Çəkilişləri Quba, Sitalçay, Kürdəmir, Xızıda aparılan filmdə xalq artistləri Yaşar Nuri, Fuad Poladov, aktyorlar Emil Bədəlov, Murad Abdullayev, Kamran Ağabalayev, Yaqub Hüseynov, Vladimir Yakovlev, Katerina Fedorova, Anna Kostenko çəkiliblər. Film real faktlar əsasında ekranlaşdırılıb.

 

Mahmud və Məryəm”- Xalq yazıçısı Elçinin eyniadlı romanının motivləri əsasında çəkilən film Azərbaycan və Türkiyə kino mütəxəssislərinin birgə ərsəyə gətirdikləri ekran əsəridi.  Film Türkiyədə çox yaxşı qarşılanıb və ölkənin bir çox kinoteatrlarında uzun müddət vizyonlarda qalıb.

“Dolu” -  2012-ci ildə rejissor Elxan Cəfərov tərəfindən çəkilən film XXI əsr Azərbaycan kinosunun ən məşhur nümunələrindən hesab edilir. Qarabağ mövzusuna həsr edilən film  Aqil Abbasın eyniadlı romanın motivləri əsasında lentə alınıb. Filmdə real hadisələr və real qəhrəmanlar onun təbiiliyini artırır. Komandir, Drakon, Pələng kimi real Qarabağ qəhrəmanları o filmin hesabına yenidən canlandılar.

 

“Girov” - Qocaman rejissor Eldar Quliyevin böyük kinoda son işidir. Qarabağ mövzulu filmlər arasında fərqli yanaşma bucağa görə seçilir.

“Sübhün səfiri”- Təcrübəli kino ustadı Ramiz Həsənoğlunun uzun müddətdən sonra ekranlaşdırdığı film böyük maarifçi Mirzə Fətəli Axundzadəyə həsr olunub. Ensikopedik bilgi almaq, XIX əsr Azərbaycanı haqqında müfəssəl məlumatlanmaq üçün əla ekran əsəridir.

Bunlar təbii  ki, son deyil. XXI əsrin ilk 17 ilində “Dərvişin qeydləri”, “Yarımçıq xatirələr”, “Küçələrə su səpmişəm”, “Sonuncu dərviş”, “Sonuncu dayanacaq”, “Ümid”, “Cavad xan”, “Müqəssir”, “40-cı qapı”, ”Nar bağı”, “Keçid”, “İlahi məxluq” kimi dəyərli filmlər də ekranlaşdırılıb.

Lakin kommersiya məqsədli ucuz və yüngül filmlərin (“Xoxan”, “Niyə”, “Naxos”, “Mahmud baba”, “Axırıncı yol” , “My name is İntiqam” və s.) reytinqi və tamaşaçı marağı ciddi filmlərdən dəfələrlə çoxdur. Kinonu həm də tamaşaçı tələbatı yaradır. Odur ki, XXI əsrin növbəti illərində daha uğurlu filmlərin ərsəyə gəlməsi üçün tamaşaçılar da öz məsuliyyətini dərk etməlidir.


E.Nazimoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi