Modern.az

Əli İnsanov məhkəmədə ifadə verib

Əli İnsanov məhkəmədə ifadə verib

12 Aprel 2017, 18:09

Bu gün Qaradağ Rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

"Report"un məlumatına görə, hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Prokuror bildirib ki, ittiham aktına əsasən, Ə.İnsanov cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində psixotrop maddələr əldə edərək saxlayıb: "Aparılan yoxlama zamanı həmin vasitələr aşkar olunub. Bununla bağlı protokol tərtib edilib. Bu zaman Əli İnsanov protokol yazan Penitensiar Xidmətin əməkdaşı Anar Məmmədova hücum edib. O, həmin şəxsin paqonunu cıraraq onu itələyib. Bu zaman Anar Məmmədov yıxılaraq başından xəsarət alıb."

 

Elan olunmuş ittiham üzrə Ə.İnsanov özünü təqsirli bilmədiyini söyləyib. Sabiq səhiyyə naziri ittihamları saxta adlandırıb.

Zərərçəkmiş qismində Anar Məmmədov dindirilərkən ittiham aktında yazılanları təsdiq etdiyini bildirib.

Prosesdə hal şahidi olan məhkumlar - Rövşən Salahov, Şünasib Əliyev, şahid, keçmiş məhkum - Anar Təhməzov, Penitensiar Xidmətinin əməkdaşı Fizuli İsmayılov da ifadə verib. Həmin şəxslər də ittiham aktında yazılanları təsdiqlədiklərini qeyd ediblər.

Məhkəmənin növbəti iclası aprelin 19-na təyin olunub.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu