Modern.az

Bəzi bəstəkarlar xalq mahnılarını öz adlarına çıxırlar - İTTİHAM

Bəzi bəstəkarlar xalq mahnılarını öz adlarına çıxırlar - İTTİHAM

17 Aprel 2017, 09:45

Xalq mahnıları bir xalqın düşüncə tərzini, milli yaddaş sistemini, mədəni tarixini özündə ən yaxı əks etdirən nümunələrdir. Təəssüflər olsun ki, sovet dövründə məqsədli şəkildə bəzi xalq mahnılarımız tariximizin və milli özünüdərkimizin saxtalaşdırılması üçün təhriflərə məruz qaldı. Bəzən, xalq mahnılarının mətnlərindən bəndləri, bəzən isə, sözləri, ifadələri çıxarmaqla onları şikəst etdilər.

Bu, başqa söhbətin mövzusudur. İkinci problem isə sanki get-gedə xalq mahnılarının tükəndiyinin hiss olunmasıdır. Təsəvvür edin, ötən əsrin 1940-cı illərində oxunan xalq mahnıları  1960-cı illərdə də, 1980-90-cı illərdə də ifa edildi. Xalq mahnılarından danışarkən başda “Sarı gəlin” olmaqla çox az sayda nəğmələr xatırlanır. Amma Azərbaycan xalqının yüzlərlə bu cür bəstələri olub.

Burada iki detal var: ya həqiqətən, qədimdən bəri bizə məlum olan xalq mahnılarımızla hər şey bitir, ya da bizim yeni tapılan, tədqiq edilən nümunələrdən xəbərimiz yoxdu.

AMEA-nın Folklor İnstitutunun  musiqi folkloru  şöbəsinin  rəhbəri, araşdırmaçı-alim Nailə Rəhimbəyli Modern.az saytına açıqlamasında bu əsnada ciddi iş görüldüyünü və yeni tədqiq edilən xalq mahnılarının mətnlərindən ibarət kitab buraxdıqlarını bildirib. Amma bəzi problemər yenə də qalmaqdadır:


“Xalq mahnıları xalqın tükənməz xəzinəsidir. Onlar haqqında “daha yaranmır”, “son dövrlərdə ortaya çıxmır”, “sayları məhduddur” kimi ifadələri işlətmək doğru olmaz. Xalqın yaradıcı potensialı hər zaman ona yeni mahnılar yaratmağa imkan verib. Xalq yaradıcılığı deyərkən, kütlənin hamısı bir yerə toplaşaraq mahnı, yaxud, başqa nümunə yaratmır ki! Xalq mahnıları- sadəcə, o xalqın, kütlənin içindən olan naməlum birinin yaratdığı mahnılardı ki, kağıza, nota deyil, insanların yaddaşlarına köçüb və bugünkü dövrümüzə qədər gəlib çıxıb. Cabbar Qaryağdıoğlunun 400-ə qədər bəstəsi var ki, uzun illər xalq mahnıları kimi təqdim olunub və bu gün də onların böyük əksəriyyəti müəllifinin deyil, xalqın malı hesab edilir. Çünki vaxtında nota köçürülməyib. Həmçinin, Xan Şuşinski, Seyyid Şuşinksi, Səid Rüstəmovun o qədər nəğmələri var ki, onlar da uzun müddət xalq mahnısı kimi qəbul edilib və bugün də folklor nümunəsi kimi bilinir.

Bizim şöbənin əməkdaşı, məşhur tarzən Malik Mikayıloğlu istər şimallı, istər cənublu Azərbaycanı el-el gəzərək, şifahi xalq mahnılarımızı nota alır. Həmçinin, ölkə xaricinə səfərlər edir. Orada bizə,  türk musiqisinə aid olan ladları müəyyənləşdirir, mənşəyini araşdıraraq nota alır. Elə onun tədqiqatları əsasında bizim şöbə 100 yeni xalq mahnısından ibarət kitab hazırladı”. 

N.Rəhimbəyova həmçinin, xal mahnılarının zamana, dövrə aid olmadığını, sadəcə, araşdırılıb-araşdırılmayan, nota alınıb-alınmayan xalq mahnılarının olduğunu qeyd edir. Məsələn, deyə ki, bu gün elə xalq mahnımız var ki, o, Azərbaycanın daha qədim dövrünə aiddir. Daha qədimdə yaşayan ata-babalarımızın hiss, həyəcan və düşüncələrini özündə əs etdirib. Lakin o mahnı bu gün nota köçürülməyib. Nə zamansa, öz “doğuluşu”nu gözləyir:  

“1930-cu illərdə böyük bəstəkarımızın Üzeyir bəy Dövlət Konservatoriyasının nəzdində Elmi Tədqiqat Kabineti yaradır. Kabinetə rəhbərlik mərhum sənətkarımız Bülbülə həvalə olunur. O, da dövrünün tanınmış bəstəkar, müğənni, xanəndələrini öz ətrafına yığaraq, xalq yaradıcılığı nümunələrinin toplanması ilə məşğul olur. Üzeyir bəy yenə də bu işlərə nəzarət edir. Hər xanəndə ayrı-ayrı bölgələrə yollanaraq, xalq mahnı yaradıcılığımızı toplayırlar. Bu gün də həmin Elmi Tədqiqat Kabineti Bakı Musiqi Akademiyasının nəzdində qalmadadır, onların topladığı nümunələr də orada saxlanılır. Azərbaycanda peşəkar bəstəkarlıq məktəbi sonradan daha da inkişaf edir və Tofiq Quliyev, Səid Rüstəmov, Qəmbər Hüseynli kimi bəstəkarlarımız həmin mahnıları nota alırlar. İndi bizə tanış olan xalq mahnılarının böyük əksəriyyəti həmin kabinetin 1930-cu illərdə topladığıdır. Sonradan hansısa səbəbdən bu toplanma işləri dayandırıldı. Uzun müddətdən sonra bu işə yenidən başlanıldı. 2002-ci ildə AMEA-nın nəzdində Folklor İnstitutu, 2005-ci ildə isə oranın Musiqi folkloru şöbəsi yaradıldı.

Bizim şöbənin əməkdaşları Azərbaycanı bölgə-bölgə gəzərək, oralara məxsus xalq mahnılarını toplayırlar. İnstitutunun silsilə kitabları çıxır: “Qarabağ folkloru”, “Dərələyəz folkloru”, “Masallı folkloru”, “Şəki folkloru” və s. O kitabların hamısında “Xalq mahnıları” adlı xüsusi bölmə var. Demək, hər bölgəyə aid folklor sərvətindən biri də xalq mahnılarıdır. Bir dəfə Masallıda oldum. Orada qoca bir nənə- yaşı 100-dən keçmişdi- bayatı oxuyurdu. Demək, bu, zamanla deyil, xalqla bağlıdır. Xalq mahnılarımız bu gün tədqiq olunmasa, araşdırılmasa, əməkdaşlarımız əlinə diktafon alaraq bölgə-bölgə, kəndbəkənd gəzib ezam olunmasa, bizim yeni xalq mahnı nümunələrindən xəbərimiz olmaz. Nəticədə də “xalq mahnılarımız tükənib” ifadəsini işlədərik. Amma belə deyil. Xalq mahnı yaradıcılıq nümunələri biz tərəfdən toplanır  və nota alınır”.

Xalq artisti, tarzən, professor Ramiz Quliyevun isə mövzuya münasibəti nisbətən fərqlidir. O, qabaqlar AZərbaycan xalq mahnılarının uzun müddət bəstəkarlarımız və başqa ölkələrin musiqisi üçün mayak olduğunu bildirir. Lakin sonradan müəyyən boşluq  yarandı ki, o daha çox xalq mahnı yaradıcılığımıza zərbə vurdu:

“Bu işlə ilk dəfə ciddi şəkildə Üzeyir bəy məşğul olub. O, tələbələrini ətrafına yığaraq,  bir növ səfərbərlik elan edib. Qəmbər Hüseynlini bir bölgəyə, Bülbülü bir yerə yollayıb ki, oradakı xalq nümunələrini toplasınlar. Üzeyir bəy və tələbələrinin bu işdə çox böyük zəhməti olub. Xalq mahnılarının mətnlərini toplayıb, özlərini  Elmi Tədqiqat Kabinetində nota alıblar. Sonradan bu işlərdə durğunluq yarandı. Yad ünsürlər, xain erməniciklər də bundan sonra fəaliyyətə başladılar. Bəzi, xalq mahnılarmızı öz adlarına çıxmaq istədilər. Amma bu onlarda çox getmədi. Çünki xalq mahnılarmız bizim özümüzə məxsus ladlar, boğazlar üzərində oxunurdu. Ovqat bizim ovqat, ritm bizim ritm idi. Ona görə də nə ermənilər, nə də xalq mahnılarımızı özününküləşdirmək istəyən başqa xalqlar nəyəsə nail ola bilmədilər”.

Ramiz Quliyev xal mahnı nümunələrinin son dövrlərdəki qıtlığına səbəb kimi aşağıdakı faktları göstərir:
  

“Vaxtilə Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski kimi sənətkarlarımızın ilk dəfə olaraq Qarabağ toylarında oxuduğu nəğmələr bu gün xalq mahnıları kimi tanınır. Bu silsilədən olan nümunələr çoxdu. Çoxlarından da xəbərsizik. Məsələn, “Qarabağın maralı” adlı mahnını İsgəndər adlı  bir xalq sənətçisi bəstələyib və oxuyub. Amma biz bu gün o nəğmənin adını dəyişib “Azərbaycan maralı” etmişik və xalq mahnısı kimi tanıyırıq. Hər bölgənin nümunəsini onun adı ilə təqdim etmək lazımdır.  Onu da deməliyəm  problemin başqa kökü də  bəzi bəstəkarlarımızın xalq mahnılarımızı öz adlarına çıxarmasıdır. Bəzən, bir bəstəkar deyir ki, mənim 80 bəstəm var ki, bu gün xalq mahnısı kimi oxunur. Bu rəqəm 1 olar, 2 olar, daha 80 olmaz ki. Bir neçə il bundan əvvəl tarzən Bəhram Nəsibovun xal mahnısı kimi tanınan bəstəsinin ona aid olduğu aydınlaşdı. Bu gün həmin “80 bəstəm xalq mahnısı kimi” bilinir deyənlərə deyirəm ki, eybi yox, 60-nı saxla, yerdə qalan 20 mahnının sənə aid olduğunu əsaslandır. Mən o bəstəkarlarım adlarını da bilirəm. Sadəcə, ad çəkmək istəmirəm. Xalqın malına əl uzatmaq olmaz. Bu gün Bakı Musiqi Akademiyasındakı Elmi Tədqiqat Kabinetində, arxivlərdə və s.yerlərdə bizə məlum olmayan elə xal mahnılarımız var ki, əsl musiqi möcüzələridir. Onlara sahib çıxmaq lazımdır”.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir