Modern.az

Azərbaycana Suriya ilə bağlı  heç kim şərt qoya bilməz – ABŞ səfirinə ETİRAZ

Azərbaycana Suriya ilə bağlı  heç kim şərt qoya bilməz – ABŞ səfirinə ETİRAZ

Ölkə

13 Aprel 2017, 13:21

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta rəsmi Bakının Suriya ilə bağlı tutmalı olduğu mövqeyindən danışıb.

Modern.az-ın xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında bildirib ki, Ağ Ev Azərbaycanın Suriyada dinc təşəbbüslərə dəstək verməsini istəyir.

“Bizim gözləntimiz bundan ibarətdir. Biz istəyirik ki, Suriyada Bəşər Əsədin həyata keçirdiyi mənfur siyasətinin qarşısının alınmasında Azərbaycan da köməklik etsin”.

 

“Atlas” araşdırmalar mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Modern.az saytına şərh verib.

 

Ekspert bildirib ki, hazırda Azərbaycan üçün əsas problem Dağlıq Qarabağ münaqişəsidir.

 

“Azərbaycan Qarabağ probleminin həlli ilə maraqlanır. Yaxın Şərqdə isə Azərbaycanın heç bir özəl maraqları yoxdur”-deyə E. Şahinoğlu qeyd edib.

 

Onun fikrincə, Rusiya və ABŞ Suriyada toqquşsa da, Azərbaycan bu dövlətlərin heç birinin yanında deyil.

 

“Çünki, bizim Suriyada özəl maraqlarımız yoxdur. Azərbaycanın Suriya ilə bağlı yeganə mövqeyi budur ki, Suriyanın ərazi bütövlüyü qorunsun və müharibə sona çatsın. Kimsə istəyirsə ki, Azərbaycan Suriya məsələsində onun yanında olsun - bu, baş tutmayacaq. Bunu kimsə dilə gətirə bilər, amma şərt kimi qoya bilməz”.

 

Politoloqun sözlərinə görə, Azərbaycanın onsuz da elə bir imkanı yoxdur ki, Suriya münaqişəsində kiminsə yanında yer alsın.

 

“Səfir deyə bilər, amma mən nə rəsmi Vaşinqtondan, nə də Moskvadan belə bir tələb eşitmişəm ki, Azərbaycan Suriya məsələsində mütləq kiminsə yanında olsun. Qazaxıstan bizdən də böyük dövlətdir və Rusiyanın müttəfiqidir. Ancaq o belə bu məsələdə ehtiyatlı mövqe sərgiləyir”-deyə E. Şahinoğlu söyləyib.

 

Ekspertin fikrincə, yaxşı olardı ki, Amerikanın Ermənistandakı səfiri “Suriyada Bəşər Əsədə qarşı mübarizədə Ermənistanın Amerikanın yanında olmasını istəyirik” desin.

 

“Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmaq məsələsində İrəvana güldən ağır söz demirlər, Suriyaya gəldikdə isə Azərbaycanı yükləmək və problemin mərkəzinə sürükləmək istəyirlər”.

 

Aqşin KƏRİMOV

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!