Modern.az

Şəhid adları necə əbədiləşdirilməlidir - baxımsızlığa görə kimlər məsuliyyət daşıyır…

Şəhid adları necə əbədiləşdirilməlidir - baxımsızlığa görə kimlər məsuliyyət daşıyır…

12 Aprel 2017, 17:52

Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün ölkəmizin bütün bölgələrində abidələr qoyulur, bulaqlar tikilir, parklar salınır.

Təəssüf ki, şəhid adının əbədiləşdirilməsi məqsədilə qoyulan bəzi abidələrin, tikilən bir sıra  bulaqların ətrafında baxımsızlıq ucbatından xoşagəlməz mənzərə yaranıb. Bu mənzərə ilə rastlaşanda çoxumuz, xüsusən də şəhidin yaxınları sözlə ifadə olunmayan sarsıntı keçirirlər.

Bəzi qurumlar isə aşağıda göstərilən tələbləri əllərində bayraq tutaraq bildirirlər ki, küçələrdə və məhəllələrdə qoyulan şəhid abidələrinə nəzarət mexanizmi mövcud deyil. Onlara həssas münasibət əhali və şəhidin yaxınları tərəfindən olmalıdır.


Modern.az
-ın məlumatına görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” Nazirlər Kabinetinin 10 saylı qərarı ilə 1994-cü ilin yanvarın 15-də təsdiq edilib.

Qərara əsasən, şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər:

- iki dəfə Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar:

- Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhidlərin adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.

Bəs bununla bağlı qanunvericilikdə hər hansı bir dəyişikliyə ehtiyac varmı?

Şəhidin adının əbədiləşdirilməsi üçün daha nə etmək lazımdır?

Məsələ ilə bağlı Mili Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlama verib.

Deputat hesab edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları haqqında” qanuna dəyişikliyin edilməsinə ehtiyac yoxdur.

“Şəhidlərin adları yaşadıqları ərazilər üzrə əbədiləşdirilir. Milli Qəhrəman və digər şəhidlərimiz adlarının əbədiləşdirilməsi ilə bağlı bu gün qüvvədə olan qanunvericilk normalarını normal hesab edirəm. Nəzərə almaq lazımdır ki, biz hazırda müharibə şəraitindəyik. Bizim hələ nə qədər qəhrəmanlarımızın və şəhidlərimizin olması sual altındadır. Ona görə də qanunvericilikdə tənzimləmə hələ ki normaldır”.

 

Çingiz Qənizadə  deyib ki, çox təəssüflər olsun ki, bəzi yerlərdə  baxımsızlıq ucbatından xarabalığı xatırladan şəhid abidələri və bulaqlar var.

“ Mən onu yerli qurumların vicdanına  buraxıram.  Biz o şəhidlərin xatirəsinə görə həmin obyektlərə xüsusi diqqət yetirməliyik. Əgər xoşagəlməzlik varsa, belə hallar yerli qurumların öz məsuliyyətsizliyindən irəli gəlir.
Bu məsələdə şəhid ailələrinin özləri tərəfindən də xüsusi diqqət və qayğı olmalıdır. Amma hər halda, yerləşdiyi ərazidən asılı olmayaraq müəyyən dövlət strukturlarının bu məsələyə diqqəti olduqca vacibdir. Bu diqqət bizim şəhidlərimizə və qəhrəmanlarımıza hörmətin bir əlaməti olar”.


Deputat qeyd edib ki, istənilən şəhidin adı əbədiləşdirilə bilər.

“ Bunun üçün müəyyən olunmuş qaydadan kənar müvafiq icra hakimiyyəti orqanları həmin ərazidə küçənin, məktəbin, bağçanın adının şəhidə verilməsi ilə bağlı yerli qurumlar səviyyəsində Nazirlər Kabinetinə məktub göndərməlidir. Nazirlər Kabinetindən müsbət cavab alındıqdan sonra isə həmən yerlərin biri şəhidin adına əbədiləşdirilə bilər. Biz bu praktikanı artıq yerlərdə tətbiq etmişik”.

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir