Modern.az

“Aprelin 30-da keçiriləcək ilk qəbul imtahanlarının nəticələri üç günə açıqlanacaq” - MÜSAHİBƏ

“Aprelin 30-da keçiriləcək ilk qəbul imtahanlarının nəticələri üç günə açıqlanacaq” - MÜSAHİBƏ

13 Aprel 2017, 12:34

Aprelin 30-da ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq üçün II-III ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanları keçiriləcək. Mayın 7-də isə I-IV ixtisas qruplarının abituriyentləri ilk qəbul imtahanı verəcəklər.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il birinci qəbul imtahanında 65653 abituriyent iştirak edəcək. Onlardan 59425-i Azərbaycan, 6228-si Rus bölməsinin məzunudur.  

Aprelin 30-da keçiriləcək II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanında 35 429 abituriyent iştirak edəcək ki, onlardan da 18677-si II (16609-u Azərbaycan, 2067-si Rus bölməsi), 16752-si isə III  (15478-i Azərbaycan, 1274-ü Rus bölməsi) ixtisas qrupu üzrə sənəd verib. 

Mayın 7-də keçiriləcək I və IV ixtisas qrupları üzrə ilk qəbul imtahanında isə 30224 abituriyentin iştirakı nəzərdə tutulub.

Onlardan 25602-si I (23257-si Azərbaycan, 2346-sı Rus bölməsi), 4622-i isə IV (4081-i Azərbaycan, 540-ı Rus bölməsi) ixtisas qrupunu seçib.



Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə  bu və ya digər məsələlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb.

-Bu il ali məktəblərə keçiriləcək imtahanlar zamanı nəticələrin ikinci imtahanlara qədər açıqlanmayacağı söylənilir. Bu, nə ilə əlaqədardır?

 -Əvvəla, belə hal baş verməyəcək. Ali təhsil müəssisələrinə ilk qəbul imtahanı  aprelin 30-da II və III ixtisas qrupları üzrə keçiriləcək. I və IV ixtisas qrupları üzrə isə imtahanlar mayın 7-də baş tutacaq. İmtahan keçiriləndən sonra imtahan protokolları və cavab kartlarının emalı aparılır. 3 gün ərzində nəticələr elan olunaraq, Dövlət İmtahan Mərkəzinin rəsmi saytına yerləşdirilir. Abituriyentlər sayta daxil olub nəticələri ilə tanış ola biləcəklər.

-Bəs ali məktəblərə keçiriləcək ikinci imtahanlar nə vaxta planlaşdırılır?

-İkinci imtahanlar iyun ayına planlaşdırılır. Hələ ki, tarixlər müəyyən edilməyib.


-Digər bir məlumat test kitabçaları ilə bağlıdır. Deyilir ki,  test kitabçaları əvvəlki illərlə müqayisədə bu il keçiriləcək imtahanlardan sonra abituriyentlərə təqdim olunmayacaq. Bu, nə dərəcədə doğru informasiyadır?

-Bu da yanlış informasiyadır. Qəbul imtahanlarında I-IV ixtisas qrupları üzrə test kitabçaları abituriyentlərə təqdim olunur. Ona görə də builki imtahanlar bitəndən sonra abituriyent test kitabçasını özü ilə aparacaq.
 

-Aprelin 30-u ali məktəbələrə keçiriləcək  ilk imtahanda ötən ilin məzunları da iştirak edəcək?

-Əlbəttə, həm cari ilin məzunları, həm də ötən illərin məzunları imtahanda iştirak edəcək. Əgər abituriyentlər elektron ərizəsində “yazda keçiriləcək imtahanda iştirak etmək istəyirəm” bəndində “bəli” xanasını seçibsə, aprel və mayda keçiriləcək ilk qəbul  imtahanlarında  iştirak edəcəklər. Aprel və may aylarında keçiriləcək imtahanda bu dörd ixtisas qrupu üzrə ümumilikdə 65.659 abituriyentin iştirakı nəzərdə tutulub. Sırf yazda keçiriləcək imtahanda iştirak etmək istəyən rus bölməsindən olan abituriyentlərin sayı  6.230 nəfərdir.

-İyulda keçiriləcək imtahanlar abituriyentlərə verilən ikinci şansdır. Ödəniş məsələsinə də toxunmağınızı istərdim. Ancaq ötən illərin abituriyentləri göstəriləcək məbləği ödəyəcək?

-İmtahanda ilk dəfə iştirak edən şəxs hər hansı bir ödəniş etmir. Bununla bağlı dövlət başçısının müvafiq sərəncamı var. İmtahanda ilk dəfə iştirak etmiş şəxs heç bir haqq ödəmir. O baxımdan ki,  onun imtahanda iştirak etmək haqqı dövlət büdcəsinin hesabına ödənilir. Bura cari ilin məzunları aiddir. Əvvəlki illərin məzunları ola bilsin ki, 5 il bundan qabaq orta məktəbi bitirib, amma hər hansı imtahanda iştirak etməyib. O zaman həmin abturiyent üçün bir dəfə ali təhsil müəssisələrinə bakalavr səviyyəsində və bir dəfə orta ixtisas müəssisələrinə, kolleclərə qəbul olmaq hüququ var. Ödənişdən azaddır. Əvvəl ərizə verib ali məktəbə qəbul ola bilməyən abituriyentlər üçün isə imtahanlar ödənişlidir.

-Dediyiniz kimi, bu il abituriyentlərə iki dəfə şans verilir. Aprel-may aylarında yaxşı nəticə göstərməyən abituriyent iyul ayında da keçiriləcək imtahana qatılacaq. Cari ilin aprel ayında imtahandan kəsilən abituriyent iyul ayında ödəniş edəcəkmi?

-Əgər abituriyent birinci imtahanda iştirak edibsə, ikinci imtahanda da iştirak etmək istəyirsə, may ayının 15-dən 22-nə olan müddətdə Dövlət İmtahan Mərkəzinin saytına daxil olub abituriyentin elektron ərizəsini doldurub ikinci imtahanda iştirakını təsdiq etməlidir. O zaman ikinci imtahanda iştirak etmək üçün abituriyent tələb olunan ödənişi ödəyəcək .

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir