Modern.az

Sosial evlərdə mənzillərin sayı məhdud, müraciət çox olacaq - ŞƏRTLƏR

Sosial evlərdə mənzillərin sayı məhdud, müraciət çox olacaq - ŞƏRTLƏR

13 Aprel 2017, 11:03

Sosial evlərə sahib olmaq istəyənlər mayın 1-dən başlayaraq elektron müraciət edə biləcəklər.


Modern.az
xəbər verir ki, iqtisadçı Vüqar Bayramov deyib ki, təklif ediləcək ilk sosial evlərə güzəştli ipoteka almaq hüququ olan gənc ailələr sahib ola biləcək:

 

“Bunlar şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olanlardır. Eyni zamanda, elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də bu imkandan yararlana biləcəklər. Gənc ailə üçün yaş həddi 35-dir”.

 

Ekspert deyib ki, sosial mənzillər bir, iki və üç otaqlı olmaqla inşa edilir:

 

“Bizim qiymətləndirmələrimizə görə, 1 otaqlı mənzil üçün aylıq ödəniş təxminən 180 manat, 2 otaqlılar üçün 240 manat, 3 otaqlılar üçün isə 360 manat olacaq. İlkin ödəniş 10 faiz olacaq. Bu o deməkdir ki, əgər mənzilin qiyməti 50 min manatdırsa, o zaman 5 min manat ilkin ödəniş lazım olacaq”.

 

İqtisadçı bildirib ki, sosial mənzil almaq üçün müraciətlərin sayının çox olacağı nəzərə alındıqda qeydiyyat başladıqdan sonra daha tez müraciət etmək məqsədəuyğundur:

“Çünki mənzillərin sayı məhdud, müraciət isə çox olacaq. Buna görə, ilkin müraciət edənlərə üstünlük veriləcəyi gözlənilir. Yasamalda inşa edilən sosial binalarda təxminən 1900 mənzilin istifadəyə veriləcəyi gözlənilir”.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı