Modern.az

Türkiyədəki referendum nə vəd edir? –Azərbaycanlı jurnalistlərin CAVABI

Türkiyədəki referendum nə vəd edir? –Azərbaycanlı jurnalistlərin CAVABI

15 Aprel 2017, 10:14

Aprel ayının 16-da Türkiyədə konstitusiyaya dəyişiklik edilməsi  üçün referendum keçiriləcək. Referendumda konstitusiyaya 18 dəyişiklik təklif olunur.  Referendumdan “hə” çıxarsa, Türkiyədə prezident səlahiyyətləri artırılacaq.

Modern.az Türkiyədəki  vəziyyətlə bağlı azərbaycanlı jurnalistlərin fikrini öyrənməyə çalışıb.

 

APA TV-nin baş direktoru Vüqar Hüseynov bildirib ki, referendumda son sözü vətəndaşlar deyəcək.

 

“Mənim referendumun nəticələri ilə bağlı bəzi təxminlərim var. Konstitusiyaya 18 dəyişiklik təklif olunur və bu dəyişikliklər paket şəklində səsverməyə çıxarılıb. Mən hesab edirəm ki, 53 faizlə  qutudan “Evet” cavabı çıxacaq. Nəticənin çıxmasında media gücünün iqtidarın əlində olmasının güclü təsiri var. Faktiki olaraq iki il ərzində təbliğat dönəmində çox ciddi kampaniya apara biliblər. Bunun qarşılığında konstitusiya dəyişikliklərin əleyhinə çıxan qüvvələrin həm birgə kampaniya aparmaq cəhdləri olmayıb, həm də digər tərəfdən onların apardığı kampaniya əsasən sosial şəbəkə üzərindən olub. Media imkanlarından istifadəyə görə qutudan “Evet” çıxma ehtimalı artır”.

 

Meydan TV-nin əməkdaşı Natiq Cavadlı deyib ki, türk xalqının istəyi həyata keçməlidir.

 

“Türkiyənin gələcəyi xeyrdədir. Əgər Türkiyə xalqı referendumda “xeyr” deyərsə, Türkiyə demokratikləşəcək, bir nəfərin hakimiyyəti olmayacaq. Hazırda Türkiyədə 100-dən çox jurnalist həbsdədir,  “Cumhuriyyət” qəzetinin 12 əməkdaşına ömürlük həbs vermək istəyirlər. Türkiyə “evet” deməklə heç nə qazanmayacaq. Bir nəfərin hakimiyyəti heç bir ölkəyə gələcək vəd etmir. Avropa ötən əsrin 30-cu, 50-ci, 60-cı illərində bu mərhələni keçdi, heç nə qazanmadı. Mussolini, Hitler nə qazandılar?

 

Türkiyə onlardan ibrət dərsi götürməlidir. Ən yaxşısı budur ki, Türkiyə tam demokratikləşsin, mətbuat azad olsun. Belə olan halda QHT sektorunda inkişaf olacaq, yatırımlar olacaq, Türkiyə daha da inkişaf edəcək. Ərdoğan 2002-ci ildə hakimiyyətə gələndə hər şey yaxşı idi, iqtisadiyyata yatırım artırdı, ölkənin borcları azalırdı, ölkədə sahibkarlıq daha çox inkişaf edirdi, ölkə demokratikləşirdi. Hər şey 2008-2009-dan sonra dəyişdi. Məsələyə biraz qlobal yanaşmaq lazımdır. Qərb dövlətləri tərəfindən Türkiyəyə heç bir təzyiq yoxdur, Türkiyənin öhdəlikləri var  onu yerinə yetirməlidir. 2009-cu ildən sonra Türkiyədə bütün layihələr puça gedir. Bu,  Ərdoğanın siyasətidir, əvvəl yaxşı idi sonra pisləşdi”.

 

Haqqın.az saytının əməkdaşı Zaur Rəsulzadə:

 

“1923-cü ildən sonra Türkiyə ilk dəfədir ki, belə böyük konstitusiya dəyişikliyinə gedir. Atatürkün qoyduğu rejim dəyişmək üzrə gedir. Atatürk “hakimiyyət millətindir” ifadələrini istifadə edib, bunu yerinə yetirən qurum isə parlamentdir. Əgər referendum qəbul olunarsa Türkiyədə prezident birbaşa söz sahibi olacaq. Hazırkı dövrdə referendumdan “hə” çıxması Türkiyə üçün lazımlıdır, Türkiyə çox qeyri-stabil regiondadır. Türkiyənin qonşuları Suriya, İran, İranda Amerika əməliyyatlar keçirir, yeni kürd dövlətinin yaranması gündəmə gəlib və buna görə də Türkiyədə bir əldən idarə etmə sistemi yaradılmalıdır. Əsas odur ki, prezident Atatürkün qoyduğu rejimdən qırağa çıxmasın”.

 

Strateq.az saytının redaktoru Xaqani Səfəroğlu:

 

“Referendum Türkiyə dövlətinin daxili məsələsidir. Qardaş ölkənin vətəndaşları səs verməklə öz münasibətlərini ortaya qoyacaqlar. Nəticəsindən asılı olmayaraq biz bu prosesin Türkiyəyə siyasi sabitlik gətirməsini arzulayırıq. Bu gün dünyada mövcud olan gərginlik dövlətlərin çoxunu çətin vəziyyətdə qoyub. Klassik beynəlxalq siyasət prinsipləri haradasa arxa plana keçib. Türkiyə isə həddən artıq ağır coğrafi məkanda yerləşir. Azərbaycan bir sıra geopolitik prioritetlərini qardaş ölkə vasitəsi ilə yaxud onunla birgə müəyyənləşdirir. Odur ki, Türkiyənin daxili siyasi həyatında harmoniya və sabitlik bizim üçün arzuolunandır.

 

Bütün hallarda prosesləri və seçkinin taleyini türk seçicisinin iradəsi həll edəcək. Bizə isə yalnız prosesləri kənardan izləmək və türk seçicisinin iradəsinə hörmətlə yanaşmaq  qalır”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Zahid Səfəroğlu:

 

“Əksər siyasi təhlilçilərə görə də prezidentli üsul-idarəçilik mövcud regional və beynəlxalq şərtlər, bölgədə gedən mürəkkəb və təhlükəli proseslər fonunda qardaş ölkə üçün daha məqbuldur. Ona görə ki, indikindən xeyli mükəmməl və çevik idarəçilik forması vəd edir. Belədirsə, niyə də ən yaxşısına, daha güvənlisinə doğru gedilməsin, can atılmasın?

 

Yəni bu, qətiyyən konkret bir şəxsin - hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyət hərisliyindən deyil, sürətlə dəyişən dünyamızda dövlətçiliyi daha effektli və proqnozayatımlı eləmək amacından doğan addımdır. Başqa sözlə, konstitusiyaya dəyişiklik zərurəti korporativ maraqların fövqündə duran reforma olmaqla, sırf irəliyə hesablanıb.

Ərdoğan, AKP iqtidarı bu gün var, sabah yoxdur. Fəqət, Türkiyə dövləti var, olacaq, yaşayacaq. O üzdən çox önəmlidir ki, bu dövlət növbəti iqtidarlara və nəsillərə indikindən güclü, indikindən modern bir idarəçilik sistemi və təcrübəsi saxlasın

16 aprel referendumunun əhəmiyyətini Türkiyənin güclənməsini istəməyən, Türkiyəni sevməyən bəzi xarici çevrələrin reaksiyasından da asanca görmək olar. Ərdoğana antipatiya ilə məharətlə pərdələnmiş bu əndişənin arxasında əslində məkrli bir anti-Türkiyə hədəfi dayanır”.

 

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal:

 

"Qardaş Türkiyədə Cumhurbaşqanlığı (Prezident üsuli-idarəsi) sisteminə keçidlə bağlı keçiriləcək referendum 2012-ci ildən başlanan və hər seçkidə bir qədər də üstünlük qazanan siyasi kursun məntiqi davamıdır. Referendumda sandıqdan “evet" çıxacağı şübhəsizdir. Bu yalnız ona görə deyil ki, prezident Rəcəb Tayyib Ərdoğan bu dəyişikliyi dəstəkləyir və cəmiyyətdə onun tərəfdarları çox olduğu üçün dəyişikliklər qəbul olunacaq. Əlbəttə, bu başlıca faktordur.

 

Bunlardan biri Milliyətçi Hərəkat Partiyası, onun lideri Dövlət Bağçalının mövqeyidir. MHP lideri partiyanın heç də bütün qatlarında həzm olunmayan bir mövqe ortaya qoyaraq gözlənilən dəyişikliklərə dəstək verdi. Bu da Türkiyə siyasi sisteminin aparıcı ünsürlərindən biri olan milliyətçi cameənin "evet" səsinin yanında yer almasına səbəb oldu.

 

Toplumda ölkənin gələcəyini düşünən bir kəsim də var ki, onlar da ürəkdən olmasa belə dəyişiklikləri dəstəkləmək məcburiyyətindədirlər. Çünki, bilirlər ki, hazırkı hakim iradənin əksinə "sandıq"dan sürpriz bir nəticə çıxsa, bu ölkədə ciddi təlatümlərə səbəb ola bilər. O üzdən, onlar da "evet" deyənlər sırasında olacaqlar. Bunları nəzərə alaraq referendumda dəyişikliklərə böyük səsçoxluğu ilə "evet" deyiləcəyi şübhə doğurmur".

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir