Modern.az

Azərbaycanın azsaylı xalqları - rus, yəhidi, erməni, kürd... - Kim bura nə vaxt köçürülüb?

Azərbaycanın azsaylı xalqları - rus, yəhidi, erməni, kürd... - Kim bura nə vaxt köçürülüb?

Mədəni̇yyət

14 Aprel 2017, 14:27

Lap qədim dövrlərdən başlayaraq Azərbaycan türkləri həmişə digər millətlərə qarşı çox mülayim, diqqətli və qayğıkeş olub. Məhz bunun nəticəsidir ki, hazırda da ölkəmizdə müxtəlif adda xalqlar yaşayır.

Azərbaycan Respublikasının əhalisinin 90 %-dən çoxu azərbaycanlılar (Azərbaycan türkləri) olsa da, 2009-cu ilin siyahıyaalınmasına görə ölkə əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir.

Modern.az Azərbaycanda yaşayan həmin xalqlardan bir neçəsi haqqında məlumatları təqdim edir.

Ruslar  - Rusların Azərbaycana gəlməsi, əsasən, 19-cu əsrin 30-40-cı illərinə - Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonrakı dövrə təsadüf edir. Azərbaycanda müstəmləkəçilik siyasətini müvəffəqiyyətlə həyata keçirmək üçün Rusiyanın mərkəzi quberniyalarından Qafqaza, o cümlədən Azərbaycana minlərlə rus köçürülüb.

Onlar əsas etibarilə rəsmi rus pravoslav kilsəsi tərəfindən təqib edilən təriqətçilərdən (duxoborlar, molokanlar, subbotniklər və b.) ibarət idi. Azərbaycanda ilk rus kəndləri 19-cu əsrin 30-40-cı illərində Lənkəran (Prişib, Nikolayevka, Astraxanovka), Şamaxı (Xilmilli, Mərəzə) və Quba (Altıağac və s.) qəzalarında salındı.
Rusların Azərbaycana və xüsusilə Muğana gəlməsinin ikinci mərhələsi 20-ci əsrin 20-ci illərinə təsadüf  edir.
Hazırda rusların əksəriyyəti Bakıda, Sumqayıtda və Gəncədə yaşayır. Kompakt halda İsmayıllı rayonunun İvanovka kəndində, Gədəbəy rayonunun Novosaratovka, Novoivanovka, Qorelsk və Slavyanka kəndlərində, Goranboy rayonunun Rus Borisi kəndində, Şamaxı rayonunun Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində yaşayırlar. 2009-cu ilin siyahıyaalınmasına görə, Azərbaycanda 119,3 min nəfər rus yaşayır.

Yəhudilər - Yəhudilərin Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il öncəyə gedib çıxır. Azərbaycanda yəhudilər əsasən Bakı, Sumqayıt şəhərlərində, həmçinin Quba və Oğuz rayonlarında məskunlaşıblar.

Quba rayonunda Dağ yəhudilərinin kompakt yaşadığı “Qırmızı Qəsəbə”də yəhudi uşaqları üçün “Şmirat a-Şem” adlı kollec açılıb. Burada yəhudi milli adət və ənənələrini tədris edən İsrailli müəllimlər çalışırlar.

Avropa yəhudilərinin (aşkenazilərin) Azərbaycana gəlişi əsasən XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin yüksək inkişafı dövrünə təsadüf edir. Bakıya gələn ziyalı Avropa yəhudiləri içərisində memarlar, müəllimlər, həkimlər, vəkillər və s. ixtisas nümayəndələri var idi.

1897-cı ildə Bakıda təqribən 2500-ə yaxın yəhudi yaşayırdı və onların əksəriyyəti Avropa yəhudiləri idilər. 1913-cü ildə isə bu say təqribən 10 minə çatırdı..

1995-ci ildən başlayaraq hər il yəhudi xalqının yeni ili sayılan “Roş ha-Şana” bayramı münasibəti ilə ölkə prezidenti tərəfindən Azərbaycan Respublikasındakı bütün yəhudi icmasına təbrik ünvanlanır.
Ölkəmizdə “Holokost” günü, yəni yəhudilərin II Dünya Müharibəsi zamanı faşizm rejimi tərəfindən soyqırımına məruz qalması günü də qeyd olunur. Ölkə başçısı İlham Əliyev bu günlə bağlı hər il Azərbaycan Respublikasının yəhudi icmasına müraciət ünvanlayır.

Təqribi hesablamalara görə, hazırda Azərbaycan Respublikasında təqribən 9,1 min yəhudi yaşayır. Onların əksəriyyəti respublikanın siyasi, iqtisadi, sosial, mədəni həyatında aktiv fəaliyyət göstərir.

Ermənilər - əsasən, Qarabağın dağlıq hissəsində yaşayırlar. 19-cu əsrin 20-30-cu illərində ermənilərin bu bölgəyə İran və Türkiyə ərazilərindən kütləvi surətdə köçürülməsi başlayıb. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası nəticəsində işğal olunmuş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində 2009-cu ildə siyahıyaalma keçirmə mümkün olmadı. Hazırda Azərbaycanda təqribən, 120,2 min erməni yaşayır.

Kürdlər  - Ölkəmizdə yaşayan digər azsaylı xalqlardan biridir. Azərbaycanda kürdlərin məskunlaşması haqqında ilkin məlumat X əsrə aiddir. Bu dövrə aid ərəb mənbələrində Şirvanda, Aranda, Beyləqanda, Dərbənddə və Azərbaycanın digər regionlarında kürdlərin yaşaması göstərilir. Kürdlər Azərbaycana, əsasən, 16-cı əsrdə Osmanlı-İran müharibələri dövründə gəliblər. Kürdlərin Azərbaycana miqrasiyası 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra da artıb.
Kürdlər 1993-cü ilədək Azərbaycanda kiçik Qafqazın cənub-qərbində yerləşən Kəlbəcər və Laçın rayonları ərazisində yayayıblar. Kəlbəcər-Laçın ərazisi bütövlükdə Ermənistan tərəfindən işğal edildiyindən yüzlərlə kürd ailəsi də Azərbaycanın müxtəlif bölgələrində köçkünlük həyatı yaşayır.
Hazırda Naxçıvan MR-nın Sədərək rayon mərkəzində (Heydərabad qəsəbəsi), Culfa rayonunun Teyvaz və Şərur rayonunun Dərəkənd kəndlərində də kürdlər yaşayırlar.

Kürdlərin Azərbaycan ərazisindəki ümumi sayları 6,3 min nəfərdir.

Ahıska türkləri -Hazırda ölkə ərazisində təqribən 38 min nəfər ahıska türkü yaşayır. Tarixi torpaqları Gürcüstan olan bu xalq  həmin ərazidən Qazaxıstanın və Orta Asiyanın çöllərinə sürgün edilib.  Ahıska türklərinin  Azərbaycana kütləvi köçürülməsi XX əsrin 50-ci illərinə təsadüf edir, onların ilk dəstəsi bura 1958-ci ilin sentyabrında gəlib. İlk yaşayış məskənləri Xaçmaz, Quba, Saatlı, Sabirabad və Beyləqan rayonlarında olub. Ahıska türklərinin Azərbaycanda məskunlaşmasının ikinci dövrü 1989-cu ilin may-iyun aylarında baş vermiş Fərqanə hadisələri (Özbəkistanın Fərqanə vilayətində özbəklərlə türklərin qarşıdurması) ilə bağlı olub.

Saatlı rayonunun Adıgün kəndində “Adıgün” folklor kollektivi və Xaçmaz rayonundakı məktəb yaşındakı uşaqlardan ibarət “Sevil” rəqs qrupu bu xalqı, onun mədəniyyəti, adət-ənənələrini təkcə yaşadıqları rayonda deyil, Azərbaycanda və hətta ondan kənarda da tanıdır.


Almanlar -
1817-ciildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş verdi. Azərbaycana yerləşdirilmiş ilk almanların çoxu Vyutenberq krallığının sakinləri olublar. İlk dəfə Yelizavetpolda (Gəncə), sonra onun yaxınlığındakı Yelenendorfda (Göygöl), Hacıkənddə, Şəmkirdə, Bakıda və s. ərazilərdə məskunlaşıblar. Bunlardan başqa almanlar Georqsfeld, Qrünfeld, Ayxenfeld, Traubenfeld, Yelizavetinka kimi kəndlərdə yaşayırdılar. Almanlar ölkəmizdə alman mədəniyyətini, təhsilini, həmçinin üzümçülüyü, şərabçılığı, tikinti-inşaat işlərini inkişaf etdiriblər. Böyük Vətən müharibəsindən sonra almanların yüksək inkişafını görən Sovet İmperiyası onları Azərbaycanda Sibirə və Qazaxıstana sürgün edib.

Qeyd edək ki, bu millətlərlə yanaşı, Azərbaycan Respublikası ərazisində ləzgi, talış, avar, tatar, tat, ukraynalı, gürcü, qrız, udin, xınalıq və digər xalqların nümayəndələri də yaşayır.


Günay Rəsulqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir