Modern.az

Azərbaycan müxalifəti Türkiyədəki referenduma “HƏ” deyir, “YOX”?

Azərbaycan müxalifəti Türkiyədəki referenduma “HƏ” deyir, “YOX”?

13 Aprel 2017, 15:30

Aprelin 16-da Türkiyədə referendum keçiriləcək. Türk xalqı Konstitusiya dəyişikliklərinə ya “Hə” deməlidirlər, ya da “Yox”. Bu dəyişikliklərdə prezident səlahiyyətlərinin artırılması, ölkə başçısına  parlamenti buraxmaq, nazirləri təyin etmək səlahiyyətinin verilməsi və digər məsələlər nəzərdə tutulur.

Türkiyə prezidenti, hakim Ədalət və İnkikaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan dəyişikliklərin ölkənin inkişafını sürətləndirəcəyini, müxalifət – Cümhuriyyət Xalq Partiyası - isə demokratiyanı uçuruma aparacağını bildirir.

Referendumda nəzərdə tutlan əsasa dəyişikliklər aşağıdakılardır:

- Prezident yalnız dövlət başçısı deyil, icraedici orqanın başına keçəcək

- Baş nazir postu ləğv olunacaq, əvəzində prezidentin təyin edəcəyi vitse-prezidentlər olacaq

- Sərəncamlar vermək, yüksək postlara təyinat aparmaq və fövqəladə vəziyyət elan etmək də prezidentin səlahiyyətində olacaq

- Prezidentin səlahiyyət müddəti 5 il olacaq. Bu posta ardıcıl 2 dəfə seçilmək mümkündür.

- Parlament və prezident seçkiləri eyni gündə keçiriləcək

- Prezidentin impiçment olunması üçün Böyük Millət Məclisinin deputatlarının 2/3-nin səsi lazım olacaq.


16 aprel referendumunda “hə” səsi çıxarsa, Ərdoğan 2029-cu ilə qədər hakimiyyətdə qalacaq. Çünki dəyişikliklər yalnız 2019-cu ildən qüvvəyə minəcək.
 
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Türkiyədə keçirilməsinə sayılı günlər qalan referenduma münasibəti necədir? Azərbaycanlı siyasətçilər referendumda hansı nəticənin çıxmasını istəyərlər?

Modern.az saytı məsələ ilə bağlı bir neçə siyasi təşkilatdan rəy öyrənib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, o, referendumdan hansı cavabın çıxmağından asılı olmayaraq, hadisələrin Türkiyənin xeyrinə olmasını istəyir:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanlış yoldadır. Dünya irəli gedir, Türkiyə Cümhuriyyəti də dünya ölkələri və müsəlman dövlətləri içərisində bir nümunə idi.  İndi bu nümunəni hazırda hakimiyyətdə olan Türkiyənin daxili düşmənləri və xarici düşmənləri istəmirlər. Onlar istəyirlər ki, Türkiyə dünyəvi dövlət olmasın.  Onlar Türkiyəni Misirin, Əlcəzairin, Liviyanın tayı olmağını istəyirlər. Yəni müsəlmana demoktarik olmaq yaraşmır. Ərdoğanın isə Türkiyəyə vurduğu ən böyük ziyan budur”.

 

Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov Türkiyədə keçiriləcək referendumdan “xeyr” cavabının çıxmağını istəyir.
“Çünki təklif olunan dəyişikliklər şəxsi, təkadamlıq hakimiyyətinin yaranmasına səbəb olacaq. Hələ ki, tarixdə prezidentlik idarə-üsulunun ABŞ-dan başqa heç bir yerdə uğurlu tətbiqinə rast gəlməmişəm.Demokratik ölkələrə baxsaq, onlarda ya tamamilə parlamentli respublika, ya da yarı parlament, yarı prezidentlik idarə-üsulunun olduğunu görərik. Əgər referendumdan “Yox” qərarı çıxarsa, onda Türkiyə yenidən öz demokratik yolu ilə gedəcək.
Amma AKP-nin və Ərdoğanın tək hakimiyyətlik idarə-üsulunu qurmaq istəyi çox sərt görünür. “Hə” qərarı çıxarsa Türkiyə Orta Asiya respublikaları, keçmiş sovet ölkələri kimi dövlətə çevriləcək. Bu da Türkiyə demokratiyasına böyük zərbə olacaq”.



Vəhdət Partiyası
nın sədri Tahir Kərimli  bildirib ki, Türkiyə cəmiyyəti referenduma görə iki yerə bölünüb.

“Referenduma “hə” və “yox” deyənlər. Türkiyəndə referendumdan sonra yaranacaq yeni sistem nə ABŞ-dakı, nə də başqa ölkələrdəki idarə-üsuluna bənzəyir. Azərbaycan dövlətinin mövqeyi Türkiyədə keçiriləcək referenduma müsbətdir. Bu mənada mən həmişə istəyərəm ki, Azərbaycan və Türkiyə əlaqələri daim möhkəm olsun. Düzdür, Ərdoğanın hakimiyyətinin ilk illərində Türkiyə iqtisadiyyatı çox gücləndi. Amma ordu öz milliliyini itirdi. Millilik daha çox dinin üzərinə keçdi. Türkiyə hazırda dindarlarla qeyri-dindarlara bölünüb.
Referenduma gəldikdə isə Türkiyə hökumətinin mövqeyi belədir ki, 60% “hə” deyəcək. Amma mən nə referendumun keçirilməsini, nə də millətin başının bununla  qatılmağını arzulayardım. Çünki Türkiyə vətəndaşlarının qarşısında tamamilə gələcəyi aydın olmayan mövqe durur. Ömür boyu çoxpartiyalı sisteminin verdiyi və parlamentin formalaşdığı hökumət vardı. Mən şəxsi mövqeyimə görə, bu referendumun keçirilməsinə “yox” deyərdim”.

 

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın fikrincə, referendum Türkiyə vətandaşlarının həyatında heç bir ciddi dəyişiklik yaratmayacaq.

“ Çünki Türkiyə dövləti və sistemi durur. İdarəetmə bu cür olmasın, o cür olsun.  Bunun cəmiyyətdə xeyri ola da bilər, faydası olmaya da bilər. Amma referendum Türkiyə cəmiyyətinin iç strukturunda heç bir dəyişiklik yaratmayacaq. Bu referendumun keçirilməsi dövlətin siyasi rejiminin dəyişməsinə gətirən bir hadisə deyil. Bu referendum Türkiyə vətəndaşlarının həyatında heç bir ciddi dəyişiklik yaratmayacaq”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, xalqın iştirakı ilə referendumun keçirilməsini demokratikləşmə istiqamətində ən ciddi hadisə hesab edir.

“Hesab edirəm ki, xalq öz taleyini bu cür demokratik proseduralarla müəyyən edə bilər. Təbii ki, bu zaman ola bilər ki, hansısa bir səhv baş versin və seçim düzgün edilməsin. Ümumiyyətlə, referendumlar yolu ilə ictimai həyatın yeniləşdirilməsi çox ciddi bir hadisədir. Bu zaman da səhv olarsa, günahkar xalqın özüdür. Ümid edirəm ki, Türkiyə xalqı Türkiyənin gələcəyi və bu günü üçün vacib, doğru olan seçimi edəcək.
Mən Türkiyə vətəndaşı olmadığıma görə isə bu referendumla bağlı “hə” və ya “yox” cavabı verə bilmərəm”.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir