Modern.az

Hamama gedin!

Hamama gedin!

14 Aprel 2017, 13:00

Hidayət Elvüsal


Noular? Həm təmizlikdir, həm mədəniyyət, həm sağlamlıq, hələ desən - həm də istirahət. Amma… dənizdə yox! Hamamda! Dənizi əlimizdən alıblar. Bunu indidən deyirəm ki, bu yay işinizi biləsiz.


Elə mən özüm ötən yay köyrəlmişdim. Yadıma Müşfiqin o dəlisov misrası düşmüşdü: “Əndamını həvəslə qucaqlarkən dalğalar…”. Dedim, fələk, gərək o alçaq, o namərd dalğalar  o qızın əndamını qucaqlayan yeri görəm. Getdim. Görə bilmədim. Hasara almışdılar. Fikirləşdim ki, yəqin belə eləyiblər ki, o namussuz dalğalar başqa qızların da əndamını qucaqlayanda görüb, şeir yazan olmasın. Ayıbdır. Buna Almaniyada Merkel, İngiltərədə Rey, Fransada li Pen, Hollivudda Şeron Stoun, masonların qarabuğdayısı Kondaliza Reys… nə deyər. Deməzlərmi ki, bizim məmləkətdə keçəl vəzifəlilər bir yana, dənizin dalğaları da qadınlara təcavüz etməyə çalışır?!


Amma özümü saxlaya bilmədim. O hündür hasarın yaxınlığında hələ kəsilməmiş tut ağacına çıxıb, həyətə boylandım. Pahooo… Bir dəstə qız yarıçılpaq uzanıb, günəşdən vergi toplayırdılar. Bir keçəl kişi də qızları burda qoyub, yekə, qara bir itin əndamını qucaqlayıb, viski içirdi. İt də onun ağzını-burnunu, hələ keçəl başını da yalayırdı.


Və dalğalar bu qızların heç birinin əndamını qucaqlamağa cəsarət etmirdi. Çünki çox bahalı şey olduqlarını o saat bilinirdi. Belələrinin belinə yaşıl dollardan kəmər taxmamış, qucaqlamaq ancaq dəlinin ağlına gələrdi.


Bir xeyli baxıb, ağacdan endim. Sahil boyu axtardım. Axır ki, bir çimərliyə rast gəldim. Yorulmuşdum. Kölgəliklərin birində oturub, nəfəsimi dərəndə, zırpı bir oğlan gəldi. Yer elədim ki, gəlsin otursun. Oturmuşdu. Xırıltılı səslə:

- Pulunu kim verəcək?

- Nəyin? - deyə soruşdum.

- Bu oturduğun yerin.

- Oturmaq pulludu?

- Bəs nədi? Beş manat!

- Nə?

- Beş! - deyə oğlan iri əlini qaldırıb barmaqlarını göstərdi.

- Heç manatım da yoxdu.

Güldü:

- Adə, yoxdu, get otur qumun üstündə dəə!

Getdim oturdum. Dəniz sakit idi. Dalğalar heç kəsin əndamını qucaqlamırdı. Bəlkə bilirdi ki, burada oturmaq 5 manatdırsa, qucaqlamaq… Pahooo! Belə fakturanı nə dalğa, nə də darğa ödəyə bilməz!

Hələ deyirlər elə yerlər var ki, tək, piyada gedəndə 1, ya 2 manat, maşınla getsən 10-20 manat alırlar. Yəni bizim dənizimizi bizə satırlar. Bu boyda Xəzərdə pulsuz, hasarsız sahil qalacağını ağlım heç kəsmir. Əgər televizor olmasa “dəniz” deyəndə, körpələrimiz peçenye, pampers… düşünəcəklər. Dəniz sahilindəki Bakının pulsuz çimərliyi yoxdur. Qalan yerləri də hasara alınıb, əsir götürülüb. Abşeronun romantik mənzərəsi ona-buna satılıb.

Və əgər çimmək istəyirsinizsə… dənizə yox, hamama gedin.

Hamam, dənizdən ucuzdur.

Həm də səsin olmasa da, hamamda “Yenə o bağ olaydı” mahnısını zümzümə eləyəndə çox qəşəng alınır…

Mən oxumuşam…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir