Modern.az

Xomeyni Sovet səfirindən nə istəmişdi? - Diplomatın maraqlı XATİRƏLƏRİ

Xomeyni Sovet səfirindən nə istəmişdi? - Diplomatın maraqlı XATİRƏLƏRİ

13 Aprel 2017, 14:13

Xəbər verdiyimiz kimi, bu günlərdə şərqşünas-alim Məsiağa Məhəmmədinin “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” adlı kitabı işıq üzü görüb. Həmin kitabda sovet qoşunlarının Əfqanıstana daxil olduğu gün SSRİ-nin İrandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Vinoqradovun İran İslam Respublikasının banisi Ayətullah Xomeyni ilə görüşü barədə xatirələri də yer alıb. Maraqlı məqamlarla zəngin olan həmin xatirələri Modern.az-ın oxucularına təqdim edirik.  

 

Tehran. 27 dekabr 1979-cu il

 

Budur, Yeni il yaxınlaşır. Hər şey az-çox yoluna düşüb. Bir az dincəlmək olar. Dekabrın 26-da Çexoslovakiya, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Macarıstan, Polşa və Rumıniya səfirlərini əməkdaşları ilə birgə qonaq çağırdıq. Bütün həyəcanlı ayları əlbir işləmişdik, informasiya mübadiləsi aparmış, hadisələri birgə təhlil etmiş, həftədə bir neçə dəfə yığışmış, bir-birimizə maddi baxımdan yardım etmiş, hücum təhlükəsi olanda uşaqları və qadınları bir-birimizin yanında gizlətmişdik. Bir sözlə, yoldaş idik.


Səfirliyin zalı böyük idi, qonaqlar və özümüzünkülər çox idi, “beynəlmiləl” konsert, oyunlar, rəqslər. Və təbii ki, yaxşı stol – Yeni ili kim süfrə arxasında qarşılamır? Sərbəstlik, şənlik, sevinc – sanki çiynimizdən yük götürülmüşdü. İki ildən çox idi ki, belə istirahət etməmişdik...


Zala açılan qapıların birində yoldaşlarımızdan biri göründü və əli ilə mənə işarə verdi. Səfirlərdən üzr istəyib qapıya yaxınlaşdım.


- Sizə təcili tapşırıq var.


Müşavir Yevgeni Dmitriyeviç Ostrovenkonu çağırdım: “Getdik yuxarı”...

Əlimdəki kağızı stolun üstünə atdım, əhvalım dəyişdi. Bu nəyə lazımdır? Axı mənasızdır, məgər Moskvada heç kim Şərqi, onun xalqlarının adətlərini bilmir? Cəmi 60 il əvvəl ingilislərin Əfqanıstanda biabırçı məğlubiyyətindən xəbərləri yoxdur? Lakin tapşırıq tapşırıqdır. Onu yerinə yetirmək lazımdır.


Tapşırıq belə idi: təcili olaraq Xomeynini məlumatlandırmaq ki, Əfqanıstan hökumətinin xahişi ilə sovet hökuməti dekabrın 27-də bu ölkəyə xarici təcavüzü dəf etməkdə kömək göstərmək üçün “məhdud kontingent” göndərir. Belə bir ümid ifadə etmək ki, İran bu müvəqqəti və məcburi addımı anlayışla qarşılayacaq.


Saata baxdım: axşam saat on radələri idi. 27-sinə cəmi ikicə saat qalırdı. Xomeyni çoxdan bəyan etmişdi ki, daha xarici səfirləri qəbul etməyəcək, bunun üçün hökumət var; o, dövlət xadimi deyil, millətin ruhani rəhbəridir. Və yaşamaq üçün Quma – İranda ali rütbəli din xadimlərinin ənənəvi iqamətgahına getmişdi. Bu, Tehrandan 150 km məsafədə idi. Nə etməli? Tapşırığın icrası mümkünsüz görünür. Lakin bir şey aydındır: mütləq elə etmək lazımdır ki, Xomeyni üçün yəqin ki, xoş olmayacaq bu xəbəri o, məndən eşitsin, bunu sabah xarici radiolardan biləcək müşavirlərindən yox! Əslində Xomeyninin yanına getməyin mənası da elə budur, çünki bizim bu qeyri-adi addımın haqlı olduğuna onu inandırmaq, nə qədər çalışsam da, mümkün olmayacaq.


Yoldaşlara göstəriş verdim ki, dərhal Xomeyninin dəftərxanası ilə əlaqə yaradıb təcili görüş barədə təkidlə xahiş etsinlər, eyham vursunlar ki, məsələ adi deyil; eyni zamanda İran XİN-ə zəng vurub Quma getməyə icazə almaqda kömək göstərməyi xahiş etsinlər. Özüm səfirlərin yanına düşdüm. Üzr istədim: təcili iş var, getməliyəm. Arvadımdan xahiş etdim ki, qonaqların başını qatsın, özüm isə kabinetə qayıtdım...


Təəssüf ki, bir nəticə yox idi: Xomeyninin dəftərxanasından demişdilər ki, səfir Xomeyninin dövlət işlərində iştirak etməmək barədə qərarını bilməmiş deyil; bəli, İmam sovet səfirini yaxşı tanıyır, lakin artıq o yatıb...


XİN-də yuxulu növbətçidən başqa kimsə yoxdur, o da deyib: “Səhəri gözləyin”. O vaxt xarici işlər naziri Qütbzadə idi (1983- cü ildə Amerika casusu kimi güllələndi). Hələ o dövrdə biz onun davranışının qeyri-təbiiliyini duyurduq və instinktiv olaraq ona zəng etmək istəmirdik, axı onun məsələni İmama necə təqdim edəcəyi bəlli deyil. Bir də məlumatı başqa kiməsə vermək tapşırılmamışdı. Nə etməli?


Xahiş etdim ki, yenidən XİN-ə zəng etsinlər və nazirin müavinlərindən biri olan və bizə daim diqqətlə yanaşan Həqgunun ev telefonunu alsınlar. Telefonu verdilər, amma xidmətçi dedi ki, Həqgu evdə yoxdur, harada olduğunu deyə bilməz. Bir az təzyiqdən sonra (mənim əməkdaşlarım Jenya Ostrovenko və Nikolay Kozırev farsca çox yaxşı danışırdılar) xidmətçi nömrəni verdi, zəng edib Həqgunu xahiş etdilər. Onunla ingiliscə özüm danışdım və dedim ki, son dərəcə vacib, təcili məsələ var və məhz bu gün şəxsən Xomeyniyə çatdırmalıyam. Başa düşürəm ki, gecə yarısına az qalıb, İmam da Qumdadır, lakin həyatda hər cür gözlənilməz və fövqəladə şərait olur. Nə edək?


Həqgu bir qədər düşünüb dedi ki, əlbəttə, Xomeyni ilə görüşü təşkil edə bilməz, çünki gecdir, amma Quma getmək üçün rəsmi icazə verə bilər. Bu artıq müəyyən nəticə idi. Mən Həqguya hədsiz təşəkkür edib başqa bir xahiş də etdim: bir neçə silahlı mühafizəçi (pasdar) göndərsin, çünki gecədir, hər yan patrulla doludur, yol da uzaqdır. Dedim ki, biz iki maşında gedəcəyik. Nazir müavini xahişimi yerinə yetirəcəyinə söz verdi.


İyirmi dəqiqədən sonra avtomatla silahlanmış üç saqqallı gəldi. Biz yola çıxmağa hazır idik. Gecə saat üçə işləyirdi...


Qum məscidlərinin qızılı günbəzləri görünəndə artıq hava işıqlanırdı. Şəhərə xeyli qalmış yol içinə qum doldurulmuş metal çəlləklərlə kəsilmişdi – ilk yoxlama postu idi. Budkadan əli avtomatlı saqqallılar çıxıb təəccüblə qırmızı bayrağa baxırlar. “Bizim” saqqallılar öz sənədlərini təqdim edib izahat verirlər: sovet səfiri təcili işlə bağlı İmamın yanına gedir... Bir kilometrdən sonra eyni şey təkrarlanır. Beləcə 5, ya 6 kordondan keçirik. Biz Xomeyninin şəhərin kənarındakı kiçik küçədə yerləşən balaca evinə kifayət qədər yaxınlaşırıq. Ora yolu yaxşı tanıyırdıq: bir neçə dəfə olmuşduq. Burada bizi bütün gecəni tonqal ətrafında keçirən keşikçilər sıx dövrəyə aldılar. Burdan o yana heç cür buraxmaq istəmirdilər... Mən onların komandirindən xahiş etdim ki, Ostrovenkonu İmamın dəftərxanasına – iqamətgahın qarşısındakı balaca evə – buraxsın: o, orada hər şeyi dəftərxana rəisinə izah edər, bizsə burda gözləyərik. Komandir könülsüz razılaşdı.


Jenya mühafizəçilərlə getdi. Biz onu qırx dəqiqə gözlədik. Nəhayət, o, qayıdıb dedi ki, dəftərxana rəisi çox təəccübləndi və bildirdi ki, İmam qəbul etmir, lakin uzun danışıqdan sonra səfirin dəftərxanaya gəlməsinə razılıq verdi. Bizim yanımıza gələndə Jenya görmüşdü ki, dəftərxana rəisi uzun qara paltarının ətəyini əli ilə tutmuş halda başmaqlarını yerə döyə-döyə qaçaraq küçəni keçib Xomeyninin evinə gedir.


Biz dəftərxanaya gəldik... Yarım saatdan sonra dəftərxana rəisi narazı halda gəlib çıxdı və dedi ki, İmam bizi qəbul edəcək. Və çıxıb getdi. On dəqiqədən sonra qaçıb gəldi və əli ilə işarə etdi ki, tez olun.


Biz Xomeyninin evinə girdik... İki dəqiqədən sonra Xomeyni otağa daxil oldu. Biz yüngül təzimlə salamlaşdıq, o heç kimə əl vermirdi... Əlbəttə, mən qəfil, onun icazəsi olmadan gəldiyimizə görə üzrxahlıqdan başladım... və İmama bizi belə səhər erkən qəbul etdiyinə görə təşəkkürümü bildirdim... Sonra mən Əfqanıstan 1919-cu ildə müstəqillik əldə edəndən bəri bizim münasibətlərimizin tarixi haqqında məlumat verdim... Hazırkı vəziyyətə çatanda mən Aprel inqilabının sırf əfqan səciyyəsi daşıdığını izah etdim. İnqilabın əleyhdarları haqda danışdım, onların köhnəni qaytarmaq üçün aramsız cəhdlərindən, ABŞ-ın onlara hərbi yardım göstərməsindən söhbət açdım. Əfqanıstan hökumətinin dəfələrlə Sovet İttifaqından hərbi kömək istədiyimi bildirdim. Söylədim ki, bu gün sovet qoşunlarının məhdud kontingenti Əfqanıstana daxil olacaq, özü də müvəqqəti olaraq. Biz istərdik ki, İmam bunu qabaqcadan bilsin və bizim nə üçün belə qeyri-adi və çətin addım atmağımızın səbəblərini birinci əldən eşitsin. Qeyd etdim ki, Əfqanıstana xaricdən hərbi müdaxilə SSRİ-nin də təhlükəsizlik maraqlarına toxunur, axı Əfqanıstan bizim qonşumuzdur.


Bir qədər pauza elədim. İmam susub gözləyirdi ki, mən bütün sözlərimi deyim: “Mənə tapşırıq verilib ki, bu addımın İmam və İran tərəfindən anlayışla qarşılanacağına ümid etdiyimizi çatdırım” – deyə, mən yekunlaşdırdım.


İmam qaşlarını qaldırdı: “Bəbrək Karməl kimdir?”


Mən cavab verdim ki, düzü, onu tanımıram, amma barəsində yaxşı fikirlər eşitmişəm.


İmam onu qabaqcadan məlumatlandırmağı lazım bildiyinə görə sovet rəhbərliyinə təşəkkürünü çatdırmağı xahiş etdi, dedi ki, bu dostluq və etimad əlamətidir və bunu qiymətləndirir.


İmam həmişəki kimi, yeknəsəq, amma yavaş-yavaş danışırdı, sanki fikirlərini cəmləşdirirdi – axı o, bu qeyri-adi informasiyaya məsuliyyətli reaksiya verməli idi. O qeyd etdi ki, hər bir xalq kənardan müdaxilə olmadan öz işlərini özü həll etməlidir. Ona çatdırıldığına görə, Əfqanıstanda ruhaniləri təqib edir, məscidləri bağlayırlar. Bu, xalqa zidd hərəkətdir, belə hərəkət etmək olmaz, islam məğlubolmazdır, onu qadağan etmək mümkün deyil. Əgər bu doğrudursa, onda sovet dövləti Əfqanıstan rəhbərliyinə təsir göstərməlidir. İran orada baş verənlərə laqeyd deyil. Əgər orada rəhbərlikdə ağıllı adamlardırsa, onlar islamı sıxışdırmamalıdır.


“Sovet qoşunlarının müsəlman ölkəsinə yeridilməsi, əlbəttə, xoşagəlməz və qeyri-adi hadisədir. Biz Sovet İttifaqına hörmət edirik, lakin İran, təbii ki, bu hərəkəti təqdir edə bilməz. Amma indi ki qoşunlar yeridilir, onda mənim məsləhətimi Moskvaya çatdırın, – Xomeyni dedi, – qoy onlar tezliklə öz işlərini görsünlər və çıxıb getsinlər. Və ümumiyyətlə, - o, bir qədər duruxub davam etdi, - sovet rəhbərliyindən xahişim budur ki, müsəlman ölkələrinə diqqətlə yanaşsın, əks təqdirdə, bu ölkələrə münasibətdə sovet xarici siyasəti uğur qazana bilməyəcək”. İmam susub öz aləminə daldı.


Mən Xomeyniyə dediyi fikirlərə görə təşəkkürümü bildirdim və din, milli xüsusiyyətlər kimi amilləri nəzərə almağın zəruriliyi barədə sözləri ilə razılaşdığımı söylədim. Dedim ki, bu, bizim xarici siyasətin prinsiplərindən biridir.


Mənim məlumatıma Xomeyninin reaksiyası kəskin olmadığı üçün mən risk edib ümidvar olduğumu bildirdim ki, İranın kütləvi informasiya vasitələri və məscidlərdəki vaizlər bu gün müzakirə etdiyimiz məsələ ətrafında ehtirasları qızışdırmayacaqlar və bununla da Sovet-İran münasibətlərinə mənfi təsir göstərməyəcəklər.


Xomeyninin gözlərində qığılcım parladı. “Mən sizdən iki xahiş edə bilərəmmi? – cavab vermək əvəzinə o, soruşdu. – Bu günlərdə BMT Təhlükəsizlik Şurasında ABŞ səfirliyi əməkdaşlarının tutulması ilə əlaqədar İrana sanksiyalar tətbiq edilməsi məsələsinə baxılacaq. Mən başa düşmürəm ki, niyə amerikalılar bizim ABŞ-da olan pullarımızın azad edilməsi ilə bağlı razılığa gəlmək istəmirlər. Sovet İttifaqı İrana sanksiyalar tətbiq edilməsi tələbini müdafiə edəcəkmi? Əgər sanksiyalar barədə qətnamə qəbul edilməsə belə, biz bilirik ki, amerikalılar Fars körfəzindəki bütün İran limanlarını blokadaya almağa hazırlaşırlar. Belə olan halda İran Avropaya Sovet İttifaqı vasitəsilə çıxmaq üçün tranzit imkanından istifadə edə bilərmi?”


Əlbəttə, bu məsələlərlə bağlı mənə konkret göstərişlər verilməmişdi, lakin Xomeyniyə: “Sizin xahişlərinizi Moskvaya çatdıraram” – demək də yersiz idi. Əgər belə etsəydim, elə təəssürat yaranardı ki, biz İrana hansısa ehtiyat variantı kimi baxırıq. Bəzi diplomatların dediyi kimi, “məsafə saxlayırıq”. Bu gün, İranın bizim Əfqanıstanda atdığımız olduqca düşünülməmiş addıma sakit reaksiyası lazım olduğu vaxtda isə buna yol vermək olmazdı...


Buna görə də mən tərəddüd etmədən Xomeyniyə cavab verdim ki, o, Təhlükəsizlik Şurasında İran əleyhinə sanksiyalar barədə qətnamənin qəbul edilməyəcəyinə əmin ola bilər. SSRİ üzərindən tranzitə gəldikdə isə, biz İmamın bu istəyini də yerinə yetirməyə hazırıq.


Xomeyni açıq-aşkar söhbətdən məmnun qalmışdı. Uzun danışığın pis təəssürat yaradacağını düşünərək, biz İmama təşəkkür edib xudahafizləşdik. O ayaq üstə dayanıb hətta əlini əbasının altından çıxardı və xudahafizləşəndə onu yuxarı qaldırdı, sanki bizə xeyir-dua verirdi...


Biz evə qayıdanda artıq gün çıxmışdı. Xomeyninin reaksiyasını müzakirə edərək bu nəticəyə gəldik ki, müdrik bir reaksiya oldu. Tehrana yaxınlaşanda İran radiosunu açdıq. Artıq bizim Xomeyni ilə söhbətimiz barədə məlumat verilirdi. Amma qəribə idi: bizim İmama verdiyimiz məlumat son dərəcə qısa təqdim  olunurdu: Əfqanıstana qoşun yeridilməsi faktı, sonra da kiminsə quraşdırdığı və Xomeyninin bizə verdiyi sərt, mənfi və kəskin cavab. Bizə aydın idi: görüşümüz və verdiyimiz informasiya barədə Xomeyni məlumat yaymalı idi, İmamın mövqeyini isə sərt və kəskin ifadələrlə çatdırmaq lazım idi ki, xalq Xomeyninin qətiyyətini görsün. Və təbii ki, Xomeyninin xahişləri barədə heç nə deyilmədi.


BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalar barədə qətnaməsi keçmədi. Sovet İttifaqı üzərindən tranzit genişləndi, İranın blokadası baş tutmadı. Bizim görüşümüz haqqında ilk kəskin xəbərə baxmayaraq, təqribən üç ay ərzində nə mətbuatda, nə Xomeyninin, nə də digər siyasi-dini xadimlərin çıxışlarında SSRİ Əfqanıstana qoşun yeritdiyinə görə kəskin tənqid olunmadı. Pakistan, ABŞ, İngiltərə, digər ölkələr böyük hay-küy salmışdı, qonşu İran isə, demək olar, reaksiya vermirdi. İmam sözünün üstündə durdu.


Üç ay ərzində sovet qoşunları onun məsləhət bildiyi kimi, “öz işini görə və çıxıb gedə” bilmədi və bunu görən Xomeyni Sovet İttifaqını kəskin tənqid etməyə başladı...

 


“Vostoçnıy arxiv” jurnalı, 2013-cü il № 1

Rus dilindən tərcümə: Məsiağa Məhəmmədi

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir