Modern.az

Atalar və ovladlar: Əfqan döyüşçü atama demişdi ki, səni hədəfə alsam da, vurmadım” - Zakir Sadatlının qızı

Atalar və ovladlar: “Əfqan döyüşçü atama demişdi ki, səni hədəfə alsam da, vurmadım” - Zakir Sadatlının qızı

13 Aprel 2017, 16:04

Modern.az saytının “Atalar və övladlar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Həmçinin, dünyasını dəyişən məşhur atalar barəsində də övladları danışır, onların portretini gözümüz önündə canlandırır.

Bu dəfə çağdaş Azərbaycan nəsrinində “Əfqanıstan uçurumu” kimi dəyərli əsərin, bestseller romanın müəllifi olan mərhum yazıçı-jurnalist  Zakir Sadatlının qızı Fidan Aslanova atası haqqında xatirələrini danışıb, ürək sözlərini sizinlə bölüşəcək.

Gəlin, onu dinləyək:

 

Əfqanıstan uçurumundakı qəhrəman

-“...Alın yazımdan sonrakı yazılardı - yaddaşımın Əfqanıstan yazıları... Ola bilsin, taleyimin yeni bir abzasıdı”.

Atam Zakir Sadatlı “Əfqanıstan uçurumu”na elə bu cümələrlə başlayıb. “Taleyinin bir abzası” dediyi Əfqanıstanı hər zaman ürəyində, canında, ruhunda daşıdı. Hayana qondusa, hayana qaçdısa, Əfqanıstan yenə gəlib ətəyindən-gəncliyindən, işindən yapışdı... Sonra, lap sonra, özündən sonra isə mükafatını - Milli Kitab Mükafatını verdi.

Əfqanıstan müharibəsi haqqında yüzlərlə şərqi bəstələnsə də, real tarixi faktlardan bəhs edən onlarla kitab yazılsa da, atamın “Əfqanıstan uçurumu” romanı bu haqda yazılan yeganə roman-xatirədir. Zakir Sadatlı özü Əfqanıstana girən ilk sovet hərbi birləşmələrinin tərkibində olub. 2 il ərzində gördüklərini, müharibə dəhşətlərini, savaş iztirablarını, dost itkilərini, ölüm-itimləri düz 30 ildən sonra taleyinin ən acı sınağı dövründə yazdı. Romanda yazılanların heç biri təxəyyül məhsulu deyil, gerçəklikdir. Atamın anbaan gördüyü, içində olduğu yaşadığı hadisələrdi.

Müharibə elə bil taleyinə yazılmışdı. Əfqanıstandan sonra iş, ev, ailə- uşağa yenicə başı qarışmışdı ki, Qarabağ müharibəsi başladı. Qəribədir ki, atamın AzTV-yə getməsi də məhz Qarabağ müharibəsinin ilk vaxtlarına təsadüf edir.

Bir dəfə danışırdı ki, cəbhə bölgəsinə çəkiliş üçün gediblərmiş. Hansı rayon olduğunu indi xatırlamıram. Əfqan döyüşçülər də müsəlman qardaşlarına kömək etmək üçün gəliblərmiş. Operator çəkiliş üçün kameranı hazırladığı vaxt, atam da kənardan orduya yenicə qoşulan gənc əsgərlərə silah təlimi keçən və onunla həmyaşıd olan əfqan döyüşçüsünə tamaşa edirmiş. Elə bu vaxt həmin əfqan atama yaxınlaşıb, salamlaşıb. Sonra da olduqca sakit və təmkinli şəkildə atamdan filanıncı ildə Əfqanıstanda olub-olmadığını soruşub. Atam əvvəlcə cavab verməyib. Əfqan yenə eyni əminliklə sözünə davam edir ki, filanıncı ildə, “filan ayda Lurkuhda olmusan, mən də ordaydı. Yadıma gəlir, siz iki nəfər kolun dibində uzanmışdınız -burada söhbət “Əfqanıstan uçurumu”nda da qeyd edilən Lurkuh hərbi əməliyyatından gedir -yanındakını vurdum. Sən isə cəld tərpənib, bir az kənara qaça bildin. Bir neçə dəfə səni snayperlə hədəfə aldım. Amma üz–gözündən, saç-saqqalından müsəlman olduğunu o andaca hiss etdim. Tətikdən əlimi çəkdim. Bilmirəm nədənsə səni o zaman vurmadım”.

Atam deyirdi ki, o an içində yaşadığı hisslərin adını bilməyib. “Amma bir onu anladım ki, tale və keçmiş deyilən şeydən heç vaxt qaçmaq mümkün deyil. Harada olursan ol, o bir gün yenə yaxandan yapışacaq”...


Dostların qağası, dərdin ağası

 

-Atalarına və ya böyük qardaşlarına “qağa” deyirlər hər zaman... Hər dəfə kəndə gedəndə tez-tez eşidərdik: “Qağam gəlsin, deyəcəm filan şeyi filan etsin”. “Qağam dedi ki...”, “qağam tapşırdı ki...”.

Çox körpə yaşlarından yetim qaldıqlarındanmı, yoxsa elə, ata sevgisini, nəvazişini onda gördükləri üçündümü, bacılı-qardaşlı hamısı üçün mənim atam qağa idi.

Evimizdəki telefon heç zaman susmazdı. Axşamlar, atamın işdən evə qayıtdığı zamandan sonra heç dayanmazdı. Xəttin o başındakılar da əksər vaxtlarda “qağam evdədi” deyə soruşardılar. Beləcə, doğma dədə-mənəvi yetimlərindən savayı da çoxlarının qağası idi, Zakir Sadatlı... Qağa olmaq elə bilirsiz asan işdi?! Ey, hey... Bunun işsizi var, təzə evlisi, evsizi var, uşağı xəstə olanı, kirayədə qalanı var, hələ gecənin bir yarısı zəng edib dərdini danışanı, içinin qubarını tökəni var...

Bir dəfə dostlarının birinin evinə zəng etdi. Xəttin o başında operator telefonun aylıq abunə borcuna görə bağlı olduğunu deyəndə, əsəblə dəstəyi yerə asdı. Qardaşım Vətəni tez yanına çağırdı: “Al bu pulu, tez poçta qaç. Kağıza yazdığım nömrənin borcunu ödə, de ki, telefonu tez açsınlar”. Sonra damağına bir siqaret qoyub dərdli-dərdli  deyindi: “Ay yetim, sən qazandığın 3-5 manatla uşağının boğazına çörək alasan yoxsa, telefona, suya, qaza işığa pul çatdırasan?”.

Bir dəfə də xəstə vaxtları idi. İşdən uşaqlar-redaksiyasında çalışan gənc həmkarlarına hər zaman belə deyərdi- zəng etdilər. Hal-əhvaldan sonra vəziyyəti soruşdu. “Uşaqlar” da utancaq-utancaq “müəllim, bu ay yenə maaşdan kəsiblər, filankəsdən 5, bəhmənkəsdən 10, o birindən 15 manat”...  “Yaxşı uşaqlar, gözləyin”, deyib dəstəyi asdı. Telefon kitabçasını vərəqləyib mühasibatlığın nömrəsini yığdı. Qarşı tərəflə həm əkyana, həm də balalarına yaxınlaşan ilana şığıyan qartal kimi qəzəbli danışdı. Bu vaxt anam bir az ehtiyatla “Ay Zakir, lazımdımı sənə, bu halında o qədər əsəb, stress? Niyə axı belə edirsən” demişdi ki, ata isə eyni qəzəblə anama qışqırdı: “O məbləğ bəlkə, elə də böyük pul deyil. Amma sən bilirsənmi o uşlaqların hər birinin o pula nə qədər ehtiyacı var?! Heç bilirsənmi, indiki dövrdə o 5 manatı qazanmaq üçün o uşaqlar nə qədər əzab çəkib, kimlərin sözünü götürüblər?!”
Araya çökən sükut bəlkə də dünyanın ən böyük qayğı, sevinc, qoruyuculuq, nəvaziş hisslərinin sonuna qoyulan nida oldu.

İraqdakı Zakir Sadatlı

 

-“Görünür,  dünyada elə kitabı bağlanmış ölkələr və o ölkələrdə ruhumuzun hesab-kitabının itdiyi elə nöqtələr var ki, onlar tez-gec gəlib deyəcəyimiz cümlələrdə öz yerini tapır. Amma durğu işarələri  kimi yox, duyğu işarələri kimi...”. Bu sözlər atamın  “İraq olsun” sənədli povestindəndir.

Atamın  könül quşu hər zaman iki diyara-gəncliyinin, taleyinin, yaradıcılığının tən ortasında dayanan uzaq Əfqanıstana, bir də hər zaman bəlalardan iraq düşməsini istədiyi Kərkük eli, Kərbəla torpağı, Füzuli yurdu olan İraq ölkəsinə uçdu.  Atamın İraqa gedən yolu da elə Əfqanıstandan başladı. 2008-ci ildə “Salam Baça” hekayəsi ilə Mahmud Kaşğarinin 1000 illiyi çərçivəsində UNESCO-nun 24 türkdilli ölkənin yazıçıları arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri oldu. Mükafatlandırma mərasimində iştirak üçün Türkiyəyə getdi və elə orada türkdilli dövlətlərdən gəlmiş ziyalılarla, yazıçılarla tanışlıq-dostluq münasibəti qurdu ki, onlardan biri də Türkmən elindən,  Kərkük torpağından olan Məhmət Ömər Qazançı idi. Oradan başlanan dostluq, qardaşlıq atamın ömrünün sonuna kimi davam etdi. Hətta  bugünə qədər də davam edir. 2011-ci ildə telejurnalist kimi Zakir Sadatlının İraq səfəri baş tutdu. Bu səfər onun üçün hər dəfə getdiyi sıradan xarici ezamiyyə səfəri olmadı. Ata bu səfərlə həm də, çox mühüm dostluqlar qazandı: İraq-Türkmən elinin görkəmli alimlərindən Məhəmməd Mehdi Bayat, Aydın Kərkük, Şəmsəddin Kuzəçi və başqaları ilə yaxından dostlaşdı. Türkmən Qardaşlıq Ocağının bir qrup dəyərli ziyalıları, alimləri ilə yaranan dostluq, qardaşlıq əlaqələri sonrakı dövrlərdə də davam etdi. Atamım publisistik yazıları və hekayələri tərcümə edilərək, İraqın dövrü nəşrlərində işıq üzü gördü.Bu səfərlə atam həm Azərbaycan üçün mühüm önəm kəsb edən məsələlərdən birinə-Məhəmməd Füzulinin məzarı, onun soyundan olan insanlarla bağlı yeni informasiyalar gətirdi, bir çox qaranlıq məqamlara işıq saldı. Zakir Sadatlı İraqa səfərinin gerçək motivləri əsasında “İraq olsun” sənədli povestini yazdı. Həmçinin, telejurnalist kimi fəaliyyət göstərdiyi AzTV-də 6 hissəli “Gündoğandan-günbatana” adlı sənədli televiziya filmi hazırladı.

Həm film, həm də əsər çox böyük ictimai marağa səbəb oldu. Deyərdim ki, atam bu əsərlə azacıq da olsa, ürək niskilini dindirə bildi.


Bir kədərli haşiyə

 

-İraqdakı səfərindən sonra atam üçün oradakı insanların doğmalığı daha da artmışdı. Hər dəfə Kərkük elindən gələn zəng, “dostum-qardaşım” dediyi insanlardan aldığı e-maillər gözünə işıq, ürəyinə təpər olurdu sanki. Bu sevginin ən böyüyünü Məhəmməd Mehdi Bayata qarşı hiss edirdik. Çox görkəmli araşdırmaçı alim, Füzuli irsinin tədqiqatçılarından olan M.M.Bayat bir neçə dəfə evimizin qonağı olmuşdu.

Yanvar ayı idi. Atamın xəstəliyi daha da ağırlaşmışdı. Hər kəlməni belə “ay aman, üzülməsin” deyə ehtiyatla dediyimiz vaxtlar idi. Televizora baxırdı. Birdən xəbərlərdə “son dəqiqə məlumatı” getdi: İraqın Tuzxurmatı vilayətində törədilən terror aktı zamanı vəfat etmiş şəxslərin adı sadalandı: “Filankəs, filankəs və Məhəmməd Mehdi Bayat...”.

O an atamın üzündəki kədəri, gözündəki yaşı, dilindəki fəryadı təsvir edə biləcək nə sözüm var, nə də gücüm. Telefonu əlinə alıb Qazançını yığdı. Telefonda iki qardaş bir-birinə başsağlığı verib xeyli ağlaşdılar. Bilmirəm, atam ən çox hansı qanı-canı bir doğmasından ötəri belə fəryad etmişdi.

"Üstündə gəzdirdiyi Əfqanıstan"

 

-Atamın 1979-cu ildə Əfqanıstana daxil olan "xilaskar" ordunun əsgəri və zabiti kimi orada vuruşmağına baxmayaraq, hər dəfə Əfqanıstan adı gələndə o başıqovlu, taleyi müharibəli diyara sevgisini hər kəliməsindən duymaq olurdu. Hər dəfə danışanda İraq-Kərkük həsrətini, Əfqanıstana yenidən getmək istəyini deyirdi. Birinci arzusuna çata bildi, ikincisinə ömür vəfa etmədi...

 

Atam həmişə deyirdi ki, taleyinə müharibələr yazılan, həyatları qumara qoyulan bu ölkənin vətəndaşları heç bir işğalçı qüvvəyə boyun əymirlər. Uşaqdan-böyüyədək uğrunda mübarizə apardıqları tək amal torpaqlarıdır. XXI yüzillikdə belə onlar elm, təhsil, səhiyyə, inteqrasiyadan uzaq, müharibə həyatı sürürlər. Görünür, elə bu səbəbdəndir ki, əfqan uşaqlar tez böyüyür, tez də qocalırlar...

 

Asiyanın ürəyi dediyi Əfqanıstandan danışarkən, xalqlarımız arasında tarixi bağlılıqlardan danışardı... “Taleyi oxşamasın”, deyirdi...

Əfqanıstanda hərbi xidmətdə olduğu dövrə aid ən çox danışdığı epizodlardan biri də orada "tapdığı" soydaşlarımızla bağlı idi:

 

"Herat şəhərinin yaxınlığında döyüşqabağı nə barədəsə əsgər yoldaşımla söhbət edirdik. Əfqanlardan biri diqqətlə bizə qulaq asırdı. Bir azdan o ağlamağa başladı. Tərcüməçidən xahiş etdim ki, öyrən, gör nə olub. Tərcüməçi bildirdi ki, o sizin danışığınızın şirinliyindən qəhərlənib. Təəccüblə soruşur ki, biz hansı dildə söhbət edirik. Dedim, Azərbaycan dilində. Bunu eşidən əfqan bizi qucaqlayıb hönkür-hönkür ağladı. Məlum oldu ki, onun babası Cənubi Azərbaycandan Herata keçib. Ana dilimizi bilmir. Amma sözümüzü, səsimizi fəhmlə duyur. Əfqanıstanda birinci dəfə gördüyüm soydaşımızın bu mənəvi faciəsi bizi də kövrəltdi. Üç nəfər azərbaycanlı qucaqlaşıb ağlaşdıq".

Bu oğlan atamın "Salam, Baça"sı, Əsgər Məmmədəsgəri idi...

Bəlkə də atamı Əfqanıstan sarıdan belə kövrək, duyarlı edən də elə o torpaqlarda it-bat olan dilimizin, kimliyimizin yanğısı, həsrəti idi...

 


"Herat ruhlu şair"

 

-Əfqanıstan deyəndə Heratı bir ayrı sevgiylə haraylayırdı atam..."Əfqanıstan uçurumu" əsərindən bir parçanı xatırlayım. Romanın oxucularının yəqin ki, yadındadı:

 

"Sübhün işığında Herata baxa-baxa ruhumu ovsunlayan qədimliyin sehrinə düşmüşdüm. Bu nə məhrəmlik, bu nə doğmalıqd, İlahi! Burada nə vaxt doğulmuşam, burda haçan ölmüşəm mən?... Sümüklərim niyə sızıldayır, ürəyim niyə döyünür axı?.. Nə vaxt görüşmüşük. nə vaxt ayrılmışıq? Yadıma sala bilmirəm, ay Herat, yadıma sala bilmirəm!..

Herat, ay Herat!

Hardaydın, dədəm-qardaşım!

Ruhumun qərib paytaxtı, hardaydın indiyəcən?..."



Atamın Heratla bağlı o qədər şeirləri var ki... Birini xatırlayaq:

 

Doğmalıqda ögeylik


(Əfqanıstanın Herat şəhərində yaşayan azərbaycanlı Əsgər Məmmədliyə)

Əslim haralıdır, nəçiyəm, kiməm,

Verdim cavabını göynədi yaram.

Bir naşı əlində qırılmış siməm,

Parçama birləşib qaynaqlanmaram.

 

Qardaş, adı Bakı qoyulub indi

Sənin soruşduğun Badi-kubənin

Mətləbin incəlib bəd kökə endi,

Söhbətin nə yaman qədimdir sənin...

 

Bizim diyarımız bölünmüş alay,

Gəncə hayandadır, Təbriz hayanda...

Kiməsə saxlayır ayrıca bir pay,

Nənəm ocaq üstə qazan qoyanda.

 

Bir kəlmə bilsəydin doğma dilimdə

Bu acı söhbətə şirin deməzdin

İstilik duysaydın, hətta, külümdə

“Köhnə palan içi” eşələməzdin.

 

Doğmaykən ögeyik, mənə yad baxın,

Bir ana döşündən süd əmsək də biz

Kənardan baxana yaxınıq, yaxın

Hayıf ki, deyilik bir ürəkdə biz.

 

(Sən çalan muğamın cılızdır səsi

Ayrı pərdələrdə xal tapa bilməz

Bu sözün, söhbətin əsl qayəsi

Yox, sənin fikrinə yol tapa bilməz).

 

Nə inci sözümdən, nə nigaran qal

Uzatma söhbəti, bu qədər yetər

Rəngimə, ruhuma baxıb cavab al.

Təbrizə həsrətəm səndən də betər...

 


“Mürəkkəb ağrısı”

-Yazıçı deyən kimi çoxlarının ağlına elə gəlir ki, şair-yazar əlində qələmi, dəftər-vərəqi elə bütün günü cızma-qara edib, ildə bir kitab nəşr edən, arada-bir də məclislərdə sağlıq deyib, gününü keçirən xoşbəxt bəni-adəmdir... Amma əslində, yazıçının yazdığı hər əsər onun bəzən, aylarla, illərlə “bətnində” gəzdirdiyi, ruhu, canı-qanı ilə bəslədiyi körpə kimidir. Vaxtı-vədəsi yetişəndə “doğumu” da sancılı olur...

Atamın yazdığı vaxtları xatırlayıram... Evimizdə dərin bir sakitlik hökm sürərdi o anlarda. Anam hər fürsətdə atamızı xatırladıb, bizi təndidərdi: “Atanız yazı yazır, səs salmayın. Ata olan otağa da çox girib-çıxmayın, fikri dağılmasın”.

Hə, bir də bolluca siqaret qoxusu...

“Əfqanıstan uçurumu”nun əvvəlində ata yazır:

 

“Ölənlərin xatirəsinə

Qalanların xətrinə

Və bir də...

Həqiqət naminə!”

 

“Yazıçı andı”yla başlayır yazmağına...

Çoxları elə bilir ki, Zakir Sadatlının “yazdığı” elə vur-tut bu iki kitabdır: “Əfqanıstan uçurumu” və “İraq olsun”! Görünür, bunun da “günahı” özündə oldu, ya da, nə bilim... Müsahibələrinin birində isə özü bunu belə izah edirdi:

 

"Yazmaq, bəlkə də, yazıçının öz layiq olduğu yeri və layiq olduğu haqqı uğrunda mübarizəsidir. Bu mübarizədə şöhrət də qazanmaq olar, şəhidlik də... Hər ikisi gözəldir, hər ikisi Mübarəkdir! Təkcə yazıçının deyil, bütövlükdə insanların şöhrətpərəstliyinə pis baxmaq lazımdır. Bir az böyük çıxmasın, məni heç kim və heç nə nəyəsə vadar edə bilməz. Ağlım kəsməyən, ürəyimə yatmayan heç bir işin qulpundan yapışmıram. Yazmaq da mənim öz könüllü seçimimdir. Burda nə şöhrətin sifarişi var, nə də seçilməyin diqtəsi...".

Bu yaxınlarda övlad olaraq bizə miras qalan o yazıları “bir cərcəmləyim” -Hərçənd ki, nə səliqə-səhmanda, nə də hesab-kitabda atama tay ola bilmərəm!- dedim. Dövrü mətbuatda gedən elmi-publisistik və tədqiqat xarakterli yazılarının sayı 100-dən çox oldu. Həmmüəllifi və redaktoru olduğu kitablar – “Onu Gəncə böyütmüşdü”, “Gəncə üsyanı” kitabları barədə bəlkə də çoxlarının məlumatı yoxdur. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndəsi, mühacir Əziz Alpoudun həyat və fəaliyyətini əks etdirən “Həyatımın hekayətləri” kitabını uzun araşdırmalardan sonra tapıb, tərcümə edib, nəşr etdirmişdir. Vəfatından sonra isə atamın gənc yaşlarından etibarın qələmə aldığı şeirlərindən ibarət “Mən varam dünyada” şeirlər kitabı işıq üzü gördü.

 

Əsərləri bir çox xarici dillərə tərcümə edilib, Almaniya, Türkiyə, Rusiya, İraq, Krım v.s. ölkələrin mühüm mətbu orqanlarında çap olunub. Zakir bəy özü də türk yazarlarından İmdat Avşarın, Krım türklərindən olan gənc yazar Seyran Süleymanın əsərlərindən tərcümələr edib.

 


“Cümhuriyyət sevdalısı”

-Köhnə kişilərdən idi Atam... Özü, sözü, əqidəsi, əməli bir olanlardan!

Elə ona görə də qosqoca Cümhuriyyəti qurub-yaradan o köhnə kişilərin sevgisi ürəyində daimi idi. O əskilməz sevgiylə də üz tutmuşdu Tiflisə - arxivlərə... Bir il on bir ayın iziylə kimlərə gedib çıxmadı ki... nələri axtarıb-tapmadı ki...?

 

Tiflisdən və başqa arxivlərdən tapıb gətirdiyi o şanlı tarixə aid bütün materialları bir-bir incələdi, hər suala bir cavab tapdı. Həmin sənədlər əsasında “İz: Cümhuriyyətdən-Cümhuriyyətə” silsilə yazılarını dərc etdirdi mətbuatda. Bu yazılarla Tiflis qəbirstanlığında uyuyan, sümükləri Avropa məzarlıqlarında çürüyən o şanlı tarixin memarı kişilərə borcunu verirdi sanki...

 

Daha sonra “Azərbaycan Cümhuriyyəti - 90”, “Əkbər ağa Şeyxülislamzadə: Azərbaycan necə quruldu”, “Azadlıq yolunun mücahidləri (Hacı Mirzə Səlim Axund Axundzadə)” adlı silsilə yazıları ilə Cümhuriyyət sevgisini bir daha nümayiş etdirdi. Fətəli xan Xoyluya, Nəsib bəy Yusifbəyliyə həsr edilmiş neçə-neçə yazıları dərc olundu mətbuatda. Bu sevgi idi ki, onu arxiv sənədlərində adı keçən, ancaq haqqında əlavə məlumat olmayan Əziz Alpoudun izinə düşməyə vadar etdi.

Əziz Alpoudun adına Zakir bəy 1953-cü ilin martında Əkbər ağa Şeyxülislamzadənin Gəncə üsyanının başçılarından biri, İstanbulda yaşayan Cahangir bəy Kazımbəyliyə ünvanladığı 8 səhifəlik bir məktubda rast gəldi. Həmin məktubda Əkbər ağa öz dəsti-xətti ilə Azərbaycanın mühacirətdə yaşayan bir ziyalıları, o cümlədən, Əziz Alpoud haqqında dəyərli fikirlərini yazır və ona qarşı törədilən haqsızlıqlardan heyrətini gizlətmirdi.

Məhz bu cümlədəki fikirlə atamda Əziz bəyə qarşı oyanan maraq hissi onu böyük tarixi şəxsiyyəti tapmağa sövq edir. Əziz Alpoudun və onun “Həyatımın hekayətləri” adlı memuarının “tapıntısı” da elə Azərbaycanın bu günə qədər qaranlıq qalan tarixinə aydınlıq gətirdi.

Əziz bəyin Türkiyədə yaşayan alim qızı Gülər Somerlə görüşdən sonra da atam Zakir bəy bu kitabı tərcümə edib nəşr etdirdi. Azərbaycan mühacirətinin naməlum isimlərindən olan Ə.Alpoudun  600 səhifəlik bu əsəri çox böyük ictimai marağa, diqqət və müzakirəyə səbəb oldu.

Atam hər zaman deyərdi ki, Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcıları haqqında düşünəndə daxilən dirçəlirəm. Arayıb-axtardığım hər bir faktı ən böyük mənəvi qazancım hesab edirəm.

Məhz bu səbəbdən də “Həyatımın hekayətləri” onun ən böyük mənəvi qazancı, ruhən dirçəlişi oldu sanki...

Sonradan bu tarixi şəxsiyyət Türkiyə ictimaiyyətinin də diqqətini çəkdi. Əsər müasir türkcəyə tərcümə edilərək, yenidən orada da çap edildi.

 


Ekran arxasında

 

AtamZakir bəy yazıçı olmaqla yanaşı, həm də gözəl telejurnalist idi. Tale də elə gətirmişdi ki, onun 20 ildən çox çalışdığı Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinə gəlişi də elə müharibə dövrünə təsadüf elədi. Televiziyada fəaliyyətinə “Hərbi vətənpərvərlik və səlnamə - HVS” informasiya proqramının yaradıcılarından biri kimi başladı. O dövrün televiziya izləyiciləri yaxşı xatırlayarlar, bu verilişdə çox zaman hərbi geyimli telejurnalist Zakir Sadatlı cəbhənin ən qaynar nöqtələrindən hazırlanan video-materiallarla efirə çıxırdı.

Müharibəsinin qan-qadasını Əfqanıstanda yaşaması azmış kimi, Qarabağ müharibəsini də anbaan yaşadı...

Daha sonra eyni “Hərbi redaksiya”da bir neçə verilişin – “Ruhların harayı”, “Milli qəhrəmanlarımız”, “Səngərə məktub”, “Qütb”, “Hərb tariximiz” v.s. kimi müharibəyə, müharibə qəhrəmanlarına həsr olunmuş silsilə verilişlərin müəllifi və aparıcısı oldu.

O dövrdə Fred Asiflə (Milli Qəhrəman Asif Məhərrəmov) müsahibəsi çox böyük marağa səbəb olmuşdu. Rəhmətlik Fred Asif televiziya və mətbuatdan olan heç kimi yaxınına buraxmırdı. Zakir bəylə müsahibəsi də qəribə bir dialoqdan sonra baş tutmuşdu:

Fred Asif: De görüm, dünyada ən böyük şey nədir?

Zakir Sadatlı: Söz!

Fred Asif: Bəs sözdən böyük?!

Zakir Sadatlı: Sözdən böyük Sözdür yenə!

 

Bu müsahibədən sonra atam özünün ən çox sevdiyim şeirlərindən olan “Sözdən böyük” şeirini yazmışdı:

 

         Öyünmə sağın-solunla,

         Baş qatma qelü-qalınla,

         Dünya, çıx get öz yolunla –

         Sözdən böyük Sözdü yenə!

 

         Məkan, Zaman da böyükdü,

         Bədən də, Can da böyükdü,

         Ölüm də, Qan da böyükdü –

         Sözdən böyük Sözdü yenə!

 

         Qoy deyim, haçandan bildim –

         Dilimdən uçandan bildim...

         Balam dil açanda bildim

         Sözdən böyük Sözdü yenə!

 

         Bir nizam, bir qayda olur,

         Hər şey özü boyda olur!

         Şair sözü boyda olur

         Sözdən böyük Sözdü yenə!

 

Daha sonra atam fəaliyyətini televiziyanın “Elm və təhsil” redaksiyasında redaktor, baş redaktor olaraq davam etdirdi. Orada işlədiyi zamanlarda o təhsillə bağlı “Gənclik və zaman”, “Elm xadimlərimiz”, "Təhsil-bu günümüz, sabahımız" kimi bir çox TV proqramların yaradıcısı oldu. Həmçinin, o dövrdə ata Azərbaycan elminin bir çox nümayəndələrinə həsr olunmuş televiziya filmlərinə müəlliflik etdi. Görkəmli akademik Yusif Məmmədəliyevə həsr etdiyi televiziya filmi, eləcə də digər bir çox filmləri bu gün də o unudulmaz şəxsiyyətlər haqqında çəkilmiş ən dəyərli sənədli filmlərdən biri kimi televiziyanın Qızıl Fondunda saxlanılır.

        

AzTV-də çalışdığı zamanlarda atam həm də televiziya üçün ilk sayılacaq 5 hissəli “Aydınlıq”, 6 hissəli “Gündoğandan-Günbatana” sənədli filmlərin müəllifi oldu. Bu filmlərin hər biri mühüm ictimai əhəmiyyət kəsb edən faktla əsasında çəkilmişdi ki, orada – “Aydınlıq”  televiziya filmində Əfqanıstan müharibəsinin başlanması və bitməsinə dair mühüm məqamlara toxunan çox sayda ekspertlərin, hadisə şahidlərinin  çıxışlarına yer verilmişdi. Həmçinin bu filmdə Qarabağ müharibəsi zamanı könüllü döyüşçü kimi cəbhəyə gəlmiş və sonradan öz köçünü Azərbaycana salmış Əfqan mücahidlərin xatirələrinə yer verilmişdi.

 

Olduqca maraqlı telegörüntülərlə zəngin olan "Gündoğandan-Günbatana" televiziya sənədli filmi Zakir Sadatlının İraqdan, "doğma uzaqlardan" gətirdiyi "sovqatı" idi...

 

Son bir neçə ili isə atam Milli Radioda baş redaktor vəzifəsində çalışdı. Orada da bir çox radio verilişlərin – hansı ki, onların bir çoxu bu gün də efirdədir, yaradıcısı oldu.

Televiziya atama həm də çoxlu sayda gözəl dostlar qazandırdı. Hansı ki, o dostları onun özü demiş, qarın yox, qədir dostları oldu... İstər sağlığında... istərsə də indi...

 


İkinci haşiyə - Bu dəfə də kədərli

-Uşaqkən adətimiz idi, atam axşam işdən gələndə qapıya qaçıb, boynunu qucaqlamaq... Balaca sərçə balaları kimi qardaşımla ağız-ağıza verib gün ərzində elədiklərimizi birnəfəsə sayırdıq. Sonra yemək süfrəsində anam hər nə qədər göz-qaş eləsə də atamın nimçəsinə boylanıb, arada bir "xəlvəti" əl atmağımızdan qalmırdıq. Atama da ləzzət edirdi o hərəkətlər, yorğunluğunu, dincliyini bizimlə alırdı elə bil. Şamdan sonra divana uzanıb günün qəzetlərini vərəqləməyə başlayırdı. Bacı-qardaş hərəmiz bir qanadının altına keçib "oxumağa" başlayırdıq... Fidan, yəni, mən onun "anası-sonası", "nazı-ulduzu", Vətən də "oğul balası" idi... O, da bizim hamımızın - anamın, qardaşımın, mənim Atamız idi...

 

Bir axşam yenə qoynunda dəcəllik edirdik. Qardaşım lap balaca idi... Gördü bizi sakitləşdirmək müşkül məsələdi. Dedi, gəlin sizə bir nağıl danışım:

 

"Biri var idi, biri yox idi. Uzaq bir kənddə balaca bir oğlan var idi. Bu oğlanın çoxlu quzuları vardı. Balaca oğlan hər gün heybəsinə bir tikə pendir-çörək qoyub, üz tuturdu meşəyə, quzularını otarmağa... Bir gün bu balaca oğlan meşədə olanda günəş tutuldu, ərtafı çən-duman bürüdü, bərk yağış yağmağa başladı. Oğlan ətrafı bürüyən dumanda quzularını itirdi. Özü də yağışda islandı. Quzularını haraylaya-haraylaya sağa qaçdı, sola qaçdısa da tapa bilmədi. Bir də baxdı ki, meşədə yolunu azıb... Axşam düşürdü. Balaca oğlan üşüməyə başladı. Meşədəki canavarların, çaqqalların ulartısı da daha yaxından gəlməyə başladı... ".

Elə bu yerdəcə qardaşım hönkürüb, atamın boynunu qucaqladı: "Ata, o balaca oğlan sənsən, hə?". "Yox, oğul balam, bu nağıldı ee".
"Ata nə olar danışma, bilirəm o balaca oğlan sənsən. Nooolar o balaca oğlana heç nə olmasın, nolar danışma".

 

Atam Vətəni qucaqlayıb, bağrına basdı. Bir anda özümüzdən asılı olmadan ana-bala biz də Vətənə qoşulub ağladıq. Atamızı "nağılda" belə "qoruyan" o məsum sevgini çətin bir də bu həyatda duyaq. Təpədən-dırnağa bizlərə sevgi, nəvaziş aşılayan Atamı bircə əcəldən qoruya bilmədik...

 

Son söz əvəzi. Yaxud, Sadatlıdan Sadatlıya...

-Cəlilabad - qədim Həməşəri torpağı, Sadatlı yurdu... Hər adı gələndə atamın ruhunun qanad açıb uçduğu doğma yurd... Bir insan doğulduğu, böyüyüb, boya-başa çatdığı yerlərə qarşı bu qədərmi sevgi dolu, bu qədərmi sadiq olardi, İlahi!

 

Zəhrimar xəstəliyi bilinəndən (hələ də bilmirəm özü nə qədərini "bilirdi") elə hey Sadatlı deyib-durdu...Gələn-gedəndən yurdunu soraqladı. Sonra eşitdi ki, yol çəkilib. Yazıqlar ucqar dağ kəndində "yol" deyib o qədər yorulmuşdular ki, indi çəkilən yeni yolu balaca uşaq kimi hər yanda sevinclə danışırdılar...

Bir səhər yuxudan oyanıb anama yuxusunu danışdı.  Nənəsini (anaya nənə deyirdilər) görmüşdü: "Meşədən işıq gəlirdi. Məni soruşurdu nənəm" dedi.

Fevralın son 4 gününü bir qəribə olmuşdu. Sanki canında o zilləti gəzdirən insan deyil də, dünyanın ən xoşbəxt bucağına köçə hazırlaşan biri kimi şən, şad və xürrəm idi...

4 gün boyunca üzündən təbəssüm əksik olmadı... Elə heyyy Sadatlı dedi, durdu...

 

Əmisi ilə ova getməklərindən danışdı. Uşaqlığını, gəncliyini, dədəli-nənəli günlərini yada salıb, xeyli xoş xatirlərindən danışdı... İlahi, tükənən "ciyərdə" bu nəfəs, yorulan canda bu güc hardandı?!..

Elə bir hər hərəkətiylə yaxınlaşan əcələ xoşbəxt qollarını açıb, gəl, day bəsdi gözlədin, gəl dədəmə-nənəmə apar ver məni deyirdi...

Fevralın 5-i... İllərdi canı-dildən danışıb, görmələrini istədiyi Sadatlıya yığıb apardı dost-tanışını...

 



Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir