Modern.az

3 ayda Azərbaycana yarım milyodan çox əcnəbi gəlib

3 ayda Azərbaycana yarım milyodan çox əcnəbi gəlib

İqtisadiyyat

12 Aprel 2017, 09:44

“Mənə bu yaxınlarda məruzə edildi ki, üç ay ərzində ”ASAN viza" xətti ilə 40 min viza verilib. Bu sistem Azərbaycana viza ilə gələnlərə şamil olunur. Səksəndən çox ölkənin vətəndaşı elektron viza alır". Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.


Prezident deyib ki, bunlar olmasaydı, turizm inkişaf edə bilməzdi: “Əlbəttə, bizim tariximiz, tarixi abidələrimiz, gözəl iqlimimiz, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəxi də bu işdə rol oynayır. Ancaq bunlar hamısı var idi. Bəs, niyə turizm inkişaf etmirdi? Mənim yadımdadır, dəfələrlə müxtəlif dövlət qurumlarına göstəriş vermişdim ki, bu viza məsələlərini həll edin. Çünki vizalarla bağlı pozuntular bizim imicimizə zərbə vururdu. Xarici vətəndaş o vizanı səfirlikdən almaq üçün min əziyyətə qatlaşmalı olurdu, onu get-gələ salırdılar, qanunsuz tələblər irəli sürürdülər. Bu məsələ birdəfəlik həll olundu. İndi bu, olmasaydı Azərbaycana kim gələrdi? Bəzi xarici ölkələrdə olarkən görüşlər əsnasında mənə deyirdilər ki, biz Azərbaycana gəlmək istəyirik, bizim vətəndaşlar gəlmək istəyirlər, amma çox çətindir. Gərək bir həftə, iki həftə əvvəl planlaşdırasan, bilinmir hələ sənə viza verəcəklər, ya verməyəcəklər, bizim konsulumuz olan başqa şəhərə getməlisən. Xarici vətəndaş min bir əziyyətdən çıxırdı ki, Azərbaycana gəlsin. Mən bu məsələni tam diqqətə götürdüm və dərhal inqilabi dönüşlər yarandı. Ona görə turistlərin axınının əsas səbəbləri, bax, budur - bizim siyasətimiz, verdiyim göstərişlər, onların icrası, viza və təhlükəsizlik məsələləri, müasir infrastruktur, hotellər, istirahət zonaları və əlbəttə ki, Bakının gözəlliyi”.


Prezidentin bu açıqlamalarından belə görünür ki, burada daha çox onun strategiyası və atdığı addımlar rol oynayıb.

 

Modern.az-ın müsavat.com-a istinadən məlumatına görə, ekspertlər hesab edir ki, turizmin daha da çiçəklənməsi üçün müvafiq hökumət qurumlarının, turizm obyektlərinin də işində ciddi fəallaşmalarına ehtiyac var.

Turizmin getdikcə inkişafı Azərbaycanın maliyyə imkanlarına ciddi qatqı ola bilər.


Qeyd edək ki, statistik rəqəmlər də son zamanlar ölkəmizə xaricdən turist axınının artdığını deyir. Aprelin 7-də “JW Marriot Absheron” hotelində “Azərbaycan-Avstriya Turizm Proqramı” Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivləri" mövzusunda keçirilən, “Azərbaycan-Avstriya Turizm Proqramı”nın 10 illik yubileyinə həsr olunan konfransda mətbuata açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu il ölkəmizə gələn turistlərin sayında artım olduğunu diqqətə çatdırıb. Nazir deyib ki, 2016-cı ilin ilk üç ayı ilə müqayisədə bu ilin analoji dövründə ölkəmizə gələn xarici turistlərin sayında 24,9 faiz artım olub. Belə ki, 2017-ci ilin ilk üç ayı ərzində Azərbaycana 544 min xarici turist gəlib. Təkcə Novruz bayramı ərəfəsində İrandan ölkəmizə gələn turistlərin sayı 65 min nəfərə yaxın olub. 2016-cı ildə Azərbaycana gələn xarici turistlərin statistikası da ciddi irəliləyişdən xəbər verir. Ölkəmizdə reallaşan beynəlxalq mədəni tədbirlər də turizmin inkişafına müəyyən töhfələr verir.


Nazir ölkəmizin turizm sənayesi üçün yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində həyata keçirilən layihələrdən danışarkən də bu sahədə işlərin getdiyini bildirib: “Azərbaycanın turizm təhsili müəssisələri dünyanın bu sahədə ən qabaqcıl təhsil sisteminə uyğun olaraq öz fəaliyyətini davam etdirir. İndi Azərbaycanda turizm təhsili sahəsində Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kolleci fəaliyyət göstərir. Yaxın vaxtlarda Qusar və Masallı rayonlarında yeni turizm peşə məktəbləri fəaliyyətə başlayacaq. Ümumilikdə isə 15 belə məktəbin yaradılması nəzərdə tutulur.


Turizm obyektləri ilə yanaşı, xidmət sektoru, turizm üzrə mütəxəssislərin hazırlanması və həmin müəssisələrdə işlə təminat da əsas məqamlardandır. Bu baxımdan, Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci, eləcə də Bakı Turizm Peşə Məktəbi kadr hazırlığında özünü doğruldur. 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün əsas prioritet məsələ “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarətdir. Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvəmizi səfərbər etmişik".

 

Modern.az

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı